Təhsil sistemi
Estoniyada
təhsil sistemi eston xalqının, o cümlədən
ölkədəki etnik azlıqların qorunması, inkişafı
məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm,
demokratiklik və qanunun aliliyi prinsiplərinə
əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil
aktına görə təhsil savadlı və müasir
dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun
aliliyinə hörmətlə yanaşan şəxsiyyət
formalaşdırmağa xidmət etməli, həmçinin
fasiləsiz təlim üçün imkan yaratmalıdır.
Təhsil sisteminə rəhbərlik Təhsil və Tədqiqat
Nazirliyi tərəfindən həyata keçirilir.
Nazirliyin səlahiyyət sahələrinə təhsilin, elmi
tədqiqat işlərinin planlaşdırılması, dövlətin
gənclər və dil siyasətinin həyata keçirilməsi, o
cümlədən məktəbəqədər təhsilin, ümumi orta
təhsilin, texniki peşə təhsilinin, ali təhsilin,
əlavə təhsilin təşkili məsələləri daxildir.
Ölkənin təhsil sistemi məktəbəqədər təhsil, əsas
təhsil (təhsilin ilk pilləsi), orta təhsil
(təhsilin ikinci piləsi) və ali təhsil (təhsilin
üçüncü pilləsi) səviyyələrindən ibarətdir.
Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari
təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar
əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı
tamam olana qədər davam edir.
Əsas
təhsil pilləsi I-IX sinifləri əhatə edir. Əsas
təhsilin VII-IX siniflərində də şagirdlər maraq
sahələrinə uyğun olaraq peşə profili üzrə təhsil
ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla
X-XII sinifləri əhatə edir.
Tədris dilindən asılı olmayaraq təhsil bütün
pillələrdə ümumi milli kurikulum əsasında təşkil
olunur. Məktəblər ümumi milli kurikulum əsasında
öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən
azı 175 tədris günündən (35 həftə) ibarətdir.
Ölkə üzrə 2008-2009-cu tədris ilində ümumi
təhsil məktəblərində oxuyan şagirdlərin sayı
təxminən 148000 nəfər təşkil edib. Onların 12426
nəfəri I sinif şagirdi olub.
Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün
geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər,
tələbələr və doktorantlar kurikulumda tədris
üçün müəyyən olunmuş standart müddətdə müvafiq
biliklərə yiyələndiklərini nümayiş
etdirməlidirlər. Tədris proqramlarını
mənimsəməyən, akademik icazə və məzuniyyət
götürmüş tələbələrə təqaüd almaq imkanı
verilmir.
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil məktəbəqədər təhsil
müəssisələrində və ya evdə təşkil olunur.
Uşaqların məktəbəqədər təhsilə cəlb olunması
valideynlərin istəyindən asılıdır.
Estoniyada
4 növ məktəbəqədər təhsil müəssisəsi fəaliyyət
göstərir. Bu sıraya 1-3 yaşlı uşaqlar üçün
nəzərdə tutulan gündüz bağçaları, 1-7 yaşlı
uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiycı
olan uşaqlar üçün nəzərdə tutulan bağçalar və
ibtidai məktəb tipli bağçalar daxildir.
Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti
regionlarda fəaliyyət göstərən 1-3 yaşlı uşaqlar
üçün nəzərdə tutulan gündüz bağçalarından
ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil
müəssisələrinə müraciət edənlərin sayı çox
olduğuna görə həmin bağçalarda qrupların sayı
12-dən az olmur. Bununla yanaşı, yeni tipli
məktəbəqədər təhsil müəssisələrində qrupların
maksimum sayı 6-nı keçmir.
Onu da qeyd edək ki, yerli hökumətlə
r nəzarət etdikləri ərazi dairəsində yaşayan 1-7
yaşlı bütün uşaqların məktəbəqədər təhsil
müəssisələrinə cəlb olunmasına imkan
yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər
hökumətləri fiziki, nitq, görmə və əqli qüsuru
olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan
digər uşaqların yaşadıqları ərazidəki
məktəbəqədər təhsil müəssisələrindəki adaptasiya
qruplarında tərbiyə olunmasını təmin edirlər.
Məktəbəqədər təhsil müəssisələrində adaptasiya
qrupunun yaradılması mümkün olmadığı hallarda
bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar
yaradır və ya xüsusi bağçalar təsis edirlər.
