N.Gəncəvinin,
M.Füzulinin, C.Məmmədquluzadənin, A.Şaiqin, Mir Cəlalın,
S.Vurğunun, M.Hüseynin və bir sıra digər
klassiklərimizin əsərləri ədəbiyyat təlimində layiqli
yerini tutmuşdur. Bu baxımdan bədii əsərlər şəxsiyyətin
formalaşmasında bir vasitədir və əslində təlimdə yenilik
texnologiyaların, yanaşmanın mahiyyətində, kurikulumun
tələblərindədir.
Gənc nəsli vətənpərvərlik, əməksevərlik, yoldaşlıq,
dostluq, elmə, biliyə dərin maraq, doğruçuluq və düzlük,
qadına qayğılı münasibət, onun saf məhəbbətinə inam
ruhunda tərbiyə etməkdə N.Gəncəvinin ədəbi irsi tükənməz
xəzinədir.
Bəşər mədəniyyətinə "Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə"
kimi nadir incilər bəxş etmiş N.Gəncəvinin əsərləri
gələcək nəsillərə həmişə örnək olmuşdur.
N.Gəncəvi ən gözəl sənət abidələrindən biri olan
"İsgəndərnamə"də azadlıq, ədalətli bir dövlət quruluşu
uğrunda, bəşəriyyətin səadəti yolunda mübarizə edən
sənətkar kimi çıxış edir. Böyük şair İsgəndərin
simasında ədalətli, hər yerdə yaxşılıq axtaran, bütün
xalqların, millətlərin səadəti uğrunda mübarizə edən bir
qəhrəman obrazı yaratmışdır.
Nizami irəli sürdüyü humanist, nəcib əxlaqi
keyfiyyətlərlə bağlı olan bütün ideyalarını
"İsgəndərnamə"nin bu hissəsində verir: bu şəhərdə bir
nəfər də olsun paxıl, xain, oğru, əyri, yaltaq, ikiüzlü
yoxdur. Fitnə-fəsad bu xalqa yabançıdır, heç kəs heç
kəsi pis, əyri yola dəvət etmir. Birinin dərdi-qəmi olsa
hamı ona şərik çıxır, şadlıqda hamı şadlıq edir,
sevinir.
Doğma vətən torpağı hamı üçün candan əziz və
qiymətlidir.
Adamlar can deyib, can eşidirlər.
"Xəmsə"yə daxil olan ayrı-ayrı əsərlərin tədrisi zamanı
şagirdlər öyrənirlər ki, Nizami öz əsərlərində
doğruçuluq və düzlük, sadəlik və təvazökarlıq, ədalətli
olmaq və s. kimi mənəvi keyfiyyətlərə xüsusi yer
vermiş, bu problemə dönə-dönə toxunmuşdur.
Şair "Leyli və Məcnun" əsərində sənətkar olmaq
istəyəndən birinci növbədə həqiqəti, gördüyünü olduğu
kimi tərənnüm etməyi, qəlbi əzablı həyəcanlarla
dolduran yalan və saxtakarlıqdan qaçmağı məsləhət
görür.
Əsərlərlə tanış olduqca şagirdlərə tam aydın olur ki,
Nizami insan mənəviyyatına ləkə gətirən yalanın, xalqı
təhqir edən gerilik və nadanlığın düşməni olmuşdur.
Nizamiyə görə, hər kim doğru danışsa, öz doğru
işlərindən heç vaxt ziyan çəkməz.
Şair öz nəsihətlərində oğlu Məhəmmədi inandırır ki,
doğma vətəni sevməyən, ona ürəkdən bağlanmayan, vətən,
xalq yolunda canından-başından keçməyə hazır olmayan
insanlar vətənin şərəfini qoruya bilməzlər. Qan tökən,
ölkələri tar-mar edən, mədəniyyət abidələrini dağıdan,
xalqa aclıq, qəm-kədər, səfalət gətirən müharibələrə,
işğalçılara dərin nifrət Nizami yaradıcılığının əsasını
təşkil edir.
Nizaminin etik görüşlərindən söhbət açarkən şagirdlər
öyrənirlər ki, sadəlik və təvazökarlıq insan
hümanizminin ən yüksək keyfiyyətlərindən biridir. Şair
danışıq və hərəkətlərdə ədəb gözləməyi tələb edir.
Şairə görə, hər sözdə ədəbli olmaq lazımdır; sən ədəbli
olsan, səni dinləyən də ədəbli danışar, fikirləşib
danışmaq nəzakətlilik, ağıllılıq əlamətidir. Kobud,
"lağlağı" danışıq bədxahların işidir.
Böyük şair Nizami uşaqların həyatda düzgün mövqe tutması
üçün ailə tərbiyəsinə üstün yer verir. Təsadüfi deyildir
ki, N.Gəncəvi hər bir uşağın pis əməli üçün onu yox,
ailəsini "daşa basır". Şair ailə tərbiyəsini əsas
tutaraq "Xosrov və Şirin" əsərində yazır:
Deyirlər bir gün ağıllı bir kəs,
"Mən dəliyəm"-deyə elə yayır səs.
Bir uşaq onunla girsə savaşa,
Dərhal böyükləri basırmış daşa.
Soruşurlar: "Uşaq səni vurarkən"
Neçün öc alırsan sən qocalardan?
Gülümsəyib deyir:
"Gülməsə qoca
Uşaq pis iş tutmaz ömrü boyunca
Narazı olarsa ayaqdan əllər,
Ayaqlara görə başı döyərlər".
Nizamiyə görə uşağın ilk tanış olduğu ictimai mühit
ailədir. Onun tərbiyəsi əsasən bu mühitlə bağlıdır. Şair
göstərir ki, uşaqların öz valideynlərinə inamı təbiətin
ailəyə verdiyi qiymətsiz bəxşişdir. Uşaq üçün də bundan
etibarlı heç bir şey ola bilməz. Ailə isə, öz
növbəsində, ona əvəzsiz verilən bu etibarı layiqincə
doğrultmalıdır. Təsadüfi deyil ki, Nizami hər bir uşağın
pis əməli üçün onu yox, ailəsini günahlandırır.
Humanist şair "Yer üzərində yaranmışların ən şərəflisi
insandır"-deyir və bu ideyanı bütün əsərlərində diqqət
mərkəzində saxlayır. Nizaminin fikrincə, insan hər şeyə
qadirdir. Odur ki, şair dünyanın insan əli, əməlləri ilə
zərxara geyməsini istəyir və bu ideyanı təbliğ edir.
Şairin qəhrəmanları məhz bu ideyanın
daşıyıcılarıdırlar.
Firəngiz ABDULLAYEVA,
32 nömrəli Ağdam tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |