Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də
Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta
məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyəti ilə tanış olmuşdur.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı
təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq paytaxtda məktəblərin
əsaslı təmir və bərpa işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov 173 nömrəli məktəbdə görülən işlərlə bağlı
Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki,
binası 1939-cu ildə inşa olunmuş 800 şagird yerlik bu
məktəbdə 30 sinif otağı vardır. Hazırda burada 320
şagird təhsil alır. Bu təhsil ocağında əsaslı təmir və
yenidənqurma işləri qısa vaxt ərzində, yüksək
standartlara uyğun şəkildə başa çatdırılmışdır.
Dövlətimizin
başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan
şəraitlə yaxından tanış oldu. Sinif otaqlarında
şagirdlərin təhsil almaları üçün lazımi şərait
yaradılmışdır. Məktəbdəki sinif otaqları, fənn
kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz
edilmişdir. Təhsil ocağında təhlükəsizlik kameraları
quraşdırılmışdır. Məktəbin dəhlizinə və pilləkənlərə
yüksək keyfiyyətli mərmər döşənmişdir. Məktəbdə yeni və
müasir istilik sistemi quraşdırılmış, həyətyanı sahədə
abadlıq və quruculuq işləri görülmüşdür.
AzərTAc
|