Mən
1986-cı ildə Xarici Dillər İnstitutunu bitirmişəm və
həmin ildən də ingilis dili müəllimi kimi fəaliyyətə
başlamışam. İşlədiyim bu illər ərzində "Mədəd", "Mimio"
təşkilatlarının və "British Council"in təşkil etdiyi
"Primary Essentials" kurslarını müvəffəqiyyətlə bitirib
sertifikatlar almışam. Bu uğurlarıma Şimali Kipr
Respublikasında keçirilən "Curriculum, Teaching and
Technology" kursunu da əlavə etmişəm.
Eyni zamanda kurslarda kurikulumun qarşıya qoyduğu
tələbləri dərindən öyrənib, 1-ci dərəcəli sertifikat
alıb, "Təlimçi" adına layiq görülmüşəm. Bu ilin yay
aylarında isə müəllimlərə təlim kurslarında yeni fənn
kurikulumunun incəliklərini öyrətmişəm.
Bu yazımda isə ingilis dilində danışmağı öyrənmək
istəyənlərə onun beş əsas qaydası haqqında söhbət açmaq
istəyirəm.
Qrammatikanı həddindən artıq öyrənmə.
Bu qayda bir çox ingilis dilini öyrənmək istəyən şagird
və tələbələr üçün qəribə səslənə bilər, lakin bu ən
mühüm (vacib) qaydalardan biridir. Əgər imtahanlardan
keçmək istəyirsinizsə, o zaman qrammatikanı öyrənin.
İngilis dilində sərbəst danışmaq istəyirsinizsə, bu
zaman gərək dili qrammatikasız öyrənməyə cəhd edəsiniz.
Qrammatikanı öyrənmək yalnız sizin danışığınızı
yavaşıdar və çaşdırar. Cümlə qurarkən siz onu olduğu
kimi təbii şəkildə səsləndirməkdənsə qaydalar haqqında
düşünəcəksiniz. Unutmayın ki, ingilis dilində danışan
hər bir kəs təxminən 20 faiz qrammatik qaydaları bilir.
Siz qrammatik qaydaları öyrənmək, yaxud sərbəst
danışmağı bacarmaq istəyirsiniz?
İfadələri öyrən.
Bir çox şagirdlər ingilis dilində çoxlu sözlər öyrənir
və onları bir yerə toplayaraq cümlə qurmağa çalışır,
lakin onlar düzgün cümlə qura bilmirlər. Bunlara səbəb
isə onların ifadələri öyrənməməsidir. Uşaqlar dil
öyrənərkən həm söz və həm də ifadələri bir yerdə
öyrənməlidir. Əgər 1000 söz bilirsinizsə, bir doğru
cümlə qurmaya da bilərsiniz, amma 1 ifadə bilirsinizsə,
siz yüzdən artıq düzgün cümlə qura bilərsiniz. 100 ifadə
bilirsinizsə siz qura bildiyiniz cümlələr qarşısında
heyrətlənəcəksiniz və nəhayət, 1000 ifadə bilsəniz,
demək olar ki, siz ingilis dilində yaxşı bir natiq
olacaqsınız. Belə ki, vaxtınızı söz öyrənməyə yox,
ifadələri öyrənməyə ayırsanız, bu zaman sizin ingilis
dilində danışığınız əvvəlkindən daha sürətli olacaq.
Əgər ingilis dilində cümlə qurmaq istəyirsinizsə,
sözləri ana dilinizə tərcümə etməyin. İfadələri
bildiyiniz halda tərcüməni asanlıqla edə bilərsiniz.
İngilis dilində cümlə qurarkən qrammatikanı düşünüb və
tərcümə eləmək yanlışdır.
Danışmaq və qulaq asmaq kifayət deyil, eşitdiyini
danışmağa cəhd et.
Danışmaq üçün tələb olunan əsas şərtlərdən biri sərbəst
olmaqdır. Şagirdlər ilk növbədə danışmağı öyrənməli,
sonra oxumağa və yazmağa başlamalıdırlar. Ona görə də
ardıcıllıq belə olmalıdır: qulaq asma, danışma, oxuma və
yazma.
İngilis dilində səlis danışmaq istəyirsinizsə, qulaq
asdığınız mövzunu sonra ucadan danışın və beləliklə,
eşitdiyinizi dəfələrlə təkrar edin. Bu qayda ilə təkrar
etsən, sən ingilis dilində sərbəst danışa bilərsən.
İngilis dili ilə əhatələn.
Hər hansı bir kəs istənilən bir dildə danışa bilər. Bunu
onlar həmin dil mühitində olmaqla əldə edə bilərlər.
İngilis dilini ana dili kimi danışa bilən insanlar
ingilisdilli məktəbə getmiş, bu mühitdə təhsil almış
insanlardır. Əgər ingilis dilində sərbəst danışmaq
istəyirsinizsə, xaricə getməyinizə ehtiyac yoxdur,
sadəcə ətrafınızı ingilis dili ilə əhatələndirin. Belə
ki, ingilis dilində sərbəst danışa bilən dost tapın,
həmin dildə kitablar oxuyun, musiqiyə qulaq asın,
hekayələr dinləyin. Əgər deyilənlərə əməl etsəniz,
asanlıqla bu dildə sərbəst danışacağınızın şahidi
olacaqsınız.
Düzgün mövzu öyrən.
"Məşq etmək mükəmməl bir məşğələdir" fikri yanlış
ifadədir. Əgər sən səhv cümləni (və ya sözü) səhv təkrar
edirsənsə, əlbəttə, sən onu səhv olaraq da yaddaşında
saxlayacaqsan. Buna görə də öyrənmək istədiyinin
doğruluğuna əmin olandan sonra təkrar et və mövzunu
öyrən.
Mən dərs dediyim liseydə şagirdlərimə əsasən yuxarıda
sadaladığım qaydalarla ingilis dilini öyrədirəm. Bu da
öz müsbət nəticəsini verir. Bir müəllim kimi peşə
vəzifəmin məsuliyyətini dərindən dərk edirəm və bundan
şərəf, qürur duyuram. Mən öz növbəmdə çalışıram ki, dərs
dediyim şagirdlərimin təhsil bazası güclü və mükəmməl
olsun. Onlar təlim-tərbiyələri ilə seçilsinlər. Savadlı,
bacarıqlı, xalqına, millətinə layiqli bir vətəndaş kimi
yetişməsi üçün bir müəllim kimi əlimdən gələni edirəm.
Təzəgül HÜSEYNOVA,
Bakı şəhəri "Zəngi" liseyinin
ingilis
dili müəllimi |