"Elm və təhsil" nəşriyyatı tanınmış
tədqiqatçı-jurnalist Məhəmməd Baharlının "Seçilmiş
əsərləri"ni çapdan buraxıb. Nəfis tərtibatla, yüksək
poliqrafik icra keyfiyyəti ilə çap olunmuş
dördcildlikdə müəllifin çoxşaxəli və zəngin
yaradıcılığının ən dəyərli nümunələri yer alıb.
Uzun
müddət ayrı-ayrı mətbuat orqanlarında müxbirlikdən baş
redaktorluğadək ən müxtəlif vəzifələrdə işləmiş,
qələmini jurnalistikanın bütün janrlarında,
publisistikada, elmi-pedaqoji və bədii yaradıcılıqda
eyni məharətlə işlətmiş Məhəmməd Baharlı istedadı, həyat
duyumu, fəaliyyəti, zəngin dünyagörüşü, dərin
erudisiyası, gözütoxluğu, sənətinə sevgisi və sadiqliyi
ilə örnək olası jurnalistlərdəndir. Eyni zamanda
Məhəmməd Baharlı çox məhsuldar mətbuat işçisidir. Onun
indiyədək 4 mindən çox yazısı onlarca mətbuat orqanında
işıq üzü görüb.
45 illik yaradıcılıq dövrünün məhsulları olan həmin
yazıların böyük əksəriyyəti yazıldığı vaxtdan asılı
olmayaraq, toxunduqları problemə və jurnalist-yazıçı
sənətkarlığına görə indi də öz aktuallığını saxlayır. Bu
baxımdan həmkarımızın qələm məhsullarının hər biri
"Seçilmiş əsərləri"nə düşməyə layiqdir. Lakin Məhəmməd
müəllim seçim edərkən yaradıcılığının hər istiqamətini
bir cilddə verməyi nəzərdə tutduğundan zəngin
yaradıcılıq nümunələri içərisindən bu gün üçün ən
dəyərli hesab etdiklərini seçib "Seçilmiş əsərləri"nə
daxil etmişdir.
Müəllif tərtibat üçün də orijinal forma seçmiş,
dördcildliyin hər birinə içərisindəki yazıların aid
olduğu sahəyə uyğun ad vermişdir. Bu baxımdan "Seçilmiş
əsərləri"nin "Publisistika" adlandırılmış I cildinə
M.Baharlının yaradıcılığının bu əsas istiqamətinə dair
əsərləri - axtarışları və tapıntıları, görüşləri və
xatirələri, tarix, ədəbiyyat, cəmiyyət, təhsil və digər
taleyüklü milli məsələlər barədə mülahizələri yer
almışdır.
Buradakı "axtarışlardan sensasiyalaradək" ən müxtəlif
səpgili yazıları elmi, tarixi, pedaqoji
publisistikamızın gözəl nümunələri hesab etmək olar. Bu
baxımdan cildin ön səhifələrində yer almış "Azərbaycan
tarixi - Baharlılar" tədqiqat əsərini xüsusi qeyd etmək
istərdik. Məhəmməd Baharlı özünün də mənsub olduğu
Baharlılar tayfası haqqında 30 il ərzində apardığı
araşdırmalar nəticəsində maraqlı bir tədqiqat əsəri
ortaya qoymuşdur.
Müəllifin bu cildə daxil etdiyi digər bir tədqiqat əsəri
"155 yaşlı ilk əlifba dərsliyimiz - "Əlifbeyi-cəhdid"
məqaləsi də vaxtilə pedaqoji mətbuatda dərc olunarkən
əsl sensasiya yaratmışdı. Cilddə yer almış "Mirzə Fətəli
Axundovun kötücəsi ilə söhbət", "Xalq şairi Süleyman
Rüstəmlə qeyri-adi söhbət", "Bəxtiyar Vahabzadə məni
niyə axtarırdı", "Sərhəd rayonunun uşaqları" və b.
yazılar da müasir publisistikamızın ən dəyərli
nümunələridir.
"Seçilmiş əsərləri"nin "Poeziya" adlanan ikinci cildində
1000-dən çox şeirin müəllifi olan Məhəmməd Baharlının
poetik nümunələri toplanmışdır. Lirik və ictimai mövzulu
şeirlər mövzu əlvanlığı, yüksək poetikası və səmimiliyi
ilə diqqəti çəkir. Lirik şerirlərində sevgi, saf
məhəbbət xüsusi şövqlə qələmə alınmışdır.
Güclü müşahidə qabiliyyətinə, dərin ümumiləşdirmə
bacarığına, yumor hissinə malik Məhəmməd Baharlının
yaradıcılığında yumorlar da böyük yer tutur. Əsasən ötən
əsrin 70-90-cı illərində qələmə alınmış bu bədii söz
nümunələri, eləcə də Məhəmməd müəllimin müxtəlif
vaxtlarda yazdığı povest və hekayələr, siyasi
felyetonlar hələ ötən yüzilliyin sonlarında müəllifini
kamil bir yazar kimi tanıtmışdır. Bu nümunələrdən
seçmələr "Seçilmiş əsərləri"nin üçüncü - "Proza"
cildində cəmlənmişdir. Yumorların tənqid hədəfləri
cəmiyyətdəki çatışmazlıqlardır. Yumorlar və hekayələrin
cəlbediciliyi, gözəlliyi ondadır ki, onlarda hadisələr
dialoqlar vasitəsilə təsvirlənir.
"Seçilmiş əsərləri"n "Pedaqogika" adlanan sonuncu - IV
cildi M.Baharlının elmi-pedaqoji yaradıcılığına həsr
olunub. Uzun illər pedaqoji mətbuatda çalışan M.Baharlı
pedaqoji işin də dərin bilicisi kimi tanınmış,
elmi-pedaqoji mövzuda, məktəb və pedaqogika tarixindən
bəhs edən çoxlu sayda məqalə və irihəcmli əsər qələmə
almışdır ki, onlardan da biri "Məktəbdə pedaqoji işə
rəhbərlik" əsəridir. Gənc nəslin təlim və tərbiyəsi
işinə rəhbərlik məsələlərindən bəhs edən bu kitab ilk
dəfə 1988-ci ildə "Maarif" nəşriyyatında, 1999-cu ildə
isə "Təhsil" nəşriyyatında çap olunmuşdur. Həmin kitabın
təkmilləşdirilmiş variantı bütövlükdə "Seçilmiş
əsərləri"nə daxil edilmişdir.
"Seçilmiş əsərləri" Məhəmməd Baharlının böyük uğuru,
çoxillik jurnalist-publisist, elmi-pedaqoji və bədii
yaradıcılığının gözəl bəhrəsidir. Bu münasibətlə
həmkarımızı ürəkdən təbrik edir, ona daha böyük
yaradıcılıq sevincləri arzulayırıq.
Yusif ƏLİYEV |