Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Fərrux RAMAZANOV - 90

Şərəfli ömür yolu

 

Müasir Azərbaycan fəlsəfi ictimaiyyətinin görkəmli nümayəndəsi Fərrux Fətulla oğlu Ramazanov 1922-ci ilin noyabr ayında Azərbaycanın qədim diyarı Naxçıvanın Şərur mahalında dünyaya gəlmişdir. Fərrux Ramazanov 1937-ci ildə Naxçıvan şəhərindəki tibb texnikumuna daxil olmuş, 1940-cı ildə oranı "əla" qiymətlərlə bitirmişdir. F.Ramazanovun valideynlərinin onu həkim kimi görmək istəyinə baxmayaraq hələ tibb texnikumunda  oxuyarkən onun filosof olmaq, hikmət dəryasına qovuşmaq arzusu özünü göstərmişdir. 

Bu onunla əlaqədar idi ki, qədim zamanlarda bir sıra elmlər kimi, təbabət də fəlsəfənin tərkibində cəmləşmişdi. Odur ki, bu dövrdə fəlsəfəni elmlər elmi adlandırırdılar. Hippokrat, Qalen, İbn Sina, Əl-Fərabi  və tibb elminin digər görkəmli alimləri eyni zamanda filosof kimi şöhrət tapmışdılar. Fərrux Ramazanov texnikumda tibb elminin tarixinə dair dinlədiyi mühazirələrdə bəzi qədim yunan, Roma və bir sıra Şərq filosoflarının ayrı-ayrı fikirləri ilə də tanış olmuşdur. Qədim yunan filosofu Sokratın "İnsan dünyanı dərk etməzdən əvvəl özünü dərk etməlidir", "Mən təkcə onu bilirəm ki, dünya haqqında heç nə bilmirəm", Demokritin "Mən təbiətdəki hadisələrin səbəbiyyət əlaqələrini bilməyi İran şahının taxt-tacına sahib olmaqdan üstün tuturam" kimi müdrik kəlamları gənc Fərruxun qulaqlarında daim səslənir, onu dünya və insan haqqında düşüncələrə sövq edir,  qəlbində fəlsəfəşünas, filosof olmaq arzusu formalaşdırırdı.

Lakin 1941-ci ildə  başlanmış dəhşətli müharibə digər Azərbaycan gəncləri kimi Fərrux Ramazanovun da arzusunu ürəyində qoydu, hələ 19 yaşı tamam olmamış F.Ramazanov müharibənin ilk günlərində səfərbərliyə alınaraq, bir neçə ay hərbi təlim keçdikdən sonra cəbhəyə göndərildi. Krımda və Şimali Qafqazda gedən döyüşlərdə, Kerç və Mozdok şəhərlərinin alman faşistlərindən azad edilməsi uğrundakı vuruşlarda iştirak etdi. Faşist işğalçılarına dərin nifrət bəsləyən Fərrux Ramazanov onlara qarşı igidliklə döyüşürdü. O, döyüşlərdə iki dəfə yaralanmış, müalicə olunduqdan sonra yenidən cəbhəyə göndərilmişdir.

Baş leytenant Fərrux Ramazanov cəbhədə göstərdiyi şücaətə görə "Vətən müharibəsi" ordeni və 16 medalla təltif edilmişdir.

Fərrux Ramazanov texnikumu bütün fənlər üzrə fərqlənmə diplomu ilə bitirdiyinə və müharibə iştirakçısı olduğuna görə o zaman mövcud olan qanuna əsasən qəbul imtahanları vermədən SSRİ-nin istənilən ali məktəbinin istənilən fakültəsinə daxil olmaq hüququna malik idi.

Fəlsəfə elminə olan böyük həvəsi 1948-ci ildə onu Azərbaycan Dövlət Universitetindəki fəlsəfə şöbəsinə gətirib çıxartdı. Sənədlərini universitetə verdi və tezliklə tələbələr sırasına qəbul olundu.

