Fərid Səlimov 1995-ci ildə Bakı şəhərində dünyaya göz
açıb. 2002-ci ildə paytaxtdakı 176 nömrəli tam orta
məktəbin birinci sinfinə qəbul edilib. Hazırda isə həmin
məktəbin XI sinfində oxuyur. Fəridin idmana olan sonsuz
marağı 2007-ci ildə onu Kapoeyra Federasiyasının birinci
vitse-prezidenti Elmar Bayramovun yanına gətirib
çıxarıb. Elmar müəllim onun idman qabiliyyətini
yoxladıqdan sonra məşqlərə gəlməyə icazə verib. Fərid
2-3 ay məşq etdikdən sonra federasiyada keçirilən
seminarda kapoeyra idman növünü yaxşı mənimsədiyi və
fərqləndiyi üçün ona sertifikat təqdim olunub. Beləliklə
də o, Azərbaycan Kapoeyra Federasiyasında məşqçi
müəllimi E.Bayramovun rəhbərliyi altında məşqlərini
davam etdirib.
Kapoeyra idman növü necə yaranıb
Fəridlə
tanışlıq zamanı ondan Azərbaycanda nisbətən az tanınan
bu idman növü, onun yaranma tarixi barədə qısa bir
məlumat verməsini xahiş etdik.
1932-ci ildə rəsmi Kapoeyra Məktəbi yaradılır. 1937-ci
ildə isə kapoeyra Braziliya Milli Konfederasiyası
tərəfindən rəsmi bir döyüş növü kimi tanınır. Bundan
sonra kapoeyranın nümunəvi döyüş növü olan idman
kapoeyrası yaranır.
Kapoeyraya kinq-fu, uşu, boks, cüdo, muay-tay, hətta
akrobatika və gimnastikanın əsas elementləri daxildir.
Kapoeyra çoxşaxəli və sonsuz bir idman növüdür.
Ölkəmizə isə kapoeyra idman növü Azərbaycan Kapoeyra
Federasiyasının prezidenti, Dünya Kapoeyra İdman
Federasiyasının üzvü Taleh Orucov tərəfindən gətirilib.
O, ilk dəfə məşqlərə Lənkəran şəhərində başlayıb.
Azərbaycan Kapoeyra Federasiyası isə 2007-ci il dekabrın
24-də yaradılıb.
Bu oyunun əsas qaydaları
Kapoeyra oyununun qaydaları barədə söhbət açan Fərid
bildirdi ki, burada əsasən ritm nəzərə alınır. Adi idman
zalında oyuna başlamaq üçün idmançılar əvvəlcə bədənin
döyüşə hazırlanması məqsədilə müxtəlif idman hərəkətləri
edirlər. Sonra yarışacaq komanda üzvləri dairəvi şəkildə
meydanda düzülürlər. Döyüşəcək iki nəfər ortaya girir.
Ətrafdakı döyüşçülər berimbau və atabake alətləri ilə
səsləndirilən musiqi ritmi altında əl çalır və döyüş
başlanır. Döyüş vaxtı iki dəqiqə yarım olur. Bu müddət
ərzində əl və ayaq hərəkətləri ilə rəqibə zərbə vurmaqla
çox xal toplayan döyüşçü başqa qalib döyüşçü ilə
yarışır. Oyunun finalına 4 döyüşçü çıxır. Həmin
döyüşçülər finalda iki-iki döyüşürlər. Sonda qalib
gələn, çox xal toplayan birinci yerə çıxır. Qızıl
medala, diploma layiq görülür.
Kapoeyra üzrə çempionatlar həvəskar və peşəkarlar
arasında keçirilir. Həvəskar yarışlarda birinci yeri
tutan idmançılar peşəkar yarışlara qatılırlar.
Peşəkarların turnirində birinci yeri tutanlar dünya, 2
və 3-cü yeri tutan idmançılar isə Avropa çempionatlarına
vəsiqə qazanırlar.
"Qızıl medal, kubok, diplom və hədiyyələr..."
