Sumqayıt
Dövlət Universitetində (SDU) "Monomerlər və polimerlər
kimyasının müasir problemləri" II Respublika elmi
konfransı öz işinə başladı. Plenar iclası universitetin
rektoru, professor Nadir Qəhrəmanov açaraq konfrans
barədə məlumat verdi, tədbirin bu ali məktəbin 50 illik
yubileyi çərçivəsində təşkil olunduğunu diqqətə
çatdırdı. Rektor qeyd etdi ki, SDU tərəfindən bugünədək
17 beynəlxalq, 28 respublika konfransı keçirilib. Son 10
ildə universitetin 17 əməkdaşı elmlər doktoru, 84-ü isə
elmlər namizədi adını alıb. "Ölkəmizin iqtisadi inkişafı
bütün istiqamətlər üzrə yeni texnologiyalar mənimsəmiş
kadrların yetişdirilməsini tələb edir ki, Sumqayıt
Dövlət Universiteti də bu baxımdan ölkəmizin qabaqcıl
ali təhsil ocaqlarından biri kimi çıxış edir", - deyə
rektor bildirdi.
Daha sonra çıxış edən Polimer Materialları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, SDU-nun professoru
Abbas Quliyev konfransın əhəmiyyətindən danışdı. Qeyd
edildi ki, ölkəmizin yüksək inkişafı elmi tapıntıları da
zəruri edir.
AMEA-nın Rəyasət Heyətinin akademik katibi, akademik
Vaqif Fərzəliyev də bu cür elmi konfransların sıx
şəkildə keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd
etdi.
Daha sonra konfransda məruzələr oldu. AMEA-nın Aşqarlar
Kimyası İnstitutunun laboratoriya rəhbəri, professor Əli
Əhmədov vinil monomerləri əsasında polimerlər və birgə
polimerlərin neft sənayesində tətbiqi barədə məlumat
verdi.
AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun laboratoriya
rəhbəri, professor Münəvvər İbrahimova radikal
polimerləşmə, sabit radikallar və onların sənayedə
alınması və tətbiqi barədə danışdı.
SDU-nun professoru Niyazi Rəsulzadə polifunksional
polimerlərin xassələri, Polimer Materialları
İnstitutunun laboratoriya rəhbəri, professor Bəxtiyar
Məmmədov poliaminoarenlərin stabil elektrik
keçiriciliyinə malik nanokompozisiyaları barədə çıxış
etdilər.
Konfransın plenar iclasına SDU-nun rektoru professor
Nadir Qəhrəmanov yekun vuraraq müzakirələrin əhəmiyyətli
olacağına inamını ifadə etdi.
Sumqayıt Dövlət Universitetinin
Mətbuat
xidməti |