Oxucularımızla tanış etmək istədiyimiz dünya çempionu
İlqar Hüseynzadə 1998-ci ildə Bakı şəhərində dünyaya göz
açıb. Altı yaşında Bakının Xətai rayonundakı Ayaz
Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin 1-ci
sinfinə gedib. Hazırda da həmin məktəbin IX sinfində
oxuyur. İlqar 5 yaşından rayonda fəaliyyət göstərən
"Ruslan" İdman Sağlamlıq Mərkəzində idmanın karate növü
ilə məşğul olur. Ona burada Qara kəmər ustası olan
məşqçi-müəllim Vüqar Kərimov karatenin sirlərini
öyrədir. O, hazırda mərkəzdə məşqlərini davam etdirməklə
yanaşı, Azərbaycan Karate Yığma Komandasında da məşğul
olur. Komandanın baş məşqçisi Anar Allahverdiyevin
rəhbərliyi altında bu oyunun bütün incəliklərinə
yiyələnir.
Hər qələbə bir sevincdir
İlqarla
təhsil aldığı orta məktəbdə görüşdük. Qazandığı idman
uğurları ilə maraqlandıq. Hələ kiçik yaşlarından idmanın
karate növünə olan marağından söhbət açdı. Çəkdiyi
zəhmətin itmədiyini, hər yarışda qələbə qazandığını
bir-bir sadaladı. Bildirdi ki, 2008-ci ildə ulu öndər
Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə
həsr olunmuş respublika karate yarışında I yeri, 2011-ci
ildə Azərbaycan Liqa turnirində 12-13 yaşadək olan
idmançılar arasında keçirilən turnirdə I yeri, elə həmin
il Gürcüstanın Batumi şəhərində prezident kuboku uğrunda
keçirilən çempionatda II yeri, "Baku Open-2011" karate
yarışında I yeri tutaraq medallar, diplomlar qazanıb. Bu
qələbələrin hər biri ona sonsuz fərəh və sevinc bəxş
edib. Eyni zamanda bu uğurlar ona gələcək yarışlarda da
qələbə qazanmaq üçün böyük ruh və qüvvə verib.
"Erməni idmançısını 3:0 hesabı ilə uddum"
2011-ci ildə Rostov şəhərində 12-13 yaşlı, 45 kiloqram
çəki dərəcəsində oğlanlar arasında keçirilən Rusiyanın
ordu generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
D.D.Levyuşenkonun xatirəsinə həsr olunmuş regionlararası
"Ümid" çempionatı mənim üçün daha gərgin və uğurlu bir
yarış olub. Ona görə ki, final yarışında rəqibim erməni
döyüşçüsü Armen Sarkisyan idi. Sözün doğrusu, yarışa
başlayanda çox həyəcanlı idim. Zaldakı erməni
tamaşaçılarının çoxluğu, oyun zamanı ona səs-küylə
dəstək vermələri məni bir qədər qıcıqlandırırdı. Bütün
bunlara baxmayaraq, var qüvvəmi səfərbər etmişdim.
Armenə ilk zərbələrimi vurandan sonra bütün gərginliyim
keçdi. Artıq mən 2:0 hesabı ilə irəlidə idim. Fasilə
zamanı Armen mənim ayağıma bərk bir zərbə vurdu. Mən də
ona möhkəm bir zərbə vurandan sonra hər ikimizə
xəbərdarlıq etdilər. Mən başa düşdüm ki, Armen uduzduğu
üçün yarışı pozmaq istəyir. Amma onun murdar niyyəti baş
tutmadı. Yarış davam etdi. Erməni döyüşçüsünü 3:0 hesabı
ilə uddum. Birinci yerə çıxdım. Qızıl medala layiq
görüldüm. Mən erməni idmançısına qalib gəldiyim üçün
daha çox qürur hissi keçirirdim. Bu qələbəmə görə yaxın
dostlarım, qohumlarım, məktəbimizin şagird və müəllim
kollektivi də məni təbrik edib alqışladı.