Uşaqlar adaptasiya və ya xüsusi qruplara
valideynin yazılı müraciəti, eləcə də məşvərət
komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin
digər regionları ilə müqayisədə iri şəhərlərdə
məktəbəqədər təhsil müəssisələrinə daha çox
ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu
şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb
edir.
Məktəbəqədər təhsil müəssisələrində oxumayan
uşaqlar üçün bağçaların və məktəblərin nəzdində
məktəbə hazırlıq qrupları təşkil olunur. Bu
qruplarda təhsil pulsuzdur və könüllülük
prinsipi əsasındadır.
Əsas təhsil
Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas
təhsilə cəlb olunur. İcbari təhsil I-IX
sinifləri əhatə edir. I-VI siniflər üçün nəzərdə
tutulan ibtidai məktəblər əsas təhsilin mühüm
bir hissəsidir. VII-IX siniflərində şagirdlər
maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə
təhsil ala bilərlər.
Əsas təhsil 3 mərhələdə təşkil edilir:
* Birinci mərhələ - I-III siniflər;
* İkinci mərhələ -IV-VI siniflər;
* Üçüncü mərhələ -VII-IX siniflər.
Bələdiyyələr əraziyə uyğun olaraq əsas
məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə
müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq
təhsil ala bilər. Valideynlər məktəbin
himayədarlar şurasında təmsil olunmaqla təhsil
müəssisələrinin inkişafına mühüm töhfə verirlər.
Əsas təhsil üç milli kurikulum əsasında təşkil
olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin
səviyyəsindən asılı olaraq dəyişir: I sinifdə 20
dərs, II sinifdə 23 dərs, III-IV siniflərdə 25
dərs, V sinifdə 28 dərs, VI-VII siniflərdə 30
dərs, VIII sinifdə 32 dərs, IX sinifdə 34 dərs.
Əsas təhsil pilləsində eston dili və ədəbiyyatı,
iki xarici dil, riyaziyyat, təbiət elmləri,
coğrafiya, biologiya, kimya, fizika, tarix,
humanitar elmlər, ictimai elmlər, musiqi,
təsviri sənət, fiziki təhsil, əmək təlimi kimi
icbari fənlər tədris edilir. Tədris rus və digər
əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston
dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir.
Həmçinin ana dili eston dili olmayan şagirdlərin
oxuduğu məktəblərdə eston dili ikinci xarici dil
kimi tədris olunur.
Əsas təhsil pilləsini başa vurmaq üçün
şagirdlərdən müvafiq kurikulumu tamamlamaq və
təyin olunmuş 3 imtahanı (eston dili və
ədəbiyyatı, riyaziyyat və şagirdin seçdiyi hər
hansı digər bir fənn) uğurla vermək tələb
olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən
və ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas
təhsil pilləsini başa vurmaq haqqında sənəd
tələb edilməyən peşə təhsili üzrə peşələrə
yiyələnə və ya yaşlılar üçün nəzərdə tutulan
orta ümumi təhsil müəssisələrində əsas təhsil
ala bilərlər.
Əsas təhsil pilləsini uğurla başa vuran
şagirdlər 3 illik ümumi orta və ya 3 illik peşə
yönümlü orta təhsil müəssisələrində təhsillərini
davam etdirmək imkanı qazanırlar. Həmçinin
onların 3 illik ümumi orta təhsil verən peşə
məktəblərində və ya ümumi orta təhsil verməyən,
ancaq peşə bacarıqları aşılayan peşə təhsili
müəssisələrində oxuması mümkündür.
Orta təhsil
Qeyd etdiyimiz kimi, orta təhsil müddəti 3 il
olmaqla X-XII sinifləri əhatə edir. Orta təhsil
milli kurikuluma uyğun olaraq həyata keçirilir.
Hər bir məktəb milli kurikuluma əsasən öz
kurikulumunu hazırlayır. Orta təhsil pilləsində
bir tədris ili 35 həftə, bir tədris həftəsi isə
ən azı 32 dərs saatından ibarətdir.
Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı,
müvafiq sahə, o cümlədən təbiət elmləri,
humanitar elmlər və digər sahələr üzrə dərin
biliklərə və ya peşə məktəblərində oxumaqla hər
hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil
pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan
verir. Bu imtahanlardan ən azı 3-ü dövlət
imtahanıdır.
Qeyd edək ki, 2008-2009-cu tədris ilində
Estoniyanın orta məktəblərində təhsil alan
şagirdlərin sayı 31265 nəfər olub. 2011-2012-ci
tədris ilindən başlayaraq Estoniyada rus dilində
tədris aparılan bütün orta təhsil
müəssisələrində tədris eston dilində təşkil
olunur.
