"İrəli" İctimai Birliyi (İB) xarici dillər mərkəzinin
layihələri uğurla davam edir. İB-dən AzərTAc-a
bildirmişlər ki, mərkəz tərəfindən təşkil olunan yunan,
italyan, alman və yapon dilləri kursları hazırda uğurla
davam edir. Kurslar "İrəli"nin üzvləri tərəfindən
təmənnasız tədris olunur. İştirakçılara, həmçinin
ölkələrin tarixi, mədəniyyəti haqqında ətraflı məlumat
verilir və müxtəlif diskussiyalar aparılır.
Bununla yanaşı, müvafiq dil kurslarında iştirak edən
gənclər mütəmadi olaraq "Movie Club" layihəsi
çərçivəsində həmin dildə təşkil olunan filmlərin
nümayişində iştirak edərək dil biliklərini
təkmilləşdirir, eyni zamanda asudə vaxtlarını səmərəli
keçirirlər.
Hər həftənin sonunda "Conversation Club" layihəsi
çərçivəsində rus, ingilis və yapon dillərində təşkil
olunan söhbətlərdə gənclər xarici dillərdə ünsiyyət
quraraq aktual mövzular ətrafında müzakirələr aparır və
həmyaşıdları ilə fikir mübadiləsində iştirak edirlər.
Yapon dilində təşkil olunan danışıq dərslərini isə
Yaponiyanın ölkəmizdəki səfirinin xanımı Atsuko Vatanabe
aparır.
Yaxın vaxtlarda "İrəli" İB xarici dillər mərkəzi
tərəfindən yeni dillərin tədrisi ilə bağlı və gənclərin
xarici dilləri daha mükəmməl mənimsəməsinə kömək edəcək
yeni layihələr, müsabiqələr keçiriləcək, xarici
qonaqlarla görüşlər təşkil olunacaqdır. |