Müharibənin od-alovundan keçmiş, hələ çox gənc ikən döyüşlərdə mətinləşmiş bu gənc özünün bütün bilik və bacarığını fəlsəfənin dərindən mənimsənilməsinə yönəltdi. Universitet auditoriyalarında akademik Heydər Hüseynov, akademik Aleksandr Makovelski, əməkdar elm xadimi, professor Mehbalı Qasımov və digər görkəmli filosoflardan dərs alan Fərrux Ramazanov texnikumda olduğu kimi burada da bütün fənlər üzrə imtahanlardan "əla" qiymətlər alaraq kursdan-kursa keçirdi. Universiteti bitirərkən akademik A.O.Makovelskinin elmi rəhbərliyi ilə görkəmli  rus alimi "M.V.Lomonosovun fəlsəfi görüşləri" mövzusunda diplom işi yazdı və uğurla müdafiə etdi. Tələbə elmi işləri üzrə Moskvada keçirilən Ümumittifaq müsabiqəsində bu iş yüksək qiymətləndirildi. O, SSRİ Ali Təhsil Nazirliyinin birinci dərəcəli diplomuna və pul mükafatına layiq görüldü. Fərrux Ramazanova həm də mükafat olaraq M.V.Lomonosovun əsərləri təqdim edildi.

Bütün bunlara baxmayaraq, Fərrux müəllim sonralar bu haqda deyirdi ki, bu, mənim gənclik səhvim idi. Diplom işini yazarkən mən gördüm ki, M.V.Lomonosov haqqında rus alimləri çoxlu əsərlər yazmışlar. Odur ki, mən gərək Azərbaycan mütəfəkkirlərinin fəlsəfi görüşləri haqqında yazaydım.

O, 1953-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinat üzrə fəlsəfə kafedrasında müəllim saxlandı. Dərs deməklə yanaşı, elmi tədqiqat işləri aparan Fərrux müəllim tələbəlik dövründə buraxdığı səhvi düzəldərək professor M.M.Qasımovun rəhbərliyi altında Azərbaycanın fəlsəfi  fikir tarixini tədqiq etməyə başladı. 1962-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi aldı. 1973-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə, bir qədər sonra isə professor elmi adına layiq görüldü.

1960-cı ildə Azərbaycan Texniki Universitetinin fəlsəfə kafedrasına işə dəvət olunmuş Fərrux müəllimin həyatının demək olar ki, 50 ildən artıq dövrü bu ali məktəblə bağlı olmuşdur. O, burada baş müəllim, dosent, professor, 1970-ci ildən isə kafedra müdiri vəzifəsində çalışmışdır. Beləliklə, o, bütün ömrünü müəllimliyə həsr etmişdir.

Böyük öndərimiz Heydər Əliyev müəllim peşəsinə yüksək qiymət verərək müəllim günü münasibəti ilə demişdir:

"Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Ona görə də bu bayram günü mən ilk növbədə, müstəqil Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edirəm, müəllimə, bu müqəddəs ada öz dərin hörmət və ehtiramımı, sevgi, məhəbbətimi bildirirəm. Bəyan edirəm ki, müəllim bundan sonra da müstəqil Azərbaycanın həyatında görkəmli yer tutacaq, müəllimə qayğı gündən-günə artacaq və müəllimin şanı-şöhrəti daha da yüksələcəkdir.

Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq".

Fərrux Ramazanov məhz bu cür müəllimlərdəndir. O, müstəqil Azərbaycan müəllimlərinin I qurultayında Respublika Təhsil Şurasının üzvü seçilmişdir. Professor F.Ramazanov həm də Təhsil Nazirliyinin elmi-metodik şurasının üzvü, sosial-siyasi elmlər üzrə bölmə sədrinin müavini, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Respublika İctimai Birliyi"nin sədr müavini, AMEA-nın və Bakı Dövlət Universitetinin nəzdindəki doktorluq dissertasiyası şuralarının  üzvü olmuşdur.

Ciddi tədqiqatçı alim, peşəkar müəllim, bacarıqlı elm təşkilatçısı kimi tanıdığımız Fərrux müəllimin elmi yaradıcılığında iki əsas sahə üzrə aparılan tədqiqatlar üstünlük təşkil edir. Bunlardan biri xalqımızın fəlsəfi-etik fikir tarixi, digəri isə müasir dövrün qlobal problemlərindən biri kimi bütün bəşəriyyəti düşündürən və narahat edən ictimai ekologiya problemləridir. Bu problemlərin tədqiqinə və təhlilinə dair onun müxtəlif illərdə yazıb çap etdirdiyi "Azərbaycanın demokratik fikrində fəlsəfi-etik problemlər", "Cəlil Məmmədquluzadənin etik görüşləri", "İnsan və təbiət", "Elmi-texniki tərəqqi və ətraf mühitin mühafizəsi", "Sosial ekologiya problemləri", "İnsan həyatının mənası", "Təvazökarlıq və təkəbbürlülük haqqında" adlı kitabları və çap etdirdiyi dərin məzmunlu məqalələri onun geniş elmi erudisiyasından, aktual fəlsəfi problemlərin işlənməsinə olan böyük maraq və həvəsindən xəbər verir. Professor 12 monoqrafiya, dərslik, dərs vəsaitinin və çoxlu elmi, elmi-metodik və publisistik məqalənin müəllifidir. Professor Ramazanov uzun illər ali məktəblərdə işlədiyinə görə onun elmi-pedaqoji yaradıcılığında dərslik və tədris-metodik vəsaitlərin hazırlanması mühüm yer tutur.  Bu baxımdan onun rəhbərliyi, ümumi redaktorluğu və bilavasitə iştirakı ilə 1997-ci ildə Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərslik kimi təsdiq edilmiş irihəcmli "Fəlsəfə" kitabı, sonralar onun çapdan çıxmış ikinci, daha təkmil nəşri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Fərrux müəllimin rəhbərliyi ilə kafedra kollektivi elmi tədqiqat işlərini YUNESKO-nun fəlsəfə strategiyasına uyğun yerinə yetirmiş, ciddi araşdırmalar aparılmışdır.