Kapoeyra idman yarışlarında belə bir qayda da var ki,
əgər sən Azərbaycan çempionu olmusansa, dünya
çempionatında iştirak edə bilərsən. Elə buna görə də mən
2010-cu il avqustun 19-21-də Braziliyanın Rio-de-Janeyro
şəhərində təşkil olunan kapoeyra festivalı və dünya
çempionatında iştirak etdim. Komandamız bu yarışda 5
idmançı ilə iştirak edirdi. Bu VI Dünya çempionatında
mən II yeri tutaraq gümüş medal qazandım.
2011-ci il mayın 15-də isə Fransanın Paris şəhərində
keçirilən kapoeyraçıların Avropa çempionatında I yeri
tutdum. Qızıl medal, kubok, diplom və hədiyyələrə layiq
görüldüm.
Onu da deyim ki, Avropa çempionu olandan sonra elə həmin
yarışda komandalar arasında keçirilən döyüşlərdə iştirak
edərək qalib gəldiyimə görə də əlavə bir kubok qazandım.
Qazanılan
hər qələbə çəkilən zəhmətin bəhrəsidir
Fərid bu idman növünə üzv yazılanda indiki Azərbaycan
Kapoeyra Federasiyası o zaman Kontakt Kapoeyra İdman
Klubu adlanırdı. O, burada 6 ay yorulmadan məşqlər edir.
Qaydaya görə kəmər imtahanı verir. 2007-ci il oktyabrın
21-də Bakıda keçirilən "Sarı kəmər" adlanan imtahanı
uğurla verdiyinə görə ona şəhadətnamə verilib. 2008-ci
ilin mayında Lənkəran şəhərində keçirilən Azərbaycan
Kapoeyra Federasiyasının Azərbaycan kuboku turnirində
"Kamara" komandasının üzvü olan Fərid Səlimov I yeri
tutaraq diploma layiq görülüb. Turnirin gümüş medalına
isə 32,6 xalla, onun daha fəal iştirak etdiyi "Kamara"
yiyələnib. Eyni zamanda 2008-ci ilin mart və oktyabr
aylarında keçirilən kəmər imtahanlarını uğurla verib,
yeni şəhadətnamələr qazanıb. Həmçinin 2009-cu ilin
dekabrında keçirilən kəmər imtahanında ən yüksək
kapoeyra texnikası nümayiş etdirdiyinə görə diploma
layiq görülüb. Elə həmin ilin iyununda Azərbaycan
Kapoeyra Federasiyasının Gəncədə keçirilən seminar və
böyük hoda iştirak etdiyinə görə ona sertifikat verilib.
2010 və 2011-ci illərdə paytaxtda keçirilən Bakı
çempionatında 15 və 16 yaş qrupları üzrə aparılan
kapoeyra yarışlarında I yerə layiq görülüb.
Daha sonra Fərid əvvəlcə Azərbaycan çempionatında
həvəskar qruplar arasında I yeri tutaraq Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin diplomu ilə
təltif olunub. 2011-ci ildə isə respublika çempionatında
peşəkar kapoeyraçılar arasında birinci yerə çıxaraq yenə
də Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələrinə
layiq görülüb.
Göründüyü kimi, Fərid Səlimovun qazandığı hər bir qələbə
onun gecəli-gündüzlü çəkdiyi zəhmətin bəhrəsidir. Bu
zəhmətsevərlik, əməksevərlik isə onu daha uca zirvələrə
gedən ağ yolun yolçusuna çevirdi...
Kapoeyraçıların Dünya çempionatı Bakıda keçiriləcək
Fəridlə söhbət zamanı onu da öyrəndik ki, 2013-cü ilin
yaz aylarında kapoeyraçıların Dünya çempionatı Bakı
şəhərində keçiriləcək. İndi o, bu yarışlara çox ciddi
hazırlaşır.
Biz də inanırıq ki, bu dünya çempionatında başqa
idmançılarımızla bərabər Fərid Səlimov da öz qələbələri
ilə bizləri sevindirəcək, ölkəmizdə kapoeyra idman
növünün inkişafına öz töhfələrini verəcəkdir. |