Naxçıvan
Dövlət Universitetində 9 noyabr Dövlət Bayrağı Gününə
həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə
açan rektor, akademik İsa Həbibbəyli xalqın müstəqillik,
suverenlik, milli azadlıq, istiqlal ideallarının
simvolu, əsas dövlətçilik atributlarından olan
Azərbaycan bayrağının hər bir vətəndaş üçün müqəddəs
olduğunu bildirdi. Vurğulandı ki, ümummilli lider Heydər
Əliyevin milli dəyərlərə və dövlətçiliyə sədaqət
ideyasını ehtiramla yaşadan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dövlət bayrağını qürur mənbəyi
kimi qiymətləndirərək "Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının
yaradılması haqqında" 17 noyabr 2007-ci il tarixli, "9
noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət
Bayrağı Günü kimi qeyd edilməsi" barədə 17 noyabr
2009-cu il tarixli sərəncamları imzalamış və digər
qanunvericilik aktları qəbul etmiş, onun təşəbbüsü ilə
Dövlət Bayrağı Meydanı və muzeyi yaradılmışdır. Rektor
Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı
Meydanının yaradılması istiqamətində görülən işləri
təqdir edərək gənclərə milli məfkurəyə, dövlətçilik
ideologiyasına, dövlət atributlarına sadiq qalmağı
tövsiyə etdi.
Universitetin
tələbə gənclər təşkilatının sədri, ATGT-nin sədr
müavini, magistr Arzu Abdullayev "Azərbaycan bayrağı
dövlətimizin müstəqillik simvoludur" mövzusunda məruzə
edərək üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə
Azərbaycan Demokratik Respublikası dövründə qəbul
edilməsi, 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər
Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali
Sovetinin sessiyasında Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul olunmaşı, 1991-ci il fevral
ayının 5-də Azərbaycan Respublikasının Ali Sovetinin
üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul
edilməsinə dair qərar qəbul etməsi haqqında məlumat
verdi.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əməkdar
müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xarici
tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə
doktoru, dosent, şair Xanəli Kərimli "Azərbaycan
bayrağı" şeirini oxudu, universitetin Tələbə Teatr
Studiyasının ifasında ədəbi kompozisiya nümayiş
etdirildi.
Mehriban SULTAN |