Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

V sinif "Azərbaycan dili" dərsliyi barədə mülahizələrim

 

Təhsil  islahatı dövlətin təhsil siyasətinin bir hissəsidir. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış və mərhələ-mərhələ həyata keçirilən bu islahat bütün ölkəmizi  əhatə  edir. Beləliklə, bu   islahat hər bir şəhərdə, rayonda, hər bir kənddə və məktəbdə həyata keçirilir.

Müasir cəmiyyətdə insanların tam hərtərəfli  inkişaf etməsində təhsil əhəmiyyətli rol oynayır. Ölkəmizdə son zamanlar təhsildə kurikulum islahatı üzrə görülən işlər fənlərin inteqrasiyasını, dərslərin yeni məzmunda təşkilini, texnologiyalardan  istifadə olunmasını ciddi vəzifə kimi qarşıya qoyur.   

Ümumtəhsil  məktəblərində ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən biridir. Firudin bəy Köçərlinin təbirincə desək "Ana dili millətin mənəvi  diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır".

Hələ ümumi orta təhsil bazasında kurikulumun tədris olunmadığı vaxtlarda, kurikulumla bağlı kitab və jurnallarla tanış olur, iş təcrübəsi qazanmağa, öyrəndiklərimi keçdiyim dərslərdə  istifadə etməyə çalışırdım. Artıq bu il  ümumi orta təhsil bazasında  kurikulumun tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarında iştirak etdim. Kurikulumun nəzəri əsaslarını (tam olmasa da) öyrəndim. Artıq əlimizdə kurikulumun tələbləri əsasında V siniflər üçün yazılmış dərslik və metodik vəsait vardır.

Mən də yüksək zövq və bədii tərtibatla hazırlanmış  bu vəsaitlərdən istifadə edərək dərslərimi  təhsildə gedən  əsaslı  islahatlara uyğun, müasir pedaqoji  texnologiyalar əsasında qururam. İKT-dən tədris prosesində səmərəli  istifadə etməyə çalışıram. Bu zaman  şagirdlərdə yüksək təlim marağı yaranır, onlar təlim materiallarından daha həvəslə öyrənməyə səy göstərirlər.

Artıq kurikulumun tələbləri əsasında yazılmış dərsliklərin məktəbdə tədrisindən iki aya yaxın vaxt keçmişdir. V sinifdə dərs deyən müəllimlər öz qənaətlərini həmkarları ilə bölüşürlər. Təcrübəm, həmkarlarımla apardığım fikir mübadiləsi aşağıdakı nəticələrə gəlməyimə səbəb olmuşdur.

V sinif "Azərbaycan  dili"  dərsliyində diqqəti çəkən uğurlu cəhətlərdən biri şagirdləri düşündürmək, fəallığa sövq etmək istəyidir. Müəlliflər, xüsusən  sual və  tapşırıqlarda bu məsələyə ayrıca diqqət  yetirmişlər. "Söz ehtiyatı"  başlığı altında verilmiş tapşırıqlar, bu baxımdan daha maraqlı və faydalıdır.Bu zaman şagirdlərin  yeni-yeni  sözlərlə tanış olmaları onların söz ehtiyatını artırır və zənginləşdirir.

Dərslikdə "Dil qaydaları" üzrə verilmiş tapşırıqlar da, əsasən, dəqiq və qənaətbəxşdir. Şagirdlər mövcud bilik və bacarıqlarını tətbiq etməklə həmin tapşırıqları yerinə yetirir, yeni keyfiyyətlər qazanırlar. Dil qaydaları  üzrə təkrar üçün təklif olunan tapşırıqlar bölmənin  tədrisi prosesində  qazanılmış bilik və bacarıqları, demək  olar ki, əhatə edir. Müəllim onlardan geniş yararlanır.

"Düşün və cavab ver", "Araşdırma" s

ərlövhəsi  ilə verilmiş tapşırıqlar şagirdləri müstəqil düşünüb fikir yürütmələrinə  stimul yaradır. "Araşdırma" bölməsində verilən tapşırıqlar xüsusilə əhəmiyyətlidir. Bu zaman şagirdlər  bir tədqiqatçı kimi  müstəqil araşdırma apararaq (İKT-dən istifadə etməklə) verilən mövzu ilə bağlı məlumat toplayıb fikir yürüdürlər. Dərslikdə verilmiş lüğət əhatəlidir, şagirdlər ondan da həvəslə istifadə edirlər.

Şagirdlərin  dərs materialını daha yaxşı  mənimsəməsi, keçilən mövzunun  dərk edilməsi üçün  dərsliyin  müxtəlif bölmələrə ayrılması da təqdirəlayiqdir.

Bütün bu müsbət cəhətləri  ilə yanaşı, müəllimləri razı salmayan cəhətlər də vardır. Onlardan bəzilərini qeyd etmək istəyirəm.

Dərsliklərin dil qaydaları ilə yüklənməsinin mən də əleyhinəyəm. Amma dərslikdə  dil qaydalarının  kəmiyyətcə çox az və bəsit şəkildə verilməsini   təəccüblə qarşılayıram. Elə mühüm məsələlər var ki, onlar barədə V sinifdə təsəvvür yaradılmasa, sonrakı siniflərdə ciddi çətinliklərlə üzləşəcəyik. Fonetikanın tədrisində  heca, vurğu barədə məlumatın verilməsi, zəruri bacarıqların formalaşdırılması vacibdir. İsmin tədrisi zamanı şagirdlərin  nisbətən çətin mənimsədikləri "Mənsubiyyət şəkilçiləri" və "Bəzi iki  hecalı isimlərdə son saitin  düşməsi" bölmələri barədə  məlumatın olması da  zəruridir.

Dil qaydaları üzrə verilən məlumatların biliyə  çevrilməsi və onların əsasında bacarıqların  formalaşdırılmasının  geniş  və əhatəli  olunmasını arzu edərdim.

Bəzi  mövzuların tədrisində reallaşdırılması nəzərdə tutulan standartlar sayca çoxdur. Belədə bir dərs saatı üçün  nəzərdə tutulmuş standartları (və təbii ki,  müvafiq  tapşırıqları) reallaşdırılma çətinləşir. Dərslikdə bədii mətnlərə geniş yer verilməsi onların tədrisinə xeyli  vaxt  ayrılmasını tələb edir. Fikrimcə, kiçik rabitəli mətnlər vermək, dinləmə üzrə işləri, dil qaydalarının öyrənilməsini həmin  mətnlərin əsasında həyata keçirmək daha səmərəli olardı.

Düşünürəm ki, dərsliyin sonrakı  nəşrlərində  müəlliflər, yəqin ki, müəllimlərin  arzu və təkliflərini  nəzərə  alacaqlar.

Ümumilikdə isə V sinif  "Azərbaycan dili"  dərsliyində verilmiş  mövzu və mətnlər, tapşırıqlar  kurikulumun tələblərinə cavab verən,məzmunca və keyfiyyətcə şagirdlərin  anlayıb başa düşəcəyi  formada yazılmaqla dərslik bu istiqamətdə atılmış uğurlu bir addımdır. 

Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər R.Yusifov  adına
 2 nömrəli orta məktəb-liseyin
Azərbaycan dili  və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov