1998-ci
ildə Bakıda anadan olan Əli Məlikov 2007-ci ildə
R.Behbudov adına 2 nömrəli musiqi məktəbinin tar
ixtisası üzrə I sinfinə qəbul olunub. İlk günlərdən
çalışqanlığı və istedadı ilə seçilib. Çox keçməyib
ki, məktəb, rayon, ümumşəhər tədbirlərində çıxış edib.
Müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında, R.Behbudov adına Mahnı teatrında,
Kirxa konsert zalında solo çıxışları maraqla
qarşılanıb. 2009-cu ildə məktəbin Azərbaycan Dövlət
Filarmoniyasında keçirdiyi konsertdə də Əli əsl
bacarıq və istedad nümayiş etdirib. 2010-cu ilin
mayında M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Azərbaycan Respublikasının xalq
artisti Teymur Göyçayevin rəhbərliyi ilə keçirilən
ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan
konsertdə III sinif şagirdi Əli Məlikov Y.Bramsın
"Macar rəqsi" əsərini məharətlə ifa edib. Xalq çalğı
alətləri üzrə II respublika müsabiqəsi qaliblərinin
yekun konsertində o, uğurla çıxış edərək I dərəcəli
diploma layiq görülüb. 2012-ci ilin aprelində
Beynəlxalq Muğam Mərkəzində xalq artisti Bülbülün 115
illik yubileyinə həsr olunan festivalın yekun
konsertində uğurla çıxış edən Əli diplom və medal
qazanaraq müəllimlərinə, valideynlərinə böyük sevinc
bəxş edib. Qeyd edək ki, Əli Məlikov hazırda Dövlət
Xalq Çalğı Alətləri Orkestrinin üzvüdür. O, Bakıdakı 7
nömrəli tam orta məktəbin və R.Behbudov adına 2
nömrəli Onbirillik Musiqi Məktəbinin VIII sinif
şagirdidir.
Sevindirici haldır ki, Azərbaycan Respublikası
Prezidentinin 24 sentyabr 2012-ci il tarixli fərmanı
ilə Əli Məlikovun adı Azərbaycanın gənc istedadlarının
"Qızıl kitabı"na yazılmaqla o, Azərbaycan Respublikası
Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Bu münasibətlə biz də yeniyetmə tarzəni ürəkdən təbrik
edir, milli musiqimizin gələcəkdə inkişafına töhfələr
verəcəyinə əminliyimizi ifadə edirik.
Sifai SƏFƏROVA |