Orta təhsil pilləsini tamamladıqdan sonra
şagirdlər aşağıdakı istiqamətlər üzrə
təhsillərini davam etdirə bilərlər:
* Peşə təhsili müəssisələrində peşə təhsili
(0,5-3 il);
* Kolleclər və ya universitetlərdə ali peşə
təhsili (3-4,5 il);
* Universitet və ya digər ali təhsil
müəssisələrində bakalavriatura təhsili (3 il),
magistratura təhsili (2 il) və ya doktorantura
təhsili (3-4 il).
Texniki peşə təhsili
Həm əsas, həm də orta təhsil pilləsində
təmayüllər üzrə texniki peşə təhsili proqramları
peşə biliklərinin və bacarıqlarının inkişaf
etdirilməsinə əlverişli zəmin yaradır. Əsas
təhsil pilləsini başa vurmaq tələb olunmayan
peşə təhsili proqramlarında əsas təhsil
pilləsini başa vura bilməyən və 17 yaşı tamam
olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir.
Bu zaman təhsil müddəti 0,5-2,5 ildir. Həmin
proqramları seçən şəxslər peşə təhsilini
tamamladıqdan sonra da icbari əsas təhsillərini
davam etdirə bilərlər.
Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil
növüdür ki, burada yalnız peşə təhsili ilə
əlaqəsi olan ümumi təhsil fənləri tədris edilir.
Bu təhsil proqramlarını başa vuran şagirdlər
müəyyən peşəyə yiyələnməklə yanaşı, əsas təhsil
pilləsini də bitirmiş hesab olunurlar.
Orta peşə təhsilinə əsas təhsil pilləsində
təhsil almış şagirdlər müraciət edə bilərlər.
Orta peşə təhsilini başa vuran şagirdlər orta
təhsil sertifikatına və müəyyən peşəyə
yiyələnir. Orta peşə təhsilinin müddəti minimum
3 il təşkil edir. Peşə məktəblərində orta peşə
təhsili kurikulumunu tamamlamış şagirdlər öz
seçimlərinə əsasən əlavə olaraq 1 illik ümumi
təhsil fənn proqramlarını da öyrənə və müvafiq
dövlət imtahanları verə bilərlər. Bu, həmin peşə
məktəblərini bitirən məzunların təhsillərini ali
məktəblərdə davam etdirmələrinə imkan verir.
Orta təhsil əsaslı peşə təhsilinə isə orta
təhsil pilləsini tamamladıqdan sonra yiyələnmək
mümkündür. Həmin tədris ocaqları 0,5-2,5 il
müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı
yaradır.
Əsas və orta məktəblərdə təşkil olunan peşə
təhsili ümumi təhsil məktəblərinin şagirdləri
üçün nəzərdə tutulur və peşə təhsili
müəssisələri tərəfindən həyata keçirilir. Tədris
ayrıca bir kurikulum əsasında ən azı 15 tədris
həftəsi müddətində təşkil olunur. Təhsili başa
vurduqdan sonra şagirdlər seçdikləri peşə üzrə
əsas bilik və bacarıqlara, həmçinin peşə
təhsilinin tamamlanmasına dair sertifikata
yiyələnirlər.
2008-2009-cu tədris ilində Estoniyada 45 peşə
təhsili müəssisəsi fəaliyyət göstərib. Onların
da 31-i dövlət, 3-ü bələdiyyə və 11 özəl əsaslı
peşə təhsili müəssisələridir. Həmin təhsil
müəssisələrində oxuyan 27239 şagirdin 11456
nəfəri dövlət sifarişli ixtisasları seçib.
Ali təhsil
Orta təhsil pilləsini uğurla başa vuran bütün
şagirdlər ali təhsil pilləsində oxumaq hüququ
qazanır. Ali təhsil proqramları universitetlərdə
və ali peşə təhsili müəssisələrində tədris
edilir.
Tələbələr ali təhsilin birinci mərhələsində iki
növ kurikulumdan birini seçə bilərlər:
* Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının
inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə
əsaslı bakalavr təhsili;
* Praktiki prinsiplərə əsasən nəzəri biliklərin
inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü
ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun
30 faizini təşkil edir.
Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti
3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir.
Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan
tədris yükü 120-160 kredit (Avropa Kredit
Köçürmə Sistemində müvafiq olaraq 180-240
kredit) arasında dəyişir.
Ali peşə və bakalavr təhsili proqramını başa
vuran tələbələr magistratura səviyyəsində
təhsillərini davam etdirə bilərlər.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və
ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə
40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində
müvafiq olaraq 60-120 kredit) arasında dəyişir.
Bakalavriatura və magistratura səviyyəsində
təhsilin müddəti ümumilikdə 5 ildir. Kurikulumda
nəzərdə tutulan tədris yükü isə ümumilikdə 200
kredit (Avropa Kredit Köçürmə Sistemində 300
kredit) təşkil edir.
Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir.
Tibb ixtisası üzrə kurikulumda nəzərdə tutulan
tədris yükü 240 kredit (Avropa Kredit Köçürmə
Sistemində 360 kredit) müəyyən olunub.
Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi
və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5
ildir. Bu ixtisaslar üzrə kurikulumda nəzərdə
tutulan tədris yükü isə 200 kredit (Avropa
Kredit Köçürmə Sistemində 300 kredit) təşkil
edir.
Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə
doktoru proqramı üzrə təhsil müddəti 3-4 il
davam edir. Fəlsəfə doktoru proqramı üzrə
kurikulumda nəzərdə tutulan tədris yükü 120-160
kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq
olaraq 180-240 kredit) arasında dəyişir.
Qeyd etdiyimiz kimi, Estoniyanın ali təhsil
sistemi iki növ ali təhsil müəssisələrindən
ibarətdir: universitetlər və ali peşə təhsili
müəssisələri.
Universitetlər elmi-tədqiqat, inkişaf, təhsil və
mədəniyyət əsaslı müəssisələrdir.
Universitetlərin fəaliyyəti beynəlxalq
standartlara uyğun əsas və tətbiqi tədqiqatın
aparılmasından ibarətdir. Universitetləri
şərtləndirən əsas cəhət bu təhsil
müəssisələrində ali təhsilin ikinci və üçüncü
səviyyəsi üzrə nəzəriyyəyə əsaslanan
tədqiqatların və mütəxəssis hazırlığının həyata
keçirilməsidir.
Ali peşə təhsili müəssisələrində isə ali
təhsilin birinci səviyyəsi üzrə peşə
bacarıqlarına yiyələnmiş mütəxəssislər əmək
bazarının tələblərinə uyğun olaraq hazırlanır.
Kurikulum çevikliyi və təcrübəyə üstünlük
verilməsi, eləcə də şirkətlər, peşə
assosiasiyaları, ictimai tərəfdaşlar ilə
əməkdaşlıq edilməsi ali peşə təhsili
müəssisələrini şərtləndirən əsas cəhətlərdir.
Ali peşə təhsili müəssisələrində magistratura
səviyyəsi üzrə mütəxəssis hazırlığına hökumətin
razılığı əsasında icazə verilir. 2008-ci ilin
statistikasına görə, Estoniyada 6 ali peşə
təhsili müəssisəsində magistratura pilləsi üzrə
mütəxəssis hazırlığı həyata keçirilib.
Müəllimlik peşəsi üzrə kadrların hazırlanması
universitetlərdə və kolleclərdə həyata
keçirilir. Məktəbəqədər təhsil üzrə müəllimlərin
hazırlığı isə həm universitet, həm də ali peşə
təhsili müəssisələrində təşkil edilir.
Ölkədə dövlət əsaslı universitetlər və ali peşə
təhsili müəssisələri ilə yanaşı, özəl
universitetlər, ali peşə təhsili müəssisələri və
peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6
dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl
ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2
dövlət və 1 özəl peşə kolleci fəaliyyət
göstərir. 2009-cu ilin statistik məlumatına
görə, ali təhsil müəssisələrində oxuyan
tələbələrin sayı təxminən 68000 nəfər olub.
Tələbələr həm dövlət sifarişli, həm də ödənişli
ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli
və ödənişli ixtisaslar arasındakı nisbət
əhəmiyyətli dərəcədə dəyişib. 2008-2009-cu
tədris ilində ali məktəblərə qəbul zamanı dövlət
sifarişli ixtisaslara qəbul edilən tələbələr
ümumi tələbə sayının 46 faizini təşkil edib.
Artmaqda olan əmək bazarının tələblərinə uyğun
olaraq ali təhsil pilləsi üzrə müəyyən olunmuş
prioritet sahələrə-mühəndislik, istehsalat və
emal, kompüter elmləri, ətraf mühitin
mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri
aiddir. Bu sahələrə tələbat böyük olduğuna görə,
müvafiq ixtisaslara qəbul prosesi yüksək rəqabət
şəraitində keçirilir.
