Cari tədris ilindən Azərbaycan Texniki Universiteti
(AzTU) Respublika Müdafiə Sənayesi Nazirliyinin
müəssisələri üçün bir neçə ixtisas üzrə mütəxəssislər
hazırlamağa başlamışdır. Universitetdə yeni yaradılmış
xüsusi texnika və texnologiya fakültəsində bu il yüksək
bal toplamış 74 tələbə 5 ixtisas üzrə təhsil alır.
AzərTAc xəbər verir ki, noyabrın 13-də universitetdə
yeni fakültəyə qəbul olunmuş tələbələrlə görüş
keçirilmişdir. Tədbirdə universitetin professor-müəllim
heyəti ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin
müəssisələrinin məsul işçiləri də iştirak etmişlər.
AzTU-nun rektoru, professor Havar Məmmədov bildirmişdir
ki, yeni fakültə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərar və
göstərişlərinə əsasən fəaliyyətə başlamışdır. Bu,
Azərbaycan Prezidentinin milli ordunun daha da
gücləndirilməsinə qayğısının yeni təzahürüdür. Həmin
fakültədə tələbələr təhsil illərində "Silah və silah
vasitələrinin istehsal texnologiyası", "Optotexnika",
"Pirotexnika vasitələrinin texnologiyası", "Çoxkanallı
radiorele troposfer rabitəsinin yerüstü aparatlarının
hazırlanması, istismarı və təmiri", "Kompozisiya
materiallarından müdafiə təyinatlı məmulatların
layihələndirilməsi və istehsalı" ixtisasları ilə bağlı
biliklərin əsaslarına yiyələnəcəklər.
Tədris proqramı hazırlanarkən Rusiya Federasiyasının
müdafiə sənayesi üçün mühəndis kadrları hazırlayan
nüfuzlu universitetlərinin təcrübəsi öyrənilmiş və bu iş
indi də davam etdirilir. Fakültə müasir tədris
vasitələri ilə təmin edilmişdir. Universitetdə bu
ixtisaslar üzrə bakalavr pilləsində təhsil 4 il,
magistratura pilləsində isə 2 il müəyyən edilmişdir.
Gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi ölkəmizin
müdafiə sənayesi müəssisələrində işləyəcək gənclər
universitetdə aldıqları nəzəri bilikləri Azərbaycanın
müvafiq istehsal sahələrində təcrübi cəhətdən
möhkəmləndirəcəklər.
Görüşdə bildirilmişdir ki, Müdafiə Sənayesi Nazirliyinin
müəssisələri üçün yüksəkixtisaslı kadrlar hazırlamaq
üçün universitetdə hər cür şərait yaradılmışdır, təhsil
prosesi zəruri tədris materialları, proqram və
avadanlıqlar əsasında aparılır.
Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin
baş mühəndisi Feyruz Əsədov, "Üfüq" İstehsalat Birliyi
Radioquraşdırma Zavodu direktorunun müavini Anar Əzizov
çıxış edərək demişlər ki, universitetdə yeni ixtisaslar
üzrə hazırlanacaq mütəxəssislərə bu gün respublikamızda
böyük tələbat vardır.
Xüsusi texnika və texnologiya fakültəsinin I kurs
tələbəsi Əlikram Ağəliyev yeni ixtisaslar üzrə təhsil
alan tələbələr adından onlara göstərilən qayğıya və
universitetdə yaradılmış şəraitə görə razılığını
bildirmişdir. |