Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında (DİA) "Azərbaycan
Respublikasında gənclər siyasəti" istiqaməti üzrə
qısamüddətli ixtisasartırma kursu keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, gənclər ilə iş aparan
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər
işçilərinin cəlb edildiyi kurs "Gənclər siyasətinin
metodologiyası və hüquqi təminatı", "Gənclər siyasətinin
təşkilati əsasları" və "Gənclərin sosial problemləri"
modullarından ibarət olmuşdur.
Kursda DİA-nın rektoru, akademik Urxan Ələkbərov,
gənclər və idman nazirinin müavini İntiqam Babayev,
təhsil nazirinin müavini Qulu Novruzov, DİA-nın birinci
prorektoru Əlikram Abdullayev və digər dövlət və
qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan
Respublikasının gənclər siyasətinin müasir problemlərinə
dair müxtəlif mövzularda mühazirələr ilə çıxış etmişlər.
Kursun buraxılış mərasimi keçirilmişdir. Kursu
müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim
olunmuşdur.
Akademik U.Ələkbərov onlara uğurlar arzulamışdır. |