Dünyanın
hər tərəfində müəllimlər insan cəmiyyətinin ən fədakar
və möhtərəm üzvləridir. Müəllimlər sözün əsl mənasında
gənc nəsillərə, eləcə də cəmiyyətdə örnək sayılır. Belə
müəllimlərdən biri də Bakıdakı 207 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi Zemfira Məmmədovadır.
Milli Kurikulumu uğurla tətbiq edən Zemfira müəllim
məktəbdə müxtəlif mövzularda treninqlər keçirir. Bu
treninqlərdə sinif müəllimləri, valideynlər qarşısında
müxtəlif mövzularda çıxışlar edir, kurikulum əsasında
dərs nümunələri nümayiş etdirir. O, məktəbdə habelə
"İbtidai siniflərdə kurikulumların tətbiqi yolları"
mövzusunda seminar aparmışdır. Həmin seminarda fəal
iştirakına görə məktəb rəhbərliyi tərəfindən fəxri
fərmanla təltif olunmuşdur. Onun təşkilatçılığı ilə
məktəbdə keçirilən "Doğma Azərbaycan dilim", "Dünyanı
xilas edək", "Sülhə gəlin, ey insanlar" mövzularında
layihələr müəllim və şagirdlərin dərin marağına səbəb
olmuşdur. Zemfira Məmmədova "İbtidai siniflərdə
şagirdlərin asudə vaxtını necə təşkil etməli", "Uşaqlar
bizim gələcəyimizdir" kimi kitabların müəllifidir.
Hazırda ibtidai siniflərdə dərslərini fəal təlim
əsasında quran Z.Məmmədova müxtəlif metodlardan, o
cümlədən debatlardan, diskussiyalardan, qruplarla,
cütlərlə işlərdən, əqli hücum, klaster, Venn diaqramı,
BİBÖ, didaktik oyunlardan və digər yaradıcı işlərdən
geniş istifadə edir. İnteraktiv metodlar təlim
prosesində öyrənməni, bacarıq və keyfiyyətlərə
şagirdlərin yiyələnməsini asanlaşdırır, onlarda fəallıq
yaradır.
Zemfira müəllim şagirdlərinin vətənpərvərlik ruhunda
tərbiyə olunmasına xüsusi diqqət yetirir, bunun üçün
onlarla milli qəhrəmanlarımızın həyatına, keçdikləri
mübarizə, döyüş yoluna dair söhbətlər aparır,
sinifdənxaric maraqlı tədbirlər təşkil edir.
Miryasin SEYİDOV,
"Qızıl qələm" mükafatı laureatı |