Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Azərbaycan dili və ədəbiyyat dərslərində motivasiyanın yaradılması

 

Fəal təlimdə dərsin ilk mərhələsi motivasiyadır. Bu mərhələ iki-yeddi dəqiqə müddətində başa çatmalıdır. Baxmayaraq ki, mərhələ bu qədər qısamüddətlidir, lakin onun dərsin əvvəlindən sona qədər nə dərəcədə uğurlu alınmasında müstəsna rolu vardır. Əgər motivasiya düşündürücü olub, qoyulmuş tələbləri  özündə dəqiq əks etdirirsə, onda keçilən dərs də uğurlu olur. 

Çox təəssüf ki, motivasiyanın mahiyyəti bu gün də bir çoxları tərəfindən düzgün başa düşülmür. Bəziləri motivasiya deyəndə mövzu ilə bağlı hər hansı şəkil və yaxud videoçarxın müəllim tərəfindən şagirdlərə göstərilməsi kimi, bəziləri isə sadəcə bu mərhələni nə yolla olur-olsun, mövzunun adını şagirddən almaq kimi başa düşürlər. Əlbəttə, müəllim hər hansı mövzuya motivasiya qurarsa, yuxarıda adıçəkilən üsullardan istifadə edə bilər, ancaq necə? Əgər müəllimin motivasiya məqsədilə istifadə etdiyi hər hansı vasitə şagirdlərdə fərziyyələr doğurursa (motivasiyada fərziyyələrin irəli sürülməsi əsas şərtlərdəndir) və şagird düşüncəsini tədqiqata sövq edirsə, bunu düzgün atılmış addım hesab etmək olar. 

Biz burda Azərbaycan dili və ədəbiyyat dərslərində bir neçə mövzuya qoyulmuş motivasiya nümunələrini oxucularla bölüşməyə çalışacağıq.

Azərbaycan dilindən V sinifdə "Kök və şəkilçi" mövzusunun tədrisi zamanı motivasiyanı  aşağıdakı kimi yaratmaq olar.

Şagirdlərə kökü və gövdəsi olan hər hansı ağac şəkli göstərilir və diqqəti ağacın hissələrinə yönəldilir. Şagirdlərə  sualla müraciət olunur:        

- Əgər ağacın hissələrini (kökü və gövdəni) kəsib bir-birindən  ayırsaq, nə baş verəcək?

Fərziyyələr: - 1. Ağac yıxılacaq; 2. Ağacın yarpaqları solacaq;   3. Ağac quruyacaq və məhv olacaq. 4. Ağacın kökü gövdədən kənarda torpaqda olarsa,yenidən böyüyəcək, formasını və şəklini dəyişmiş başqa bir ağac şəklində təzahür edəcək.

Şagirdlərin diqqəti məhv olmuş  və yenidən əmələ gəlmiş ağaca yönləndirilir.

Bu şəkildə yaradılmış motivasiyadan aşağıdakı kimi tədqiqat sualı çıxara bilərik:

- "Sözü tərkib hissələrinə ayırdıqda nə üçün kökü əsas hesab edirik?".

Növbəti motivasiya nümunəsi ədəbiyyat fənnindən V sinifdə "İsgəndərin taxta çıxması" mövzusunun təhlili üzərində işə aiddir. Mövzuya motivasiya yaratmaq üçün şagirdlərin aşağı sinifdən tanış olduqları ulu öndər Heydər Əliyevin "Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun!" fikri verilir və müəllim şagirdlərə suallarla müraciət edir. "İnsanda hansı keyfiyyətlər olmalıdır ki, onun rəhbərlik etməyə haqqı çatsın?".

Fərziyyələr: - Rəhbər insan dözümlü olmalıdır; səbrli olmalıdır; xalqını sevməlidir; ağıllı olmalıdır, vicdanlı olmalıdır; ədalətli olmalıdır.

Şagirdlərin diqqətini sonuncu fərziyyəyə yönəltmək üçün yenə də onlara aşağı sinifdən tanış olan sitat gətirilir: "Dövlət o zaman məhv olar ki, günahkar cəzasız qalsın və günahsız cəzalandırılsın" (Heydər Əliyev). Bu motivasiyadan sonra belə bir tədqiqat sualı çıxarmaq olar: "İsgəndəri ədalətli şah hesab etmək olarmı?".

