Bakıdakı Bağça-Məktəb-Lisey Kompleksində Dövlət bayrağı
və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə
keçirilən tədbir Dövlət himninin səslənməsi və üçrəngli
Dövlət bayrağının "Koroğlu" operasından uvertüranın
sədaları altında təntənəli şəkildə səhnəyə
gətirilməsilə başladı.
Təhsil ocağının direktoru Qafar Hüseynov qonaqları,
müəllimləri və şagirdləri bu iki bayram münasibətilə
təbrik etdi. O, Dövlət bayrağı və Konstitusiya
günlərinin yaranma tarixləri haqqında tədbir
iştirakçılarına geniş məlumat verdi. Qeyd edildi ki,
Dövlət bayrağımız möhtəşəmliyi və ucalığı ilə Ginnesin
rekordlar kitabına düşüb. Hər bir azərbaycanlının
borcudur ki, ümummilli liderimizin azərbaycançılıq -
vətənpərvərlik ideyalarına sadiq qalsın, bayrağımızın
şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən
yüksək zirvələrdə dalğalanmasına nail olsun.
Tədbirdə çıxış edən qonaqlar hər iki bayram münasibətilə
xalqımızı təbrik edərək, doğma Azərbaycanımıza əbədi
müstəqillik və işıqlı gələcək arzuladılar. Qeyd etdilər
ki, gələcəyimiz sayılan məktəblilər tariximiz, milli
dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə
məlumatlı olmalıdırlar.
Şagirdlər "Heydər babamız" mahnısını həvəslə qonaqlara
təqdim etdilər, tədbir onların ifasında bayraq və
Konstitusiyaya aid şeirlərlə, mahnılarla başa çatdı.
Rəşad ZİYADOV |