Naxçıvan
Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının
əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru,
dosent Adil Məmmədovun yeni çapdan çıxmış "Tibbi
biliklərin əsasları" kitabının təqdimat mərasimi
keçirilib. Mərasimi giriş sözü ilə ali təhsil ocağının
rektoru, professor Oruc Həsənli açaraq bildirmişdir ki,
Adil Məmmədov respublikamızdan savayı Rusiya, Ukrayna,
Özbəkistan, Gürcüstan və digər ölkələrin dövri
mətbuatında, respublika və beynəlxalq səviyyəli elmi
konfrans, simpozium və qurultayların materiallarında
dərc olunmuş 120-dən artıq elmi, 60-a yaxın publisistik
məqalələrin, 10 metodik tövsiyənin, dərs vəsaiti və
monoqrafiyaların müəllifidir.
Bu günlərdə işıq üzü görən "Tibbi biliklərin əsasları"
kitabında məqsəd isə cəmiyyətimizin bütün bilikli,
elmli, ziyalı təbəqəsinə təbabətdən yığcam ümumi məlumat
və vərdişlər aşılamaqdan ibarətdir. Kitabda tibbi
bilikləri öyrənməyin əhəmiyyəti, ana bətnindən
qocalanadək insanın anatomiya və fiziologiyası haqqında
yığcam məlumat verilməklə yanaşı, orqanizmin hər bir
üzvləri sistemində tez-tez rast gəlinən xəstəliklərin
əlamətlərindən bəhs olunur. Rektor çıxışında onu da
diqqətə çatdırmışdır ki, ayrıca başlıqlarda oxucular
üçün maraqlı ola biləcək cərrahi və yoluxucu
xəstəliklər, zədələnmələr və digər məsələlər geniş şərh
olunmuşdur.
Mərasimdə Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş
mütəxəssisi, tibb elmləri üzrə fəlsəfə doktoru, Naxçıvan
Muxtar Respublikasının əməkdar həkimi Sabir Novruzov,
institutun pedaqoji fakültəsinin dekanı Azad Novruzov,
ümumi fənlər kafedrasının baş müəllimi Hüseyn Novruzov,
əlavə təhsil mərkəzinin metodisti Süsən Kərimli və
başqaları A.Məmmədovun həkimlik və elmi fəaliyyətindən
danışmışlar.
Sonda Adil Məmmədov səhiyyənin inkişafına göstərilən
dövlət qayğısından danışmış, təşkil edilən mərasim üçün
minnətdarlığını bildirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |