Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin əsəri
ABŞ-ın Massaçusets ştatının Boston şəhərində keçirilən
bəstəkarların ənənəvi 30-cu Beynəlxalq "ALEA III"
müsabiqəsinin finalında səsləndirilib. Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının məzunu olan Türkər
beynəlxalq müsabiqənin final konsertində amerikalı
musiqisevərlərə "Qurama" əsərini təqdim edib. ABŞ-ın
nüfuzlu universitetlərinin professorlarının və
mədəniyyət xadimlərinin daxil olduğu münsiflər heyəti
festivalda həmyerlimizin əsərini yüksək
qiymətləndirmişdir. Gənc bəstəkarın əsəri festival
iştirakçıları ilə yanaşı, amerikalı musiqisevərlərin də
böyük marağına səbəb olmuşdur.
Məlumat üçün bildirək ki, dünyanın mötəbər musiqi
yarışmalarından biri hesab olunan "ALEA III" 1980-ci
ildən keçirilir. Müsabiqənin keçirilməsinin başlıca
məqsədi dünya bəstəkarlarının yeni və müasir üslubda
musiqi yaradıcılığına dəstək verməkdir. Bu il keçirilən
bəstəkarların 30-cu Beynəlxalq "ALEA III" müsabiqəsində
iştirak etmək üçün 200-dən çox müraciətin daxil
olmasına baxmayaraq, yalnız 6 ölkə - ABŞ, Azərbaycan,
İspaniya, Yunanıstan, Meksika və Polşa bəstəkarları
finala vəsiqə qazanmışlar.
Final mərhələsində iştirak edən bəstəkarların əsərlərini
dünya şöhrətli dirijor Teodor Antonionun rəhbərlik
etdiyi ansambl səsləndirib.
Gənc bəstəkar Türkərin geniş ansaml üçün yazılmış və
Azərbaycan rəssamları Məzahir və Lalə Avşarlara həsr
olunan "Qurama" əsəri bir müddət bundan əvvəl ABŞ-ın
Ayova ştatının memorial zalında məşhur dirijor Bert van
Herkin rəhbərliyi ilə Ayova Universitetinin müasir
musiqi ansamblı tərəfindən də ifa olunmuşdur. Adıçəkilən
əsər, həmçinin çoxsaylı bəstəkarların işləri sırasından
xüsusi olaraq seçilmiş və ABŞ-ın orta qərb bölgəsi
bəstəkarlarının simpoziumu çərçivəsində Sinsinati
Konservatoriyasında keçirilən konsertdə
səsləndirilmişdir.
Qeyd edək ki, 2011-ci ildə Manhetten Musiqi
Akademiyasında magistr dərəcəsi alan azərbaycanlı
bəstəkar hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə
ABŞ-ın musiqi sahəsində ən qabaqcıl və nüfuzlu ali
təhsil müəssisələrindən biri sayılan Ohayo ştatında
yerləşən Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə
doktorluq təhsilini davam etdirir.
Gənc bəstəkarın əsərləri ABŞ, İtaliya, Avstraliya,
İsveçrə və Latviyada keçirilmiş müxtəlif müsabiqələrin
ən yüksək mükafatlarına layiq görülmüşdür.
Samirə KƏRİMOVA |