Noyabrın
14-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin
İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası
kafedrasının müdiri, əməkdar elm xadimi, görkəmli
şərqşünas-alim, filologiya elmləri doktoru, akademik
Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş
"Şərqşünaslığın aktual problemləri" mövzusunda
respublika elmi konfransı keçirilmişdir.
Ayrı-ayrı qurum nümayəndələrinin, Milli Məclis
deputatlarının, tanınmış alim və mütəxəssislərin,
tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru,
Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov,
şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov
görkəmli alim Vasim Məmmədəliyevin mənalı və şərəfli
ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən,
qazandığı nailiyyətlərdən danışmışlar.
Qeyd edilmişdir ki, V.Məmmədəliyev 1942-ci il avqustun
27-də Bakıda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi,
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası
şöbəsini bitirmiş, Tbilisi Dövlət Universitetinin
aspiranturasında oxumuşdur. V.Məmmədəliyev Tbilisidə
"Müasir ərəb-Azərbaycan ədəbi dilində və İraq
dialektində felin zaman formalarının müqayisəli tipoloji
təhlili" mövzusunda namizədlik, 1974-cü ildə "Müasir
ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil
kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası
müdafiə edərək, keçmiş SSRİ məkanında ərəbşünaslıq
sahəsində ən gənc elmlər doktoru olmuşdur.
V.Məmmədəliyevin
elmi araşdırmaları ərəb dilçiliyi və ümumi dilçilik
sahələrini, islamşünaslıq və digər sahələri əhatə
etmişdir.
V.Məmmədəliyev İraq Elmlər Akademiyasının, Suriya Quran
Elmləri və Ərəb Filologiyası Akademiyasının və Misir
Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Konfransı
Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı)
Müsəlman Hüququ Akademiyasının üzvüdür.
V.Məmmədəliyevin 30-dan çox kitabı nəşr olunmuşdur.
Alimin "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil
kateqoriyaları", "Ərəb dilçiliyi", "Quran və elm" və
digər əsərləri böyük maraqla qarşılanmışdır. Görkəmli
alim müxtəlif ölkələrdə keçirilən elmi konfranslarda
məruzələr etmişdir.
Alim 1992-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq
görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir. V.Məmmədəliyev
müqəddəs kitabımız Qurani-Kərimin Azərbaycan dilinə
tərcüməçilərindən biridir.
Səmərəli xidmətlərinə görə "Şöhrət" ordeni və digər
orden, medallarla təltif edilmiş, Prezident təqaüdünə
layiq görülmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam
Allahşükür Paşazadə akademik Vasim Məmmədəliyevin böyük
bir alim, elm xadimi, gözəl, nəcib bir insan olduğunu
diqqətə çatdırmışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham
Əliyevin alimlərə və təhsil işçilərinə daim böyük diqqət
və qayğı göstərdiyini xatırlatmışdır. Akademik
V.Məmmədəliyevin elm və təhsil sahəsində göstərdiyi
böyük xidmətlərdən bəhs edən nazir ona yeni nailiyyətlər
arzulamışdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, professor Nərgiz Paşayeva akademik
Vasim Məmmədəliyevin elmə, təhsilə verdiyi əvəzsiz
töhfələrdən, elmi araşdırmalarının, əsərlərinin
əhəmiyyətindən danışmışdır.
Professor N.Paşayeva demişdir: "Hər hansı humanitar
elmlə məşğul olan insan öz çiyninə böyük bir yük qoymuş
olur: o, insanlara, cəmiyyətə, dünyaya daima yüksək
ideallardan, mənəviyyatdan söz açmış olur. Çünki
humanitar elmlərin əsas məqsədi bu gözəlliyi, bu ali
hisləri, ali duyğuları, ali idealları insanlara və
cəmiyyətə çatdırmaqdır. Humanitar elmləri təmsil edən
insanların özlərinin buna mənəvi haqqı olmalıdır. Məhz
ona görə də Məhəmməd Peyğəmbər alimləri peyğəmbərlərin
davamçıları sırasına qatmışdır və demişdir: "Alimin
mürəkkəbi şəhidin qanına bərabərdir".
Beləliklə, Vasim müəllim, siz həmin nadir insanlardan
birisiniz. Siz bu mənəvi haqqı özünüzdə daşıya bilən
insanlardan birisiniz. Siz sözü ilə əməli bir olan
insanlardansınız. Qurani-Kərimi şərh etmək missiyası
sizin çiyninizə düşmüşdür. Biz xoşbəxtik ki,
Qurani-Kərimi şərh edən insan özü saf insandır. Özü
nəcib insan, əsl insandır. Siz ərəb dilinin böyük
tədqiqatçılarındansınız. Ərəb dili isə Məhəmmədin dili,
Quranın dili, həm də böyük Şərq elinin dilidir".
Professor N.Paşayeva akademik V.Məmmədəliyevə xoş
arzularını da bildirmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik
Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fəttah
Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun
direktoru, Milli Məclisin deputatı, professor Gövhər
Baxşəliyeva, Bakı Slavyan Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan
Texniki Universitetinin rektoru, professor Havar
Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, Bakı
Metropoliteninin rəisi Tağı Əhmədov, AMEA-nın akademik
Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun
direktoru, akademiyanın müxbir üzvü Vaqif Abbasov və
digər çıxış edənlər də akademik Vasim Məmmədəliyevin elm
və təhsil sahəsində böyük xidmətlərindən bəhs etmiş, ona
uğurlar arzulamışlar.
Akademik Vasim Məmmədəliyev Azərbaycan Prezidenti İlham
Əliyevə alimlərə, təhsil işçilərinə göstərdiyi böyük
diqqət və qayğıya görə minnətdarlığını bildirmiş,
tədbirin iştirakçılarına təşəkkür etmişdir.
AzərTAc |