Fərrux müəllim həm də yaxşı metodistdir. O, müəllimləri öyrədirdi ki, mühazirələr elə oxunmalı, seminarlar elə təşkil edilməlidir ki, orada qoyulan məsələlər uzun müddət tələbələrin hafizəsində qalsın. Başlıcası isə budur ki, fəlsəfənin tədrisi texniki ali məktəblərdə ümumi texniki fənlərin - fizika və riyaziyyatın tədrisi ilə sıx bağlı olsun. Fəlsəfə kafedrasında bu istiqamətdə xeylı işlər görülmüşdür. Hətta məsələ belə qoyulmuşdur ki, fizika və riyaziyyat müəllimləri tədris prosesində öz fənləri ilə  fəlsəfi problemləri əlaqələndirsinlər. Bu baxımdan  Fərrux müəllimin dosent L.A.Buxla birgə yazıb çap etdirdiyi "Texniki ali məktəblərdə fizikanın tədrisi prosesində tələbələrdə elmi dünyagörüşünün formalaşdırılması metodikası" (rus dilində) adlı əsər xüsusi diqqətə layiqdir.

Professor F.Ramazanov bir neçə beynəlxalq konfransın, o cümlədən İngiltərədə keçirilmiş 18-ci Dünya Fəlsəfə Konqresinin iştirakçısı olmuşdur. Burada o, "Azərbaycanın sosial-ekoloji problemləri və onların həll edilməsi yolları"  mövzusunda məruzə ilə çıxış etmişdir.

Fərrux müəllim respublikamızın yaxşı tanınan, adı həmişə böyük hörmət və ehtiramla çəkilən, müəllimlik sənətini həyatının mənasına çevirən pedaqoqlarındandır. Fəlsəfənin müxtəlif sahələri üzrə onun oxuduğu mühazirələr tələbə və aspirantlar tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanmışdır.  Professorun aspirantlara "Elmin və texnikanın fəlsəfi problemləri" adlı xüsusi kursdan oxuduğu mühazirələr daha çox vurğulanmağa layiqdir. Mənəvi gözəlliyi, zəngin dünyası olan Fərrux müəllim çox mehriban, maraqlı bir həmsöhbətdir. Görünür, onu insanlara sevdirən daxilindəki saf mənəvi duyğulardır. İnsanlara hörmət, tələbələrə qayğı Fərrux müəllimi səciyyələndirən gözəl keyfiyyətlərdəndir.

Uzun illər tələbələrin təlim-tərbiyəsi sahəsindəki səmərəli fəaliyyətinə görə Fərrux müəllim "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur.

Fərrux müəllimin elmi-pedaqoji fəaliyyətinin mühüm cəhətlərindən biri də dərs dediyi tələbə və aspirantlarda fəlsəfəyə böyük həvəs yaratması, onları elmi tədqiqat işlərinə, referat və məruzələr yazmağa cəlb etməsidir. Onun elmi rəhbərliyi altında hazırlanmış və ictimai elmlər üzrə hər 2-3 ildən bir keçirilmiş Ümumittifaq müsabiqələrində təqdim edilmiş tələbə elmi işləri respublika turunda və Moskvada yüksək qiymətləndirilmiş, ittifaq və respublika ali təhsil nazirliklərinin diplomlarına layiq görülmüşlər. Professorun iki tələbəsi Texniki Universiteti bitirməsinə baxmayaraq aspiranturaya fəlsəfə ixtisası üzrə qəbul olunmuş, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Onlar hazırda AMEA-nın Fəlsəfə İnstitutunda çalışırlar.

