Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci
il tarixli, 2112 nömrəli Sərəncamı ilə Azərbaycan
Respublikasında 2012-ci il "İdman ili" elan edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel
2012-ci il tarixli 651 nömrəli əmri ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili"
elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər
Planı"nın 3-cü bəndinin icrasını təmin etmək, "İdman
ili"ndə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin
məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini
qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və
onları rəğbətləndirmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2012-ci təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər
idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər
arasında aşağıdakı nominasiyalar üzrə respublika
müsabiqəsi keçirilsin:
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları
uşaq-gənclər idman məktəbi;
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları
uşaq-gənclər şahmat məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman
məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat
məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman
məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat
məktəbi;
- oğlanlar arasında ilin ən yaxşı idmançısı;
- qızlar arasında ilin ən yaxşı idmançısı;
- oğlanlar arasında ilin ən yaxşı şahmatçısı;
- qızlar arasında ilin ən yaxşı şahmatçısı;
- idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;
- şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.
2. Respublika müsabiqəsinin "İlin ən yaxşı uşaq-gənclər
idman məktəbi", "İlin ən yaxşı məşqçi-müəllimi" və "İlin
ən yaxşı idmançısı" nominasiyaları üzrə məlumat
formaları və həmin nominasiyalar üzrə qiymətləndirmə
cədvəli təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil
şöbələri (idarələri), Təhsil Nazirliyinin birbaşa
tabeliyində olan uşaq-gənclər idman və şahmat məktəbləri
bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə
bağlı müvafiq tədbirlər görsünlər, respublika
müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və
məktəblər haqqında məlumatların 5 dekabr 2012-ci il
tarixinədək nazirliyin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinə çatdırılmasını təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
(A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkil
edilməsi üçün müvafiq tədbirlərin görülməsini və yerli
təhsil orqanlarına köməklik göstərilməsini təmin etsin.
5. Müsabiqənin respublika mərhələsinə 2012-ci ilin
dekabr ayında yekun vurulsun.
6. Ümumi şöbə (X.Fərəcov) bu əmrin əlavələrlə birlikdə
çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri
"Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
19 noyabr 2012-ci il |