Gəncə Dövlət Universiteti ölkəmizin şərəfli tarixi,
zəngin ənənələri olan ali təhsil müəssisələrindəndir.
Fəaliyyət göstərdiyi 77 il ərzində dövrün, zamanın
çətinliklərinə baxmayaraq, Azərbaycan milli
mədəniyyətinin, elminin, təhsilinin inkişafında xüsusi
xidmətləri olan, müəllim kadrların yetişdirilməsində
önəmli rol oynayan universitet elm və təhsil mərkəzi
kimi formalaşıb inkişaf etmişdir. Burada yüzlərlə alim
hazırlanmış, ixtisaslı, istedadlı kadrlar yetişmişdir.
Onlarla yaradıcı ziyalı, alim, ictimai və dövlət
xadimləri GDU-da təhsil almışlar.
Hazırda fizika və texniki fənlər fakültəsinin dekanı
kimi fəaliyyət göstərən dosent İldırım Qasımov da Gəncə
Dövlət Universitetinin 1980-ci il məzunlarındandır. O,
1959-cu ildə vətənimizin dilbər guşələrindən sayılan
Bərdə rayonunun Həsənqaya kəndində dünyaya göz açıb.
1976-cı ildə Həsənqaya kənd orta məktəbini fərqlənmə
attestatı ilə bitirib və elə həmin il GDU-nun
fizika-riyaziyyat fakültəsinə daxil olub. Tələbəlik
illərində universitetin ictimai işlərində fəal iştirak
edib. Sayılıb-seçilən tələbələrdən biri kimi
başqalarına nümunə göstərilib. Ali məktəbi bitirdikdən
sonra təyinatla bir müddət İsmayıllı rayonunda müəllim
işləyib. 1984-cü ildə GDU-nun təlimdə texniki vasitələr
laboratoriyasında əmək fəaliyyətini davam etdirməklə
bərabər elmi axtarışlara başlayıb. Çox keçmədən
laboratoriya müdiri, ümumi texniki fənlər kafedrasında
müəllim, dissertant kimi çalışıb. AMEA-da "Sürətli
yüklənmə zamanı materialların elastik və qeyri-elastik
xassələrinin öyrənilməsi" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək alimlik dərəcəsini
alıb. 2003-cü ildən 2011-ci ilə qədər GDU-nun
magistratura şöbəsinin müdiri olmuşdur. 2011-ci ildə isə
fizika və texniki fənlər fakültəsinə dekan seçilmişdir.
İldırım müəllim hazırda doktorluq işini yekunlaşdırmaq
üzrədir. O, elektronika üzrə Koreya, Almaniya, Rusiya və
Türkiyə şirkətlərinin sertifikatlarını almış, "Samsunq"
LTD firmasının respublika üzrə şəxsi nümayəndəsi, xarici
elektron qurğular üzrə tanınmış mütəxəssisdir.
İstedadlı alim və bacarıqlı təşkilatçı İldırım müəllimin
rəhbərlik etdiyi fakültədə 4 kafedra fəaliyyət göstərir.
55 nəfər professor-müəllim heyəti 400-dən çox tələbəyə
elmin sirlərini öyrətməklə yanaşı onları müstəqil həyata
hazırlayır. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı
sayəsində Gəncə Dövlət Universitetində əsaslı təmir
işləri aparılmış, fizika və texniki fənlər fakültəsinin
fəaliyyət göstərdiyi korpus da zövq oxşayan görkəm
almış, yeni avadanlıqlarla təchiz edilmişdir. İldırım
müəllim geniş, yaraşıqlı laboratoriya və fənn otaqlarını
bizə göstərdikcə sevincini də gizlətmirdi:
- Bunların hamısı bizim xoşbəxt gələcəyimiz olan
balalarımız üçündür. Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevə ürəkdən minnətdarıq ki, təhsilin inkişafı üçün
əlindən gələni əsirgəmir. Bizim üçün də, tələbələr üçün
də müasir, gözəl şərait, imkanlar yaradır. Müasir
avadanlıqlarla təchiz olunmuş 12 laboratoriya, fənn
otaqları, gənclər otağı tələbələrin ixtiyarına
verilmişdir. Bütün kafedra və laboratoriyalarda İnternet
vardır. Mühazirə dərsləri İnternet, video-kompüter
vasitəsi ilə keçirilir. Hər il fakültəni 70-80 nəfər
tələbə bitirir.
