Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

"Müəllim özü nümunə olmaqla tələbəsini tərbiyələndirə bilər"

 

Səhifəmizin bugünkü qonağı BDU-nun jurnalistika fakültəsinin mətbuat tarixi  kafedrasının professoru, Prezident təqaüdçüsü Şirməmməd Hüseynovdur 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi 1925-ci ildə yaradılıb. 25 iyun 1954-cü ildə həmin fakültənin Elmi Şurasında MDU-nun mətbuat tarixi kafedrasının müdiri, professor A.Portyankinin rəhbərliyi ilə namizədlik dissertasiyasını birinci müdafiə edən tələbə Şirməmməd Ağaməmməd oğlu Hüseynov olub. Şirməmməd Ağaməmməd  oğlu  Hüseynov elmi fəaliyyətinə görə 1948-ci  ildə  "Nizami"  təqaüdünə,  iki dəfə: 1966-1972-ci  illərdə "Qızıl  qələm" mükafatına, 1988-ci  ildə  "Respublikanın əməkdar  jurnalisti"  adına, 1991-ci  ildə  "Zərdabi  mükafatı laureatı" adına, 1992-ci  ildə  "Yusif  Məmmədəliyev  adına mükafat"a, 1998-ci  ildə  "Məhəmməd  Əmin  Rəsulzadə adına  mükafat"a layiq  görülmüşdür.  2005-ci  ildən Prezident  təqaüdçüsüdür. Şirməmməd  Hüseynov 1954-1961-ci  illərdə  ADU-nun (indiki BDU) filologiya  fakültəsi, jurnalistika kafedrasının baş  müəllimi, sonra  dosenti, 1962-1969-cu  illərdə  filologiya  fakültəsinin dekan müavini, 1970-1976-cı  illərdə ADU-nun jurnalistika fakültəsinin  dekanı, 1976-1980-ci  illərdə  mətbuat  tarixi və  ideoloji iş metodları  kafedrasının müdiri vəzifələrində çalışıb. 1988-ci ildən bu günə kimi BDU-nun jurnalistika fakültəsində mətbuat  tarixi  və  ideoloji  iş metodları  kafedrasının  professorudur.  

Şirməmməd müəllimi ilk dəfə 34 il öncə auditoriyada görmüşəm. Tələbəsi  olmuşam, mühazirələrini  dinləmişəm.  Şirməmməd  müəllim dərs dediyi tələbələrə  deməzdi ki, mənə qulaq asın, dərsimdən qalmayın, dediklərimi  qeyd  eləyin. Onun böyük anlamda dərsinin cazibəsinə düşən biz tələbələri qoşa saatların nə vaxt bitməsini hiss etməzdik. Şirməmməd  müəllimin  mühazirələri  hələ oxumağa macal tapmadığımız dəyərli bir kitabın içindəkilər deməkdi... o mühazirələr olduqca maraqlı idi.

Şirməmməd  müəllim  bizə  doğru  düşünməyi, doğru yazmağı  öyrədib. Müxtəlif  kurslarda "Partiya-sovet  mətbuatı  tarixi",  "Burjua mətbuatının tənqidi"  fənlərini  tədris  edən  tanınmış  pedaqoq,   əslində  öz  mühazirələri  ilə həmişə  daha  çox  milli  mətbuatımızın qaranlıq səhifələrinə  işıq  tutub.

Jurnalistlər  ordusunda  onun  yetirmələrini  məhz  eyni bir  cəhət  birləşdirir, doğmalaşdırır: Milli  ruh, milli təəssübkeşlik.

Unudulmaz   müəllimimizlə  hazırda  çalışdığı Bakı  Dövlət  Universitetində, jurnalistika  fakültəsinin  mətbuat  tarixi  kafedrasında  görüşdük. Özünəməxsus  həmişəki təbəssümü  üzündə, göstərdiyi mənbələri  eynəksiz oxuyurdu...

-17 dekabr 1924-cü ildə Şəkidə anadan olmuşam. Atam  əvvəllər  Şəki İpək  fabrikində  işləyib. Sovet  hökuməti  gələndən  sonra  xırda  ticarətlə  məşğul  olub.  

...Nəsil  şəcərəm  barədə  kitablarımda  da  yazmışam. Mənim  ata  nəslimin də,  ana  nəslimin  də  nümayəndələri  çox  namuslu, qeyrətli, sanballı, bir  sözlə,   düz  adam kimi tanınıblar.

