Bu
yaxınlarda Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə
doktoru, dosent, əməkdar müəllim Əlihəsən Həmzəyev
Hindistanda Maunt Abu şəhərində keçirilən beynəlxalq
elmi tədbirdə iştirak edib.
4-9 oktyabr tarixində Braxma Kumaris Ümumdünya
Mənəviyyat Universitetində təşkil olunan beynəlxalq
tədbir haqqında Ə.Həmzəyev təəssüratlarını bizimlə
bölüşərək deyir:
- Braxma Kumaris Ümumdünya Mənəviyyat Universiteti
"Ağlın dincliyi" adlı Beynəlxalq retrit keçirir. Maunt
Abu şəhərində universitetin baş qərargahında bu təhsil
ocağının 75 illik yubileyi münasibətilə keçirilən
proqramda yüzdən artıq millətin nümayəndələri, müxtəlif
peşə, mədəniyyət adamları, eləcə də dövlət rəhbərləri
iştirak edirdilər. Orada bir həftə ərzində çox maraqlı
və mənalı tədbirlərdə iştirak etdim. Müxtəlif
millətlərin nümayəndələri ilə görüşlər keçirdim. Ən
yaddaqalan və ürəkləri riqqətə gətirən iki məqam
haqqında fikirlərimi bildirmək istəyirəm.
Birincisi odur ki, 10 minə yaxın iştirakçının qarşısında
çıxış edərək öz ürək sözlərimi onlara çatdırdım. İlk
növbədə, hind xalqını odlar yurdu - Azərbaycan xalqı,
rəhbərlik etdiyim kollecin müəllim və tələbələri adından
salamladım. Yubiley münasibətilə onları təbrik edərək
qeyd etdim ki, Braxma Kumaris təşkilatı saf səylər
sayəsində bütün dünyanı zorakılıq əleyhinə mübarizə
aparmağa, müxtəlif xalqların insanları arasında daha
yaxşı münasibətlərin yaranmasına səsləyir. Ümid edirəm
ki, sülh və əmin-amanlıq doğma Azərbaycan torpağına da
gələcəkdir. 20 faiz torpağımız ermənilər tərəfindən zəbt
edilmişdir. Azərbaycan həmişə sülh tərəfdarı olub və
olacaqdır. Artıq 20 ildən yuxarıdır ki, bizim dövlətimiz
qan tökmədən bu konflikti həll etməkdən ötrü əlindən
gələni edir. Braxma Kumaris Universitetinin təbliğ
etdiyi və yaydığı ideyalar qloballaşmaqda olan
dünyamızın dayağıdır, hətta bu dünyanı böyük faciələrdən
xilas etmək gücünə malikdir.
İkinci ən çox yaddaqalan hadisə isə Hindistana və bütün
dünyaya yayılan "Badhuban" radiosuna verdiyim müsahibəm
oldu. "Badhuban" tərcümədə "bal meşəsi" deməkdir, yəni
ballı torpaq, şirinli torpaq. Radionun əməkdaşları
dedilər ki, onların əsas məqsədləri dinləyicilərinin
mədəni inkişafı və birliyi, sağlamlığı, sosial təminatı,
təhsili ilə bağlı verilişlər təşkil etmək və onların bu
sahədə əməli fəallığını birləşdirməkdən ibarətdir.
Proqramlarında yerli cəmiyyətin və onun sakinlərinin
xüsusi ehtiyaclarını əks etdirən verilişlər hazırlayır
və əsasən kənd camaatının, uşaq və qadınların
problemləri, onların təhsil haqqında fikirlərini
dinləyir və müzakirə edirlər. Radionun əməkdaşları məni
böyük hörmətlə qarşıladılar. Tədbirin beynəlmiləlliyini
qeyd edərək belə görüşlərin insanların daha da
yaxınlaşmasına və zorakılığa qarşı birgə mübarizə
aparmaqları üçün fiziki və mənəvi kamilliyə gedən yolun
onlara aşılanması istiqamətində mühüm rolundan danışdım.
Torpaqlarımızın erməni bədxahları tərəfindən zəbt
olunması və 1 milyondan artıq soydaşımızın qaçqın
düşməsi haqqında məlumat verərək tezliklə bizim
Qarabağda sülhün və əmin-amanlığın bərqərar olacağına
ümidlərimizin olduğunu ifadə etdim.
Bir sözlə, Hindistandan böyük təəssürat və xatirələrlə
qayıtdım. İnanıram ki, Azərbaycan qüdrətli bir dövlət
kimi öz həqiqətlərini bundan sonra da bütün dünyaya
yayacaq və düşmənlərin istəyini gözlərində qoyacaqdır.
Azad ABDULLAYEV |