Bakının
Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta
məktəbdə 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş
"Göz açıb ey vətən, mən səni gördüm" mövzusunda
ədəbi-bədii tədbir keçirilib.
Məktəbin akt zalında şagirdlər, müəllimlər və
valideynlərin iştirakı ilə reallaşan tədbiri giriş sözü
ilə məktəbin direktoru Zinyət Tağıyeva açıb. Dövlət
himni səsləndirilib. Sonra Z.Tağıyeva Konstitusiyamızın
yaranma tarixi, ulu öndər Heydər Əliyevin
Konstitusiyanın qəbul olunmasında misilsiz
xidmətlərindən söz açıb, Prezident İlham Əliyev
cənablarının bu sahədəki fəaliyyəti bir daha
iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, 2200-dən artıq şagirdin təhsil aldığı,
200-dən artıq müəllimin işlədiyi bu təhsil ocağının
fəaliyyəti müstəqil Azərbaycanda təhsilə göstərilən
diqqətin təzahürüdür. Bu imkanları bizim üçün yaradan
müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər
Əliyevdir.
Məktəbin pedaqoji kollektivi də bu qayğıya layiq
olduğunu öz işi ilə təsdiqləyir. Təkcə 2011-2012-ci
tədris ilində məktəbi bitirmiş 84 şagirddən 40 nəfəri
ali məktəblərə qəbul olunub. Onlardan ikisi Türkiyədə və
Ukraynada təhsilini davam etdirir. Qəbul olunan
məzunların əksəriyyəti yüksək bal toplayıb, biri isə 675
bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.
Məktəb müəllimlərinin əməyi də dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Bu qayğının bariz nümunəsi kimi
hazırda tədris ocağında "əməkdar müəllim" fəxri adına
layiq görülmüş və "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olan pedaqoqlar çalışırlar.
Direktor bildirib ki, məktəbdə şagirdləri vətənə
məhəbbət ruhunda tərbiyə edirik. Bugünkü ədəbi-bədii
kompozisiyanı da məzunumuz, hazırda məktəbimizdə musiqi
müəllimi işləyən Nazimə Quliyevanın rəhbərliyi altında
şagirdlər hazırlayıb və burada səslənəcək əksər
mahnıların sözləri də Nazimə müəllimə məxsusdur.
Sonra tədbirdə şagirdlərdən ibarət vokal qrupu
Azərbaycana həsr edilmiş mahnı oxuyub. Məktəblilər
tərəfindən həmçinin Vətənə, Dövlət bayrağına, ulu öndərə
həsr olunmuş mahnılar ifa edilib.
ƏDALƏT |