Üç yaşım  hələ  tamam  olmamış, 1927-ci  ildə  atam  vəfat  edib. Üç  qardaş, üç  bacı   qalmışıq  anamın  ümidinə. Heç  bir təhsil  görməyən,  evdar  qadın  olan  anamın  məşəqqətli  günləri  atamın   ölümündən  sonra  başlayıb.  O vaxta qədər çöl işi nədir bilməyən  anam  gedib  ipək  fabrikində  baramaaçan fəhlə işləyib, baramaların vaxtı  çatanda  onları  saf-çürük edib  yaxşıya-pisə  ayırıb.

Fabrikdən  aldığı  halal  maaşıynan  bizi  böyüdüb, çalışıb  ki, hər bir ehtiyacımızı  ödəsin. Oxumağımızın  da  qeydinə  qalıb,  ali  təhsil  ardınca  getməyimizdə  də  özünün  zəhmətli  işi,  alın  təri  bahasına  dayağımız  olub.

 Anam  işdə  olanda  ailənin  ilk  övladı- böyük  bacım  bizim  tərbiyəmizlə, dərslərimizlə  məşğul  olub, yeməyimizi- içməyimizi  hazırlayıb. Bəlkə də  elə  bu  səbəbdən  altı  bacı- qardaşdan  beşimiz  ali  təhsil  almışıq, bircə o   bacım  oxuya  bilməyib. Çox  zəhmətkeş  olub  böyük   bacım.  Həm  bizə  baxardı, həm  də  vaxt  tapan  kimi  qış  corabları  toxuyardı. O corabların  satışından  gələn  qəpik-quruş  ehtiyac, qayğı  yükü  ağır  olan  ailə  büdcəmizə   əvəzsiz  bir  kömək  idi...

Bayaq   dediyim  kimi,  anam  özü  evdar  qadın  olsa  da,  tanınmış, savadlı   nəsildən  idi... Bir  vaxtlar  Qafqazın  Şeyxülislamı  Molla Fərəc  Pişnamazzadə olub, anam  Sara  xanım  onun  bacısı  qızıdı. Dayılarım  da  təhsilli  adamlardı...      

 Biz  rayon  mərkəzində  yaşayırdıq. Valideynlərimin  beşinci  uşağı  idim. Ailəmizdə  düzlük  o  qədər  əsas  şərt  idi  ki, qonşumuzun  alça  və  ya  gavalı  ağacının  budaqları  çəpərin  üstündən  aşıb  bizim  tərəfə  əyilsə  də, ağlımıza  gəlməzdi   ki, meyvələrdən birinə əl  uzadaq...Hətta  özü  qopub  yerə  düşənləri də  anam  bizə  yığdırar,  deyərdi  ki,  aparın  verin  sahibinə...Əgər  qonşu  apardığınız  meyvələrdən  sizə  verərsə, yeyərsiz, verməzsə, haramdı, toxunmazsız.  Bax,  beləcə  halallığa  öyrətməklə   böyüdüb  anam  bizi...  

- Şirməmməd  müəllim, məktəb  illəri ilə bağlı  xatirələriniz də maraqlı olardı...  

- Altı  yaşım  olanda  birinci sinfə  getmişəm. Orta  təhsil  illərim  Şəkidə  keçib.   Məktəb  üzrə   fərqlənən   şagirdlərdən  sayılırdım. Keçirilən respublika  olimpiadalarında  iştirak edər, qazandığım  uğurlarla  həmişə məktəbimizin, müəllimlərimin   başını  uca  edərdim.

...Bax, bu  şəkli  görürsən? Ön  cərgədə sağdan  dördüncü  dayanan  mənəm. 30  iyul   1940-cı  ildə  Soçidə  çəkilib. Mənim  üçün  çox  qiymətli  fotoşəkildi.  Bu gün  də  dəyərli  bir  xatirə  kimi  qoruyub  saxlayıram.

1940-cı  ilin  yayında  on  beş  müttəfiq  respublikadan olimpiadalarda  yer  tutmuş  əlaçı  şagirdləri  seçib  Soçiyə  dincəlməyə  göndərmişdilər.

Olimpiadada  fəxri  yer  tutduğuma  görə  Azərbaycan  Respublikasından  Soçiyə  göndərilmiş  beş  nəfər azərbaycanlı  şagirdin  biri  mən   idim. O günlərin yadigarıdı  bu  şəkil...

Oxuduğum  Şəki  şəhəri,  Mirzə  Fətəli Axundov  adına  2 nömrəli  orta  məktəbi  on  altı  yaşımda  "əla" qiymətlərlə  başa  vurmuşam. Məktəbimizin  birinci  buraxılış  məzunlarındanam.

...1941-1943-cü illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxumuşam və bitirmişəm. Bu  məktəbin  də  birinci buraxılış məzunlarındanam.

Bir müddət Zaqatalanın Varxian, Şəkinin Aşağı Göynük, Oxut  kənd orta məktəblərində fizika-riyaziyyat müəllimi, "Nuxa fəhləsi"  qəzetində  ədəbi  işçi  işlədim.

1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil aldım, universiteti fərqlənmə diplomu ilə bitirdim. Yenə də birinci buraxılış...

Hər yerdə  birinci  buraxılış məzunu  olmağım  da  sırf  taleyin  qismətidi.  Adam  hətta  özü  bilərəkdən istəsə  belə,  birinci  olmaq  tarixlərini   bu  cür  ardıcıllıqla   düzə  bilməz.  

- Qələm  əhli  adətən  vaxt  qıtlığından  şikayətlənir... 

- Mənim   vaxt qıtlığı  problemim  olmayıb. Jurnalistika  şöbəsində  oxuya- oxuya, tələbəsi  olduğum  universitetin  "Lenin  tərbiyəsi  uğrunda"  qəzetində  redaktor  müavini, daha sonra  "Azərbaycan  müəllimi" qəzetində  şöbə  müdiri  işləmişəm.

Vaxtımı  elə  bölürdüm  ki, dərslərimi  də  yüksək  səviyyədə  oxuyurdum, mənə  həvalə edilən  işi də axşama qoymurdum. 

- Universitet  illəri  arxada  qaldı... 

- Bu  dəfə  təhsilimi  Rusiyada  davam  etdirdim. 1950-1954-cü  illərdə M.V. Lomonosov  adına  Moskva  Dövlət  Universitetinin  jurnalistika  fakültəsinin aspiranturasında  təhsil  aldım...

Moskva  dövrü   ömrümün  qızıl  hərflərlə  yazılan  ən  səmərəli  illəri    olub.

Mənim  dissertasiyamın  mövzusu  1917-1920-ci  illəri  əhatə  edirdi. Bütün  mənbələr  əski  əlifbaynan, ərəb  dilindəydi. Hələ Bakıda  tələbə  olduğum  illərdə öz respublikamızın  kitabxanalarında,  arxivlərində  elmi  işim  üçün  lazım  olan  materialları əldə  edə  bilmirdim. Nədənsə, onların  istifadəsinə  imkan   yaradılmır,  icazə  verilmirdi. Amma  Moskvada  bu  qadağa  ilə  üzləşmədim. Orada  oxuduğum  dövrdə  sərasər  dörd  il  kitabxanaları, arxivləri  araşdırdım, Azərbaycan  mətbuatına  dair mənbələri  tapıb  üzə  çıxardım.

Bu  sırada  məqam  tapdıqca Üzeyir Hacıbəyovun,  Soltan  Məcid  Əfəndiyevin, Nəriman Nərimanovun, Məhəmməd  Əmin  Rəsulzadənin  də  vaxtilə  qadağan  edilmiş   əsərlərinin  üzünü  köçürüb  nüsxələyirdim. Moskvada  oxuduğum  illərdə  bir  dəqiqəmi  də  boş  yerə  sərf  etmirdim. O dövrdəki  arxiv  araşdırmalarımın, qeyd  dəftərlərimin  hamısını  bu  günə  kimi  saxlamışam. Atalar deyib, saxla  samanı,  gələr  zamanı...

İndi  də  əlimdə  elə  mövzular  var  ki, onları  araşdırmaq, bərpa  edib  millətə  tanıtmaq,  geniş  oxucu  auditoriyasının  ixtiyarına  vermək  gərəkdir.

 - Elmi araşdırmalarınızın əsas  mövzusu? 

- Mən milli mətbuat tariximizin  1917-1920-ci illər dövrünün və Məhəmməd Əmin Rəsulzadə irsinin  araşdırıcısıyam. Mətbuatımızı  təmsil  edən  hər  bir  qələm  əhli  nədən  yazdığına  və  necə  yazdığına  ciddi  yanaşmalıdır.

Mənim  vurğulamaq  istədiyim  odur  ki,  1917-1920-ci  illər  milli  mətbuatımızın  tarixini  əks  etdirən  qiymətli  materiallar  dərindən  öyrənilməli,  tədqiq  və  təbliğ  olunmaqla  yanaşı,  həm  də  hifz  edilib  qorunmalıdır. İndi  daha qadağalar da yoxdur. Sağ  olsun  arxiv  əməkdaşları, işləmək  istəyənə  hər  cür  şərait  yaradırlar. Əsas  odur  ki,  araşdırıcının  özünün  çalışmağa  həvəsi,  şövqü  ola...