Fərrux müəllim özü isə tələbə işlərinin Ümumittifaq müsabiqəsində fəal iştirak etdiyinə, təqdim olunan işlərə elmi rəhbərliyinə görə Respublika Təhsil Nazirliyi kollegiyasının qərarı ilə 5 dəfə Fəxri fərmanla təltif edilmişdir.

Professor Fərrux Ramazanov tələbə gənclərin təlim-tərbiyəsi sahəsindəki fəaliyyətinə görə SSRİ Ali Təhsil Nazirliyi tərəfindən "Ali məktəb əlaçısı", üzərində "NİRS", yəni "Tələbə elmi tədqiqat işlərindəki nailiyyətlərə görə" sözləri yazılmış döş nişanları ilə təltif olunmuşdur.

Professor F.Ramazanov Texniki Universitetin və respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. O, otuz  ildən artıq bir müddətdə universitetin müharibə, silahlı qüvvələr və əmək veteranları şurasının sədri kimi fəaliyyət göstərmiş, tələbə gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi sahəsində iş aparmışdır.

Aktiv ictimai fəaliyyətinə görə "Ümumittifaq elmi-texniki cəmiyyət", respublika və Bakı şəhəri müharibə və silahlı qüvvələr veteranları Şuraları, respublika "Bilik" cəmiyyəti və müxtəlif gənclər təşkilatları tərəfindən Fərrux müəllimə çoxlu sayda fəxri fərmanlar verilmişdir.

Fərrux müəllim çox vətənpərvər bir insandır. Qarabağda erməni işğalçılarına qarşı aparılan müharibənin qızğın çağlarında o, respublikamızın digər ziyalıları ilə birlikdə müxtəlif cəbhə bölgələrində olmuş, Ağdam, Tərtər, Goranboy rayonlarında əsgər və zabitlər qarşısında çıxışlar etmiş, onları Vətənimizin keşiyində möhkəm dayanmağa, Azərbaycanın ərazi bütövlüyünü, dövlət müstəqilliyini qorumağa çağırmışdır. O, öz övladlarını da Vətənimizi qəlbən sevən, Azərbaycanın ərazi bütövlüyünü, dövlət müstəqilliyini qorumağa hazır olan vətənpərvər insanlar kimi tərbiyə edib boya-başa çatdırmışdır. Onun kiçik oğlu Respublika Mədəniyyət Nazirliyində inşaat üzrə böyük mühəndis vəzifəsində işləyən, ehtiyatda olan 38 yaşlı baş leytenant Nurəddin Ramazanov 1992-ci ilin sentyabr ayında iki körpə övladını qoyub könüllü olaraq Qarabağ cəbhəsinə yollanmışdır. O, Laçın rayonundakı bir neçə kəndin erməni qəsbkarlarından azad edilməsi uğrundakı döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur.

Fərrux müəllimin yaxın dostları və həmkarları onu zəngin biliyə, incə qəlbə, fəlsəfi müdrikliyə, geniş məlumata, müstəqil fikir və cəsarətli mühakimələr yürütməyə həvəs göstərən bir ziyalı kimi tanıyırlar.

Fərrux müəllim uzun və şərəfli bir ömür yaşamışdır. Onun işgüzarlığı, zəhmətsevərliyi, elmi və həyati problemlərə marağı, yaradıcı fəallığı onu tanıyanların təxəyyülünü bu gün də heyran etməkdədir. Fərrux müəllim çox təvazökar, hər kəsə kömək əlini uzatmağı bacaran, xeyirxah və mehriban bir insandır. Fərrux müəllim kimi insanlar yaşadığımız cəmiyyətin sadəcə üzvləri deyil, öz varlıqları və fəaliyyətləri ilə həyatımızı gözəlləşdirən unikal sərvətlərimizdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Fərrux Ramazanovun bütün bu xidmətlərini yüksək qiymətləndirərək ona Prezident təqaüdü verilməsi haqqında sərəncam imzalamışdır.

Fərrux müəllim bu gün də dəyərli məsləhətçi kimi fəlsəfə kafedrası ilə sıx əlaqə saxlayır və kafedranın məhsuldar fəaliyyəti üçün əlindən gələni edir. 

Xalıq YAHUDOV,
Az.TU-nun tədris işləri üzrə prorektoru, əməkdar müəllim,

Əyyub KƏRİMOV,
Az.TU-nun fəlsəfə və politologiya kafedrasının müdiri, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov