Noyabrın
8-də Azərbaycan Müəllimlər İnstitutunda Yeni Azərbaycan
Partiyasının 20 illiyinə həsr olunmuş "dəyirmi masa"
keçirildi. Tədbirdə institutun rəhbərliyi,
professor-müəllim heyəti, gənc fəallar iştirak etdilər.
"Dəyirmi masa"da YAP-ın AMİ təşkilatının sədri, ibtidai
və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri,
professor Mircəfər Həsənov YAP-ın yaranma tarixindən,
dövlətimiz üçün əhəmiyyətindən, xalq arasındakı
nüfuzundan danışdı. O bildirdi ki, 1992-ci ildə əsası
qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən
dövlətimizin rifahı üçün dayanmadan çalışmışdır.
Professor M.Həsənov partiya haqqında danışarkən
ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən,
dahi şəxsiyyət kimi nümunəvi keyfiyyətlərindən və bu
partiyaya verdiyi dəyərdən, eyni zamanda ulu öndərin
gəncliyə göstərdiyi qayğıdan danışdı. Ulu öndərin daxili
və xarici siyasətinin YAP-ın sədri, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini qeyd edən natiq çıxışının
sonunda institutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlının və öz adından bütün
professor-müəllim heyətini və tələbələri yubiley
münasibətilə təbrik etdi.
Sonra ibtidai və məktəbəqədər təhsilin metodikası
kafedrasının müəllimi Vaqif İsmayılov müstəqillik
dövründə Azərbaycan təhsilinin inkişafı ilə bağlı həyata
keçirilən layihələrdən bəhs etdi. Ölkəmizdə təhsil
sahəsində əldə edilmiş nailiyyətlərdən, dərsliklərin
hazırlanmasından danışdı.
Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının
müəllimi, dosent Əsabəli Quliyev Azərbaycan təhsilinin
bugünkü inkişafında ümummilli lider Heydər Əliyevin
xidmətlərindən söz açdı, öz fikirlərini tədbir
iştirakçıları ilə bölüşdü.
Tədbirdə iştirak edən digər müəllimlər də YAP-ın
ölkəmizin inkişafında mühüm əhəmiyyətindən bəhs edərək
partiya tərəfindən həyata keçirilən və müxtəlif
sferaları əhatə edən böyük layihələrin müsbət nəticələri
haqqında fikirlərini bildirdilər. Çıxış edənlər ulu
öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni
Azərbaycan Partiyasının ötən iyirmi il ərzində
müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində,
Azərbaycan cəmiyyətinin inkişafında müstəsna
xidmətlərinin olduğunu diqqətə çatdırdılar. Çıxışlarda
Azərbaycan Müəllimlər İnstitutunda rektor, professor
A.Naxçıvanlının rəhbərliyi ilə ali təhsil müəssisələri
içərisində oxşarı olmayan ən böyük xüsusi mərkəzin -
Heydər Əliyev Mərkəzinin yaradılması, mərkəzin
əməkdaşları tərəfindən ulu öndərin irsinin öyrənilməsi
və təbliği ilə əlaqədar aparılan işlərin əhəmiyyətindən
bəhs edildi.
AMİ-nin Tələbə Gənclər Təşkilatının sədri Nərmin Ərəbli
ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, ölkə
başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan
gəncliyinə verilən qiyməti xüsusi qeyd edərək onlar üçün
ölkəmizdə yaradılmış şəraitdən danışdı. O, həmçinin YAP
Nərimanov rayon təşkilatı tərəfindən keçirilən bütün
tədbirlərdə, liderlik məktəblərində institutun
tələbələrinin aktiv iştirak etdiklərini, müxtəlif
diplomlarla təltif olunduqlarını bildirdi. II kurs
tələbəsi Emil Paşayev çıxış edərək dövlət tərəfindən
gənclərə göstərilən qayğı, qəbul edilmiş proqramlar,
YAP-ın müasir gənclik üçün böyük önəm daşıması haqqında
fikirlərini çatdırdı.
Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr
təqdim olundu.
Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Gənclər
Təşkilatı |