Tarixlə  məşğul  oldunsa, gərək  hər  şəraitdə   obyektiv  olasan, səhvsiz  işləməyi  bacarasan. 

- Moskvada senzura səddi ilə heç   qarşılaşmadınız? 

- Bu cəhətdən  doğrudan  mənim  bəxtim  gətirmişdi. Moskvada - Qlavlit  adlanan  idarədə   azərbaycanlı  senzor  vardı- Əlihüseyn Əliyev. Rus qadınla  evlənmişdi, həmişəlik  Moskvada  yaşayırdı.

Əlihüseyn  əslən  şəkiliydi,  üstəlik  də  orta  məktəb  yoldaşım  idi. Yazılarımı  senzor  kimi  o  yoxlayırdı. Baxdığı  materiallarımın da  çapına   şəxsən  özü  icazə  verirdi. Əlihüseynin qoyduğu  dərkənardan  sonra, kimin  ixtiyarı  vardı  ki, ağzını  açıb  bir  kəlmə  söz   desin. Mən  də  Məhəmməd  Əmin  Rəsulzadənin  əsərlərinin  üzünü  köçürürdüm, sonda  müəllifin  adının  yerində  yazırdım  "Üzeyir   Hacıbəyov"... "Nəriman  Nərimanov"...  "Soltan  Məcid  Əfəndiyev"... Onlar  bolşevik  yazarlar   sayıldığından, problem  yaranmırdı. Əsl  müəllifin  də  adının  altından  xətt  çəkib  işarələyirdim  ki, sonradan  baxanda  özüm  də  müəyyən  edə  bilim ki, əsər   əslində  hansı  müəllifindir. Hamısını  Bakıya  gətirdim...Bu illər ərzində 26 adda  kitab hazırlayıb  nəşr  etdirdim. Oxuculara  təqdim  etdiyim   materialların  hamısı ilk  dəfə çap  olunur. 

Hələ  yorulmamışam. İndi  də  imkan  düşdükcə  arxivləri   araşdırıb yeni  mənbələr  tapır, əski  əlifbadan  yeni  əlifbaya  köçürür, kompüterdən çıxartdırır,  nüsxələdirəm... Sonra  aparıram  şərqşünaslıq  fakültəsinə, göstərirəm  ərəbşünaslara, farslara. Onlar  da  öz  qeydlərini  edirlər. Ərəbcəni  Vasim  Məmmədəliyev yaxşı  bilir. Dediyim   odur  ki, mən  şərqşünaslarla  əlaqəli   çalışıram. Kitablarımı  da  sovet  dövründən  üzü  bəri  heç  vaxt  dövlət  və  ya  sponsor  hesabına  maliyyələşdirməmişəm. Öz  halal  maaşımdan, təqaüdümdən  etdiyim  qənaət  hesabına  demək  olar  ki,  ildə  bir  kitabım  işıq  üzü  görür. Bütün  bu  proseslərin  hamısı zəhmət, vaxt  və  vəsait  tələb  edir. 

- Şirməmməd müəllim, neçə ildir  BDU-da pedaqoq  kimi  çalışırsınız? 

- 1954-cü  ildən  bu  günə  qədər. 

- Tələbələriniz  sizdən   həmişə  dərin  rəğbət  və  ehtiramla  danışır...  

- Bu,  sizin  fikrinizdir. Mən  bu  barədə  bir  söz  deyə  bilmərəm. Ancaq  bildiyim  odur  ki, dərsimə  gecikən  deyiləm - bu  bir. Hazırlıqsız  əsla  auditoriyaya girmərəm - bu  da  iki.

Baxmayaraq  ki,  eyni  sahədə  çalışdığım  əlli  səkkiz  ildən  artıqdı, hətta  bütöv  auditoriyaya  deyil, ikicə  nəfərə  belə  dərsim  olsa, yenə  də sabahkı  dərsə irəlicədən  hazırlaşıram.

Bununla  belə,  yenə  də iddia  edə  bilmərəm  ki, tələbələrim  məndən  razıdı,  ya  narazıdı...öyrənirlər, ya  öyrənmirlər. Bilirsiz, tələbəni  mühazirə  nə  qədər  öyrədirsə, bir  o  qədər də  əsər  öyrədir. Gərək  nə  yazmısansa, qoyasan  tələbənin  qarşısına,  o  da  oxuya. Müəllim  özü  nümunə  olmaqla  tələbəsini  tərbiyələndirə  bilər, sözlə  bu  mümkün  olan  şey  deyil. 

- Neçə  övlad  böyütmüsünüz?  

- İki  qızım  var. Fərəh və  Lalə. Bizim  şəcərədə  ümumiyyətlə,  elmə, təhsilə  maraq həmişə  üstün olub. Böyük  qızım  Fərəh  Əliyeva (həyat  yoldaşının soyadını daşıyır) sənətşünaslıq elmləri  doktoru, Bakı Musiqi Akademiyasının  professoru, Mədəniyyət  və Turizm Nazirliyində incəsənət şöbəsinin müdiridi. 

Qızlarım  Bülbül adına musiqi    məktəbində oxuyublar... Dörd-beş  yaşları  olanda  apardım ikisini də  bəstəkar  Süleyman  Ələsgərovun  yanına (Allah ona  rəhmət eləsin), musiqi  qavrama  qabiliyyətlərini yoxlatdırdım. Süleyman   Ələsgərov hər iki  qızımın musiqi duyumundan razı  qaldı.

Çalıb  oxumaq  üçün,  oynamaq  üçün   yox,   musiqişünaslıq  elmi  ilə,   musiqi  tariximizlə   məşğul   olmaq  üçün  uşaqlarımı  musiqi  sahəsinə  yönəltdim...

O  biri  qızım  Lalə  Hüseynova  (bu  qızım  mənim  soyadımı  daşıyır) da   sənətşünaslıq  elmləri üzrə  fəlsəfə  doktorudu, dosentdi.  Bəstəkarlar  İttifaqının  məsul katibi  işləməklə bərabər, həm konservatoriyada çalışır,  həm  də Heydər  Əliyev  adına  liseydə mədəniyyət tarixindən dərs deyir.

Həyat  yoldaşım  Ülkər Hüseynova  "Elm  və  həyat" jurnalında  redaktorun müavinidir. Bizim dördümüzün - mənim,  yoldaşımın   və   iki   övladımızın    son   on  ildə  24  kitabımız  çıxıb. 13 kitab mənimdi, 4-ü  yoldaşımındı.  Yeri gəlmişkən, Lütfi Zadə  haqqında  Azərbaycan dilində ilk kitabın müəllifi   Ülkər  xanımdı. 132  nömrəli məktəbin  tarixinə həsr edilmiş kitabı da Ülkər xanım hazırlayıb...

Dörd nəvəm var: iki oğlan, iki  qız. Dördü də ali  təhsil alıb, magistratura bitirib. Ən  kiçik  nəvəmin 23 yaşı  var:  Nilufər Rəhimova.  Bu  saat  Yaponiyada   məşhur  Kioto  Universitetində  əczaçılıq  üzrə  magistratura   təhsili  alır. Onun  Yaponiyadakı  elmi   rəhbəri   ötən  il    Nobel  mükafatı   aldı. Nilufər  ingilis, yapon, fransız, türk, rus  dillərini sərbəst bilir. Elmi rəhbəri  deyir  ki, mən dünyada  azərbaycanlılar  kimi  istedadlı  millət  görməmişəm,   biz  yaponlar  cəmi  iki  dil  bilirik- yapon dili,  bir də  ingilis dili, amma  azərbaycanlılardan hansı  gəlirsə, ən azı beş dil  bilir. Təvazökarlıqdan  kənar  olmasın, nəvələrim     hamısı   zəhmətkeşdilər,  gecəni   gündüzə  qatıb  oxuyublar. İlk nəvəm  Əhəd  Əliyev    Amerikada  təhsil alıb. İngiliscə  təmiz bilir. Əhədin  qardaşı  Toğrul  Əliyev  isə  stomatoloqdu. O   da  təcrübəni  Türkiyədə  keçib. Oğlanlar Fərəhin uşaqlarıdı,   qızlar  Lalənin.

Nilufərin  böyük  bacısı  Leyla  Rəhimova   Heydər Əliyev    Fondunda  işləyir.  İngilis dilini, incəsənət  sahəsini    çox  gözəl  bilir. O da  həm  Bülbül  adına  məktəbi,  həm  də konservatotiyanı    bitirib.  

- 34 il əvvəlki tələbəniz kimi yenə də  sizi dinləyirəm. 

-Nəinki yazanda, hətta danışanda  belə ehtiyatımızı əldən  buraxmamalıyıq. Düşmən bəzən öz sözümüzü  silaha  çevirib  bizi vura  bilər. Gəncliyi  elə  ruhda  yetişdirməliyik  ki, intellektual  səviyyəsi, davranışı, dünyagörüşü, dil  bilmək  qabiliyyəti və digər  məziyyətləri  ilə millətimizi  hər yerdə  təmsil  edə  bilsin. 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov