Cari ilin avqustundan "Peşə təhsili müəssisələri
məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması"
layihəsi həyata keçirilir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə
"Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi
tərəfindən reallaşdırılır. Layihənin məqsədi peşə
təhsili müəssisələrində oxuyan şagirdlərin məzun
olduqdan sonra məşğulluğunun təmin edilməsinə nail
olmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı, Gəncə, İsmayıllı və Qaxdakı 5
peşə təhsili müəssisəsindən seçilmiş 100 nəfər şagirdin
məzun olduqdan sonra məşğulluq məsələsinin həllinə
dəstək vermək, işlə təmin olunmuş gənclərə hüquqi yardım
etmək və iş adamları ilə gənclər arasında əlaqələr
qurmaq istiqamətində müvafiq addımlar atılır.
Onu da qeyd edək ki, cari ilin sonunadək seçilmiş peşə
təhsili müəssisələrində gələcək məzunlar üçün müxtəlif
mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb. Daha
sonra isə təlim keçmiş gənclərin biznes strukturları,
dövlət, özəl, beynəlxalq təşkilatlar, QHT-lərin iştirakı
ilə birgə görüşün təşkil edilməsi nəzərdə tutulub.
Hazırda Bakının 12 və 13 nömrəli peşə liseylərində
müvafiq təlimlər keçirilir. Həmçinin 3 nömrəli Gəncə
Peşə Liseyi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə
Liseyində təlimlər təşkil ediləcək.
Qeyd etmək lazımdır ki, layihə 2013-cü ilin yanvar
ayında başa çatacaq. |