Bu ildən təsviri incəsənət kafedrası da bu korpusa
köçürülmüş və tələbələrə daha əlverişli, gözəl şərait
yaradılmışdır.
Fakültənin müəllimlərinin xarici ölkələrin mətbuatında
elmi məqalələri dərc olunur. Tələbələr respublikada
keçirilən elmi konfranslarda, olimpiadalarda fəal
iştirak edirlər. Ötən tədris ilində dəqiq elmlər üzrə
respublika olimpiadasında fakültənin tələbəsi Validə
Məmmədova III yeri tutmuşdur.
Təsviri incəsənət üzrə təhsil alan tələbələrin mütəmadi
olaraq sərgiləri təşkil olunur, onlar şəhər
tədbirlərində özlərinin sənət əsərlərini nümayiş
etdirirlər.
Bu il avtomatlaşdırma və elektrik ölçüləri üzrə yeni
laboratoriyalar və fənn otaqları yaradılmışdır. Yeni
dərs ilində fakültəyə 180 nəfər tələbə qəbul
edilmişdir. Fərəhli haldır ki, hazırda universitetdə
işləyən fizika elmləri doktoru Zirəddin Həsənov,
dosentlər Elxan İsmayılov, Yəhya Namazov, Vaqif
Rüstəmov və başqaları bu fakültənin məzunlarıdır.
İnsan o zaman sayılıb seçilir, etibar, nüfuz qazanır ki,
ağır zəhmətə qatlaşıb fədakarlığı, iradəsi, qətiyyəti,
zəkası ilə həyatda özünü təsdiqləyir. Ən yüksək
keyfiyyətləri ilə hörmətə-izzətə çatır, qəlbi
qurub-yaratmaq, Vətənin adını ucaltmaq, elə-obaya dayaq
olmaq eşqi ilə döyünür. İldırım müəllim həmişə doğma
bildiyi insanların arasında, onların bitib-tükənməyən
qayğıları içindədir. İmkansız tələbələr onun daha çox
diqqətindədir. Ehtiyaclarını öyrənib onlara dayaq
olanda, mənəvi dəstək göstərəndə rahatlıq tapır.
İldırım Qasımov həm də nümunəvi ailə başçısıdır.
Ömür-gün yoldaşı Rəna xanım musiqi kollecində
müəllimdir. Böyük qızı İlahə ali təhsillidir. İlhamə isə
anasının sənətini seçib, musiqi müəllimidir. Oğlu
İbrahim Türk Liseyində təhsil alır, kompüter mühəndisi
olmaq arzusundadır.
İldırım müəllim Vətənə, torpağa, elə, ürəkdən bağlandığı
elmə, dostlarına, doğmalarına, tələbələrinə coşqun sevgi
ilə yaşayır bu dünyada. Onunla söhbətimizdə zəngin
dünyasını, böyüklüyünü, əsl ziyalıya xas
xüsusiyyətlərini duydum. Məsləhətləri, orijinal fikir və
düşüncələri, mülahizələri ilə tələbələrinə doğru-dürüst
istiqamət verir. O, ünsiyyətdə olduğu insanlara bütün
varlığı ilə bağlıdır. İldırım müəllim necə varsa, elə
görünür. Sadəliyi, təbiiliyi, səmimiliyi ilə seçilir.
Süsən TAĞIYEVA,
Azərbaycan Jurnalistlər
Birliyinin
üzvü |