Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Dünya ölkələrində ali məktəblərə qəbul

Fransada ali məktəblərə qəbul qaydaları

 

"Azərbaycan müəllimi" qəzeti gənclərin xaricdə təhsilə, nüfuzlu universitetlərə, dünya təhsilinə marağını nəzərə alaraq artıq bir neçə ildir ki, "Dünya universitetləri", "Dünya təhsili" və "Dünyanın təhsil yenilikləri" adlı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində oxuculara geniş və əhatəli məlumatlar, dolğun yazılar təqdim olunur. Həmin yazılar ümumilikdə ölkə ictimaiyyətini, xüsusən də gəncləri dünya ölkələrinin təhsil sistemində baş verən yeniliklər, aparılan tədqiqatlar, qabaqcıl texnologiyaların tətbiqi barədə məlumatlandırmağa xidmət edir.

Bu gün Azərbaycan gənci daha yüksək təhsil almağın əhəmiyyətini dərk edərək yeni imkanlar axtarışındadır. Ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələlərin daim ictimaiyyət tərəfindən maraqla qarşılanması da insanların gələcəyə verdiyi dəyərin və sabaha inamının təzahürüdür. Təsadüfi deyil ki, hər zaman ölkənin kütləvi informasiya vasitələrində ali məktəblərə  qəbulla bağlı məsələlər müzakirə obyektinə çevrilir. Bununla əlaqədar kütləvi informasiya vasitələrində müvafiq ekspertlərin və təhsil işçilərinin fikirləri işıqlandırılır, jurnalist araşdırmaları aparılır.

Bəs ali məktəblərə qəbul prosesi dünya ölkələrində necə həyata keçirilir? Dünyanın nüfuzlu ali təhsil müəssisələrinə tələbələrin qəbulu hansı prinsiplər əsasında təşkil edilir? Bu və ya digər suallara cavab tapmaq üçün qəzetimiz "Dünya ölkələrində ali məktəblərə qəbul" layihəsini oxuculara təqdim edir. Bu layihə çərçivəsində bir sıra dünya ölkələrinin ali təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumat veriləcək.

Onu da qeyd edək ki, təqdim olunan yazılar həmin ölkələrin təhsil qurumlarının rəsmi saytlarının materialları əsasında hazırlanıb. 

Fransanın təhsil sisteminə nəzarət iki nazirlik - Milli Təhsil Nazirliyi, Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən həyata keçirilir. Ölkənin orta təhsil sistemi ibtidai, kollec, lisey olmaqla üç pillədən ibarətdir. Orta təhsili bitirən şagirdlərə bakalavr diplomu (orta təhsil haqqında attestat) verilir. Bakalavr diplomu Fransa ali təhsil müəssisələrinə qəbul olmaq üçün əsas sənəd hesab edilir.

Fransada ali təhsilə universitet və ali elitar məktəblərdə yiyələnmək olar.  

Universitetlərə qəbul 

Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi - bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu - DAEU (Diplome dTacces aux etudes universitaires) almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir. Bu diplomu orta təhsilini iki il müddətinə yarımçıq qoymuş və aşağıdakı iki şərtdən birinə cavab verən namizədlər ala bilərlər:

1. Namizədin 20 yaşı tamam olmalı, iki il peşə fəaliyyəti ilə məşğul olduğunu və vergi ödədiyini, yaxud Milli Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata alındığını təsdiqləyən sənədləri təqdim etməlidir. 

2. Namizədin 24 yaşı tamam olmalıdır.

Qeyd edək ki, 24 yaşdan yuxarı namizədlərə heç bir şərt qoyulmur. DAEU diplomu üzrə kursun rəhbəri bu kateqoriyadan olan namizədlərin bilik səviyyəsini yoxlamaq, məqsəd və planlarını öyrənmək üçün onlarla müsahibə aparır.

Diplomun alınması üçün iki variantda - A (ədəbiyyat) və B (elmi) variantlarında təhsil təklif olunur. Hər iki variant 2 icbari və 2 əlavə fəndən ibarətdir. A variantı üzrə diplom almaq istəyən tələbələr üçün fransız və xarici dil fənləri icbaridir. Əlavə fənlər arasında isə əsasən yeni tarıx, coğrafiya və riyaziyyatdan yalnız ikisinə üstünlük verilir. B variantında icbari fənlərə fransız dili və riyaziyyat, əlavə fənlərə isə əsasən, fizika, kimya və təbiət elmləri üzrə seçilmiş iki fənn daxildir. DAEU diplomu 6 həftə (225 saat) davam edən intensiv təlimlərin sonunda keçirilən imtahanların cavablarına əsasən təqdim olunur.

Dövlət universitetlərində təhsil üçpilləlidir. Üç il davam edən birinci pilləyə (Licence - L1, L2, L3) orta məktəb məzunları daxil ola bilərlər. İki il davam edən ikinci pillə (Master) universitetdə ilk üç ildə qazanılmış biliklərin genişləndirilməsi və dərinləşdirilməsi üçün nəzərdə tutulub. Təhsilin sonunda tələbələrə magistr diplomu verilir. Üç il davam edən üçüncü pillənin (Doktorat) sonunda isə tələbələr doktorluq diplomu alırlar.

Qeyd edək ki, universitetlərə qəbul imtahanları keçirilməsə də, tələbələrin qəbulu ilə bağlı say məhdudiyyəti mövcuddur. Məsələn, Parisin Sorbon Universitetində riyaziyyat fakültəsinə 600 nəfərdən çox tələbə qəbul edilmir. Bundan əlavə, universitetə daxil olan tələbənin təhsil ocağını bitirmək şansı da təxminən 40-50 faiz təşkil edir. Tədrisin birinci ilində tələbələrin təxminən yarısı, ikinci ilində isə 30 faizi universitetdən kənarlaşdırılır.

Fransada universitet məzunları iş tapmaqda çətinlik çəkirlər. Adətən onlar müəllim (tibb və hüquq ixtisasları üzrə məzunları çıxmaq şərtilə) və ya az məvacib alan mütəxəssis kimi çalışırlar.  

Ali elitar məktəblərə qəbul 

Universitetlərlə müqayisədə ali elitar məktəblərə (Grandes Ecoles) qəbul fərqli qaydada aparılır. Bu məktəblər Fransada yüksək nüfuzu ilə seçilir və ölkənin ən məşhur alim və rəhbərlərinin yetişdiyi təhsil müəssisələri kimi tanınırlar. Onların arasında 1829-cu ildən fəaliyyətə başlamış Ali Mərkəzi Məktəbi (Ecole Centrale), 1881-ci ildə yaradılmış Ali Kommersiya Məktəbi (HEC), 1945-ci ildə təsis edilmiş Milli İdarəetmə Məktəbi (ENA) və 1957-ci ildən fəaliyyət göstərən Ali Biznes Məktəbini (INSEAD) qeyd etmək olar. Bu məktəblərin məzunları hazırda iri şirkətlərə rəhbərlik edir, həmçinin ölkənin siyasi elitasının tərkibinə daxildirlər. 

Ali elitar məktəblər yüksək səviyyəli peşə təhsili verən təhsil müəssisələridir. Klassik universitetlərdən fərqli olaraq bu məktəblər adətən müəyyən bir sahə üzrə, məsələn, biznes (menecment, kommersiya, marketinq və s.), arxitektura, mühəndislik işi, turizm və digər sahələr üzrə mütəxəssis hazırlığını həyata keçirirlər. Qeyd edək ki, Fransada 215 ali mühəndislik, 3 ali pedaqoji, 4 baytarlıq, 190 ali kommersiya və idarəetmə məktəbi fəaliyyət göstərir. Bunlarla yanaşı, digər sahələrdə mütəxəssis hazırlayan ali elitar məktəblər də var. Belə təhsil müəssisələri arasında Milli İdarəçilik Məktəbinin, Siyasi Araşdırmalar İnstitutunun, Milli Xartiyalar Məktəbinin və s. adlarını qeyd etmək olar.  

Ali elitar məktəblər universitetlərdən fərqli olaraq əmək bazarına daha yaxındırlar və onların tədris proqramları əmək bazarının tələblərinə uyğun hazırlanır. Bu səbəbdən həmin məktəblərin məzunlarının təhsili başa vurduqdan sonra iş tapmaqla bağlı problemi olmur. Bundan əlavə, ali elitar məktəblər universitetlərlə müqayisədə kiçik olmasına (tələbələrinin sayına görə) baxmayaraq, dövlət büdcəsindən daha çox maliyyə vəsaiti alırlar. Belə ki, il ərzində ölkə üzrə tələbələrin təxminən 5 faizini öz sıralarına qəbul edən ali elitar məktəblərə dövlət büdcəsindən ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş vəsaitin 30 faiz ayrılır.

Fransanın ali elitar məktəblərində təhsil almaq istəyənlər, ilk növbədə, orta təhsil haqqında sənədi təqdim etməklə "Ali Məktəblərə Hazırlıq Sinifləri" (Classes preparatoires aux grandes ecoles - CPGE) adlanan ikiillik hazırlıq proqramına qəbul edilirlər. Proqramın sonunda müsabiqə imtahanlarından uğurla keçənlər ali elitar məktəblərə qəbul edilirlər.

Proqramın məqsədi orta məktəb məzunlarının müxtəlif sahələrdəki biliklərini artırmaqla onları ali elitar məktəblərə hazırlamaqdır. Ali elitar məktəblərə hazırlıq ədəbiyyat, elm, iqdisadiyyat və kommersiya sahələri üzrə aparılır. Hər sahə müəyyən kateqoriyaya bölünür. Hər kateqoriya üzrə təhsil proqramı liseylərlə ali məktəblər arasındakı əməkdaşlıq nəticəsində hazırlanan milli qiymətləndirmə proqramı əsasında həyata keçirilir. Proqram ərzində alınan biliklər sonda liseylərdə təşkil olunan müsabiqə imtahanlarında yoxlanılır. İmtahanlardan keçməyən namizədlərə təhsillərini universitetlərin III kursundan davam etdirmək imkanı yaradılır. Qeyd edək ki, bəzi ali məktəblərdə də ikiillik hazırlıq kursları təşkil edilir. 

Ədəbiyyat üzrə hazırlıq sinifləri tələbələri ali pedaqoji, ali kommersiya və ticarət  məktəblərinə və Siyasi Araşdırmalar İnstitutuna (Instituts d'Etudes Politiques) hazırlayır.

İqtisadiyyat və kommersiya üzrə hazırlıq sinifləri məzunları Kaşan Ali Normal Məktəbinə (Ecole normale superieure de Cachan), həmçinin biznes və idarəetmə sahələri üzrə ixtisaslaşan digər ali məktəblərə hazırlayır. Burada tələbələrə riyaziyyat, iqtisadiyyat, xarici dil və tarix üzrə dərslər keçirilir. Təlim üç sahə üzrə (elmi, iqtisadi və texniki) aparılır.

Elmi hazırlıq sinifləri tələbələri mühəndislik, kənd təsərrüfatı və ya baytarlıq məktəblərinə hazırlayır.

"Ali Məktəblərə Hazırlıq Sinifləri" (CPGE hazırlıq proqramı) üzrə təklif olunan bütün kurslar, eləcə də proqrama yazılmaqla bağlı məlumatları Fransa Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin rəsmi internet portalından (http://www.admission-postbac.fr) əldə etmək olar. CPGE hazırlıq proqramına qəbul tam kompüterləşdirilib. Namizədlər hər il yanvar ayının ortalarından martın birinci yarısınadək qədər qeyd olunan İnternet portalında hazırlıq sinfi üçün onlayn qeydiyyatdan keçə bilərlər. Əlavə yerləşdirmə prosesi dərs ilinin başlandığı günə qədər aparılır.

Hazırlıq siniflərində oxuyan tələbələrə təqaüdlərin ayrılması da nəzərdə tutulur. Təqaüdlərin alınması üzrə müraciətlər yanvarın 15-dən aprelin 30-dək İnternet vasitəsilə qəbul edilir. Bunun üçün şagirdlər Universitet və ali məktəblərin regional fəaliyyət mərkəzinin (CROUS - centre regional des oeuvres universitaires et scolaires) saytına daxil olmalı və təqaüd almaq üçün qeydiyyatdan keçməlidirlər.

Ali elitar məktəblərin əksəriyyətinin dövlət tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, bu məktəblərdə təhsil ödənişlidir və illik təhsil haqqı 6 mindən 20 min avroya qədər təşkil edir.

Qeyd edək ki, ötən dövr ərzində ali elitar məktəblərlə universitetlər arasında bəzi əlaqələr qurulub. Belə ki, universitetlər ali elitar məktəblərə daxil ola bilməyən namizədləri, ali elitar məktəblər isə universiteti yüksək nəticə ilə bitirən məzunları öz sıralarına qəbul edirlər. Məsələn, hər il riyaziyyat üzrə magistr dərəcəsi almış təxminən 20 universitet məzunu İqtisadiyyat, Statistika, Maliyyə və Sığorta ali elitar məktəbinə (ENSAE) daxil olur. Universitet tələbələrinin ali elitar məktəbə qəbulu müsabiqə əsasında aparılır. Bu halda ali elitar məktəbdə təhsil müddəti cəmi bir il davam edir. Təhsillərini başa vurduqdan sonra tələbələrə 2-ci magistr diplomu (Master 2) verilir. 

Yazı Fransa Milli Təhsil Nazirliyinin və Fransa Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin məlumatları əsasında hazırlanıb.

Leyla HEYDƏROVA

 
 
 
Səhifənin başına qalx "Dünya ölkələrində ali məktəblərə qəbul" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov