Noyabrın
8-də Bakıdakı 204 nömrəli tam orta məktəbdə 12 noyabr -
Konstitusiya Gününə həsr olunmuş "Konstitusiya və uşaq
hüquqları" mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin
direktoru Ziba Rzayeva açaraq bildirib ki, toplantıda
məqsəd Azərbaycan Respublikasının Konstitusiyasının
qəbul olunduğu tarixi xatırlatmaq, Əsas qanunumuzun
hüquq və azadlıqlarımızın tam təsbit olunduğu mütərəqqi
bir konstitusiya olmasını şagirdlərə başa salmaqdır.
Z.Rzayeva Azərbaycan Respublikası Konstitusiyasının
qəbulunda ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu
bildirib. Bununla bağlı ümummilli liderin xüsusi
sərəncam imzaladığı, həmin sərəncama əsasən hazırlanmış
Əsas qanunumuzun 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi - referendum yolu ilə qəbul edildiyini
diqqətə çatdırıb, onu insan azadlıq və vəzifələrinin
dolğun əks olunduğu ən möhtəşəm konstitusiyalardan biri
adlandırıb. Direktor Konstitusiyada əksini tapmış əsas
hüquq və vəzifələr sırasında təhsil hüququnun da
olduğunu qeyd edib və bu hüququn təmin olunması
istiqamətində son illər ölkəmizdə aparılan işlərdən,
əldə olunan uğurlardan söz açıb, təhsilə böyük diqqət və
qayğı göstərildiyini bildirib.
Tədbir açıq elan olunduqdan sonra himn ifa olunub.
Dövlət bayrağı səhnəyə gətirilib. Şagirdlərin ifasında
dövlət atributlarını - gerbi, himni və bayrağı tərənnüm
edən şeirlər səslənib.
Sonra məktəbin tarix müəllimi S.Əhmədova uşaqların hüquq
və vəzifələrindən söz açıb, uşaq hüquqlarını müdafiə
etməyin vacibliyini qeyd edib. Bildirib ki, insan
hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına
münasibətindən başlayır. Bizim ölkədə uşaqlara, onların
normal böyüyüb cəmiyyətin layiqli üzvlərinə çevrilməsinə
dövlətimiz hər cür qayğı göstərir. Ölkəmizdə uşaqların
hüquqlarını qorumaq üçün "Uşaq hüquqları haqqında" qanun
qəbul olunub. Heydər Əliyev Fondunun və onun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın bu sahədəki
fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Fond xüsusi qayğıya
ehtiyacı olan uşaqların normal yaşaması və cəmiyyətə
inteqrasiyası üçün mühüm işlər görür.
Sonra şagirdlər uşaq hüquqlarının müxtəlif
istiqamətlərini diqqətə çatdırıb, "Uşaq hüquqları
Konvensiyası" haqqında məlumat verib, onun ideya və
prinsiplərindən söz açıblar. Uşaqların yaşamaq, inkişaf,
müdafiə və s. kimi hüquqlarının nə olduğu barədə
qrupların verdikləri məlumat maraqla qarşılanıb.
Şagirdlər müdriklərin uşaqlar haqqındakı fikirlərini
diqqətə çatdırıblar. Dünyada hələ də çətin şəraitdə
yaşayan, bir sıra hüquqlardan məhrum uşaqların olması
qeyd edilib.
Sonra tədbir bədii proqramla davam edib: uşaqlar mövzuya
uyğun seçilmiş şeirlər söyləyib, mahnılar oxuyublar.
Yusif ƏLİYEV |