Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də
Bakının Nəsimi rayonundakı 1 nömrəli tam orta məktəbin
əsaslı təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyəti ilə tanış olmuşdur.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı
təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq paytaxtın Nəsimi
rayonundakı 1 nömrəli tam orta məktəb əsaslı şəkildə
yenidən qurulmuşdur.
Prezident İlham Əliyev əvvəlcə məktəbin təmirdən əvvəlki
və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks
etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi. Bildirildi ki, iki mərtəbədən ibarət olan
məktəbin binası 1870-ci ildə inşa olunub. Bina 1897-ci
ildə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev tərəfindən alınaraq yenidən inşa olunub və
qızlar gimnaziyası kimi fəaliyyət göstərib. Hazırda 24
sinif otağından ibarət məktəbdə 700 şagird təhsil alır.
Dərslər iki növbədə keçirilir.
Prezident
İlham Əliyev məktəbdə yaradılan şəraitlə yaxından tanış
oldu.
Məktəbin müxtəlif fənn kabinetləri və laboratoriyaları
tədris üçün lazım olan bütün əyani vasitələr və
avadanlıqla təchiz edilib. İnformatika sinfində ən
müasir kompüter dəstləri quraşdırılıb. Akt zalı və
kitabxana müasir standartlar səviyyəsində təmir edilib.
Məktəbdə əlavə 10 sinif otağının inşa olunacağı da
nəzərdə tutulur. Tədris ocağının ətraf ərazisində də
abadlıq və quruculuq işləri həyata keçirilib.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı
müvafiq tapşırıqlarını verdi.
AzərTAc |