Hər bir tədqiqat sualını çıxarılmazdan əvvəl müəllim şagirdlərdən  fərziyyələri alarkən fikir söyləməkdə onlara tam sərbəstlik verməli, öz şəxsi fikir və yanaşmalarını şagirdlərə məcburən qəbul etdirməməlidir. Alınmış fərziyyələr lövhəyə yazılmalı, mövzudan kənar fikirlər ixtisar edilməlidir.

Bu gün biz müəllimlər (xüsusən də fənn kurikulumunu yenicə mənimsəməkdə olanlar) fəal təlimin hər hansı mərhələsini, o cümlədən motivasiya mərhələsini reallaşdırarkən müxtəlif problem və çətinliklərlə qarşılaşırıq. Bəzən motivasiya ya məqsədəuyğun olmur, bəzən fərziyyələr doğurmur, bəzən o dərəcədə çətin olur ki,şagird təfəkkürünü tədqiqata sövq etmək əvəzinə, blokadaya salmış olur.Təbii ki, bu problemlər, çətinliklər bu gün üçün realdırsa, sabah üçün artıq həllini tapmış və geridə qoyduğumuz bir məsələyə çevriləcək. Ən azından ona görə ki, müəllim fənn kurikulumunun məzmun və mahiyyətini bu günə nisbətən sabah daha çox mənimsəyəcək, fəal dərsin mərhələlərini reallaşdırmaq onun özü üçün vərdişə çevriləcək.

Dərsdə motivasiya mərhələsini reallaşdıran müəllimin qarşısına çıxan çətinliklərin bir qisminin aradan qaldırılması üçün öz təcrübəmizdən çıxış edərək belə bir təklif irəli sürürük ki, müəllim motivasiyanı hazırlayarkən  bu mərhələdə istifadə edəcəyi üsulları əvvəlcədən müəyyənləşdirməli və həmin üsulların tətbiqetmə metodunu yaxşı  bilməlidir. Müəllim bu mərhələni reallaşdırmaq üçün aşağıdakı fəal, interaktiv təlim üsullarından birinə müraciət edə bilər. Bu, BİBÖ, beyin həmləsi, klaster, auksion, anlayışın çıxarılması, suallar və bu sıradan olan başqa üsullar ola bilər. Əvvəldə verilən iki motivasiya beyin həmləsi əsasında qurulub. Anlayışın çıxarılması üsuluna əsaslanan növbəti motivasiya Azərbaycan dili fənnindən V sinifdə "Yolda gözəl gedən adam "mövzusunun tədrisi zamanı yaradılır.

Müəllim şagirdlərə sualla müraciət edir: "Kimi yolu gözəl gedən hesab edirsiniz?" Sualı açacaq cavab lövhənin mərkəzində gizlədilir və şagirdlərin fərziyyələri onun ətrafına yazılır.

Fərziyyələr:  Yolda gözəl yerişlə addımlayanı;  yol hərəkəti qaydalarına riayət edəni;  yolu çətinliklə keçən qocaya kömək edəni;  yolda hərəkət zamanı maneə yaradacaq nəyisə (daşı, şüşə qırıntılarını və s.) aradan qaldıranı.

Hər bir fərziyyə ayrılıqda müzakirə olunur , üstünlükləri və əhəmiyyəti xüsusi vurğulanır. Şagirdlər mövzuya yönəldildikdən sonra mərkəzdə gizlədilmiş fikir ortaya çıxarılır: "Yolda hərəkətin çətinləşməsinə və hər hansı (kiçik belə olsa) qəzanın yaranmasına səbəb ola biləcək maneəni özü aradan qaldırmağa cəhd edən hər kəsi yolu gözəl gedən hesab etmək olar".

Tədqiqat sualı: "Nə üçün hökmdar keçirdiyi yarışın qalibini ənənəvi olaraq yolu sürətlə keçdiyinə görə yox, yolu gözəl gəldiyinə görə mükafatlandırır". Hətta yaxşı olar ki, tədqiqat sualının özü də fərziyyələr yaratsın.Yuxarıda çıxarılmış tədqiqat sualının doğurduğu fərziyyələr aşağıdakı kimi ola bilər:

- Hökmdar ənənəni pozmaq istəmişdir;

- Hökmdar yarışlara yenilik gətirmək istəmişdir;

- Hökmdar yolun insan həyatındakı rolunu ön plana çəkmək istəmişdir.

Ümidvarıq ki, göstərdiyimiz  nümunələr hər hansı bir məsələnin həlli zamanı müəllimlərə və şagirdlərə qismən də  olsa yardımçı olacaq. 

Yeganə İSGƏNDƏROVA,
Göyg
öl rayonu, Şəhriyar kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov