Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun
vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva sentyabrın
12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər
Əliyev adına 11 nömrəli orta məktəbdə RAGT-nin Həştərxan
bölməsinin üzvləri ilə görüşmüşdür.
Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirmişdir
ki, RAGT-nin Həştərxan bölməsi ən fəal regional
bölmələrdən biridir. RAGT Həştərxanda çoxlu sayda
layihə, o cümlədən təhsil sahəsində layihələr həyata
keçirir. Leyla xanım Əliyeva çıxışında Həştərxan
şəhərinin ümumtəhsil müəssisələrinin yuxarı sinif
şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda
müsabiqə keçirilməsini təklif etmişdir.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyeva Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşdə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda IDEA
(International Dialogue for Environmental Action) Ətraf
Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq
Kampaniyasının başlandığını, ötən dövr ərzində bu
kampaniya çərçivəsində çoxlu maraqlı layihələrin həyata
keçirildiyini, təxminən 60 min ağac əkildiyini,
konfranslar, seminarlar təşkil edildiyini diqqətə
çatdırmışdır. O, həmçinin bildirmişdir ki, Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyi ətraf mühitin mühafizəsinə
dair IDEA layihəsini Həştərxan şəhərində həyata
keçirməyi planlaşdırır.
Leyla xanım Əliyevanın Həştərxan məktəbliləri arasında
"Təbiəti mühafizə" mövzusunda inşa yazı müsabiqəsinin
keçirilməsi təklifi qubernator tərəfindən razılıqla
qarşılanmışdır.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Həştərxan
Vilayət Administrasiyasının birgə təşkilatçılığı ilə
artıq Həştərxan şəhər məktəblərinin IX, X və XI sinif
şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda inşa
yazı müsabiqəsinə başlanılmışdır.
Noyabr-dekabr aylarını əhatə edəcək müsabiqəyə 31 dekabr
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yekun
vurulacaqdır.
Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılacaqlar. |