Türkiyədə dünya çempionu adını qazanıb
Bu
il martın 23-25-i tarixlərində Türkiyənin İstanbul
şəhərində 44 ölkənin iştirak etdiyi karate üzrə
keçirilən dünya çempionatında Azərbaycandan 120-ə yaxın
idmançı iştirak edib.
Bu yarışda məşqçi-müəllim Vüqar Kərimovun da 15-ə yaxın
şagirdi iştirak edib. Onların arasında İlqar Hüseynzadə
də var idi. İlqar bu yarışa çox ciddi hazırlaşmışdı.
Yarışlar martın 23-də başlasa da, İlqar bir gün sonra,
martın 24-də 4 oyun keçirib. O bu döyüşdə əvvəlcə iki
türkiyəli, bir misirli idmançını məğlub edərək finala
çıxıb. Elə həmin gün final yarışında türkmənistanlı
oyunçu ilə döyüşüb. Son dərəcə gərgin keçən döyüş 0:0
hesabı ilə nəticələnib. Amma bu yarışın nəticəsi qaydaya
görə bayraq qaldırmaqla müəyyən edilib. Yarışı idarə
edən beş hakimin hamısı İlqarın yüksək texnika ilə
döyüşdüyünə görə yekdilliklə onun qalib olduğunu
təsdiqləmək üçün bayraqlarını qaldırıblar. Beləliklə də
İlqar Hüseynzadə 14-15 yaş qrupu arasında karate üzrə I
yeri tutaraq dünya çempionu olub. O, Türkiyədən doğma
Azərbaycana dünya çempionu kimi, qızıl medalla qayıdıb.
Onun bu fərdi qələbəsi münasibəti ilə məktəblərinin
həyətində təmtəraqlı bir tədbir keçiriblər. Məktəbin
direktoru Tahir Süleymanov, fiziki tərbiyə müəllimləri
Rasim Nəsibov, Kamil Mehdiyev və başqaları çıxış edərək
bu yüksək qələbə münasibəti ilə onu səmimi-qəlbdən
təbrik edib, doğma müəllimlərinin, məktəblərinin,
məşqçilərinin başını uca etdiyinə görə ona
təşəkkürlərini bildiriblər. Sonra İlqara məktəbin fəxri
fərmanı və hədiyyələr təqdim olunub.
"İlqar Azərbaycan bayrağını daha da yüksəklərə
qaldıracaq"
İlqar Hüseynzadənin məşqçisi III-dan qara kəmər ustası,
beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun dediklərindən:
- İlqar 5 yaşından mənim yanımda məşqə başlayıb. Hələ
ilk vaxtlar mən onda olan istedadı hiss etmişdim. Öz
bacarığı ilə seçilən İlqar tez bir zamanda karatenin
incəliklərinə yiyələnə bildi. Artıq 8-9 yaşlarında
Azərbaycanda karate üzrə keçirilən müxtəlif yarışlarda
iştirak etməyə başlayıb. O, 10-11 yaşlarında isə artıq
ilk uğurlu nəticələr əldə edib.
İndi İlqarın 14 yaşı var. Azərbaycanın karate üzrə yığma
komandasının üzvüdür. O, Türkiyənin İstanbul şəhərində
keçirilən dünya çempionatının qalibi olub.
Mən bir məşqçi kimi inanıram ki, İlqar böyüklər arasında
keçirilən Avropa və dünya çempionatlarında Azərbaycan
bayrağını yüksəklərə qaldıran idmançılar sırasında
olacaqdır.
İlqar bir an belə məşqlərindən qalmır, öz üzərində son
dərəcə məsuliyyətlə çalışır. Valideynləri də bu işdə ona
mənəvi dəstək olurlar.
İlqar hazırda daha bir beynəlxalq yarışa hazırlaşır.
Həmin yarış bu il noyabrın 8-9-u tarixlərində
Gürcüstanın Tbilisi şəhərində keçiriləcək "Tbilisi
Open-2012" beynəlxalq turniridir. O, 14-15 yaşlı
oğlanlar arasında keçiriləcək bu karate yarışından da
qələbə ilə qayıtmaq arzusundadır. Bu çətin yarışda biz
də ona uğurlar diləyir, arzuların çin olsun, deyirik! |