Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Onları sevmək azdır...

 

Ölkənin gələcəyi onların fəaliyyətindən birbaşa asılıdır. Çünki hamımızı müstəqil həyata onlar hazırlayırlar. Son illərdə Azərbaycanın təhsil sisteminin inkişafına göstərilən xüsusi dövlət qayğısı bu insanların fəaliyyət imkanlarını daha da genişləndirir.  

Təhsil ocaqlarında balalarımızın təlim-tərbiyəsi yolunda özünü fəda edən minlərlə pedaqoq çalışır. Onlardan biri ilə həmsöhbət olmaq çox maraqlıdır. Nədən danışsan da, istər-istəməz söhbət dönüb-dolanıb müasir təhsil sisteminin üstünə gələcək. 

Söhbət Səbail rayonundakı 236 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Şəhla  Əhmədovadan gedir. Əslində "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin (o cümlədən Ş.Əhmədovanın) düşüncələrini bölüşmək öz-özlüyündə maraqlıdır. Çünki məhz onları qalib edən səbəblər (müasir təlim metodlarından istifadə, informasiya-kommunikasiya texnologiyalarına bələdçilik, tədris etdiyi sahəyə peşəkarcasına bağlılıq və s.) bu gün təhsilimizin əsas meyarlarından biridir.

O deyir ki, indi bütün dünyanın məşhur təhsil ocaqlarında  yenilikçi düşüncəyə, müasir təlim metodlarına geniş meydan verilir.  Bu prizmadan yanaşanda Azərbaycanın  müasir təhsil sisteminin beynəlxalq aləmə, dünyəvi dəyərlərə inteqrasiya olunmasının çox böyük əhəmiyyəti var.

Yeri gəlmişkən, Şəhla Əhmədova 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək  riyaziyyat və informatika ixtisasına yiyələnib. 1995-ci ildən Səbail rayonundakı 236 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika  müəllimi işləyir. 

Müəllim adını həmişə şərəflə doğruldan Şəhla xanımın əməyi layiqincə qiymətləndirilib. 2010-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri  fərmana layiq görülən Ş.Əhmədova 2011-ci ildə  Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2011-ci ildə BŞTİ tərəfindən keçirilən "Riyaziyyat aylığı" müsabiqəsində "Ən yaxşı açıq dərs" nominasiyasının qalibi olub. 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri də Şəhla Əhmədovadır.

Şagirdlərinə bir qayda olaraq mütərəqqi tədris metodlarını əxz etdiyindəndir ki, yetirmələri ali təhsil ocaqlarına qəbul zamanı yüksək nailiyyətlər əldə edirlər.  

Müasir təlim metodlarından istifadəyə üstünlük verən Şəhla Əhmədova tez-tez ulu öndərimiz Heydər Əliyevin bu kəlamını xatırlayır: "Cəmiyyətin gələcək tərəqqisi indi  gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır".

O, söhbət zamanı dedi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilimizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqini bu günün əsas məqsədi hesab edir. İnformatika müəllimi olduğum üçün bu sahədə üzərimə hansı məsuliyyətin düşdüyünü çox yaxşı dərk edirəm. Hər bir insanın  həyatda bir amalı var. Müəllim olaraq mənim amalım savadlı, tərbiyəli, sözünü deməyi bacaran, həmişə axtarışda olan vətənpərvər şagirdlər yetişdirməkdir. Pedaqoji fəaliyyətimdə yəqin etmişəm ki, tədris zamanı informasiya texnologiyalarının tətbiqi, mənəvi dəyərlərimiz, vətənpərvərlik ruhunda tərbiyə, ekoloji tərbiyə yaradıcı fəaliyyətin əsas hissəsini təşkil edir.

Oyunlar vasitəsilə keçilən dərslər şagirdlər tərəfindən daha yaxşı mənimsənilir. Ən çox nəyi öyrətməkdən çox, necə öyrətməyi düşünürəm. Dərslərimi daha keyfiyyətli, daha səmərəli tədris etmək üçün informasiya texnologiyaları üzrə bir neçə kurs keçmişəm. Yeni təlim metodlarının tətbiqi müəllimdən daha çox zəhmət, informasiya və yaradıcılıq tələb edir. Mən dərslərimi yeni texnologiyaların geniş imkanlarından istifadə etməklə keçirəm. Məktəbimizin  direktoru Xanlar İmaməliyev də həmişə fənlərin tədrisində pedaqoji kollektivə modern metodlardan istifadəyə üstünlük verməyi tövsiyə edir.

...O, hər gün sinif otağına böyük arzu və istəklə daxil olur. İnanır ki, təlim-tərbiyə verdiyi şagirdlər sabah müstəqil Azərbaycanın ən mühüm sahələrində çalışacaq, beynəlxalq kürsülərdə ölkəmizi layiqincə təmsil edəcəklər.

Məhz buna görə də şagirdlər hər dəfə sirli-sehrli qırx beş dəqiqənin necə keçdiyini hiss etmirlər. Belələrini isə sevmək azdır...  

Vasif SÜLEYMAN,
"Azərbaycan dəmiryolçusu"  qəzetinin baş redaktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov