Qaradağ
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki,
noyabrın 14-də Müşfiqabaq qəsəbəsində əsaslı təmirdən
sonra 67 nömrəli körpələr evi-uşaq bağçasının açılış
mərasimi olmuşdur.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov və Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov iştirak etmişlər.
Qeyd olunmuşdur ki, 1986-cı ildən fəaliyyət göstərən 67
nömrəli körpələr evi-uşaq bağçasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 4
may tarixli Sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na
əsasən yenidənqurma və əsaslı təmir işləri həyata
keçirilmişdir.
Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin,
Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks
etdirən fotostendlər yaradılmışdır.
Ümumi sahəsi 2.389 kvadratmetr olan 220 yerlik bağçada
körpələrin təlim-tərbiyəsi üçün hər cür şərait nəzərə
alınmışdır. Burada yeməkxana, həkim, musiqi və digər
otaqlar vardır. Bağçanın ətrafında geniş abadlıq işləri
görülmüş, uşaqların istirahəti üçün müxtəlif
attraksionlar quraşdırılmışdır. |