Bakıdakı
Famil İsgəndərov adına 157 nömrəli tam orta
məktəbin pedaqoji kollektivi üçün ötən tədris ili
uğurlu olub. Belə ki, təhsil müəssisəsi 2011-2012-ci
tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qaliblərindən biri oldu. Müəllim və
şagird kollektivi bu yüksək mükafata və təhsilə
göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına
minnətdarlığını bildirir.
Direktor Gülayə Səttarova qeyd etdi ki, dərs ili
ərzində məktəbdə bütün fənlər üzrə təhsilin
keyfiyyətinin yaxşılaşdırılması məqsədilə cədvəl üzrə
"açıq dərs"lər təşkil olunub, "dəyirmi masa"lar
keçirilib. Məktəbin pedaqoji kollektivi təhsillə bağlı
yerli və beynəlxalq səviyyəli layihələrdə, habelə
inkişafyönümlü innovativ təhsil proqramlarında fəal
iştirak edir. Çoxsaylı uğurlara imza atan
müəllimlərimizin zəhməti bəhrəsiz qalmır. Məktəbin
istedadlı şagirdləri tədris ili boyunca əldə etdikləri
nailiyyətləri ilə bunu təsdiqləyirlər. Ötən tədris
ilində məktəbi bitirən məzunların böyük əksəriyyəti
yüksək balla respublikanın, eləcə də xarici ölkələrin
ali məktəblərinə qəbul olub.
Məktəbin şagirdləri yalnız qəbul göstəriciləri ilə
deyil, həm də müxtəlif müsabiqə və yarışlarda, fənn
olimpiadalarında qazandıqları uğurlarla da seçilirlər.
Təhsil ocağında istedadlı şagird və müəllimlərin əməyi
isə stimullaşdırılır. Sinifdənxaric və məktəbdənkənar, o
cümlədən müxtəlif tədbirlərin təşkilində valideynlərin
iştirakı təmin edilir.
Burada İKT-nin tətbiqi diqqətdə saxlanılır. İstər
informatika, istərsə də ayrı-ayrı fənlərin tədrisində
müəllimlər İKT-dən bacarıqla istifadə etməklə
dərslərini kurikulumun tələbləri səviyyəsində
keçirlər.
Direktor onu da əlavə etdi ki, hazırda qazanılan
nailiyyətlərə baxmayaraq 157 nömrəli tam orta məktəbin
pedaqoji kollektivi işə böyük həvəslə yanaşır və
yüksək tədris keyfiyyətinə nail olmaq üçün beynəlxalq
və ölkədaxili layihələr üzrə gördüyü işləri daha da
genişləndirir.
Şakir CƏFƏROV |