Əlavə təhsil
Yaşlıların təhsilinin təşkili üçün Estoniyada
çevik sistem və geniş imkanlar yaradılıb.
Yaşlıların təhsili proqramları formal, peşə
təhsili və qeyri-formal peşə təhsili
formalarında həyata keçirilir.
Yaşlıların formal təhsilinə əsas və orta təhsil
pilləsində təhsil almaq üçün distant təhsil,
axşam kursları vasitəsilə yaşlıların təhsili
aiddir.
Peşə təhsili və ali təhsil müəssisələrində
fasiləsiz təhsil və yenidən hazırlanma kursları
təşkil olunur. Bu kurslar yaşlıların peşə və
ixtisas biliklərini, bacarıqlarını, eləcə də
təcrübələrini təkmilləşdirməyə və
dərinləşdirməyə xidmət edir. Peşə təhsili və ali
təhsil müəssisələrində yaşlıların təhsili qiyabi
təhsil formasında təklif olunur.
Qeyri-formal təlim kursları tələbələrin
yaradıcılığının, istedadının və sosial
fəallığının inkişaf etdirilməsinə imkan yaradır.
Yaşlıların qeyri-formal təhsili bir çox
qeyri-formal təhsil mərkəzlərində, xalq
universitetlərində (qeyri-formal təhsil
müəssisələrində) və mədəniyyət mərkəzlərində
təşkil olunur.
Yaşlıların əsas, orta və orta peşə təhsili
pulsuz olduğu halda, qiyabi ali təhsildə ödəniş
tələb edilir. Dövlət sifarişli yerlərə müraciət
etmək üçün əyani təhsil formasını seçmək
lazımdır. Milli prioritet hesab edilən
ixtisaslar üzrə yaşlıların qiyabi ali təhsili
dövlət tərəfindən maliyyələşdirilir.
Müvafiq qaydalara görə pedaqoji sahədə
çalışanlar 5 ildə 160 saat fasiləsiz təhsilə
cəlb olunmalıdırlar. Yaşlıların təhsili haqqında
qanunvericilik aktlarına əsasən müəllimlərin
fasiləsiz təhsili dövlət büdcəsi hesabına
maliyyələşir.
Xüsusi təhsil
Xüsusi ehtiyaclı uşaqların təhsili üçün dövlət
mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun
olaraq xüsusi ehtiyaclı uşaqlar öz yaşadıqları
ərazidəki məktəbdə oxumaq hüququna malikdir.
Dövlət və bələdiyyə məktəblərində xüsusi
ehtiyaclı uşaqların təhsili üçün siniflər
aşağıdakı şəkildə qruplaşdırılır:
* fiziki, nitq, görmə və əqli qüsurlu uşaqlar
üçün siniflər;
* digər təlim çətinlikləri olan uşaqlar üçün
motivasiya sinifləri;
* yüngül təlim çətinlikləri olan uşaqlar üçün
siniflər;
* orta səviyyəli təlim çətinlikləri olan uşaqlar
üçün siniflər;
* ciddi təlim çətinlikləri olan uşaqlar üçün
siniflər.
Siniflərin qruplaşdırılmasında əsas məqsəd
tədrisin təşkilində fərdi xüsusiyyətlər nəzərə
alınmaqla uşaqların şəxsi inkişafını təmin
etməkdir.
Xüsusi məktəblərdə uşaqlar üçün aşağıdakı
yardımçı sistemlər təklif olunur:
* fərdi kurikulum;
* korrektiv qruplar;
* nitq terapiyası;
* uzunmüddətli qruplar;
* ev təhsili;
* davranış problemləri olan uşaqlar üçün
siniflər;
* sosial problemləri olan uşaqlar üçün internat
tipli məktəblər.
Estoniyada 48 xüsusi məktəb fəaliyyət göstərir.
Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu,
1-i görmə qüsurlu, 3-ü ümumi qüsurlu, 5-i
davranış qüsurlu, qalanları isə digər təlim
çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub.
Əqli qüsuru olan uşaqlar üçün tədris
sadələşdirilmiş milli kurikulum əsasında təşkil
edilir. Bundan əlavə, orta səviyyəli və ciddi
təlim çətinlikləri olan uşaqların tədrisi üçün
də milli kurikulum mövcuddur. Fiziki qüsurlu
uşaqların tədrisi və inkişafı ilə bağlı bütün
məsələlərdə valideynin razılığı tələb edilir.
Səhhəti ağır olan uşaqlar valideynin razılığı
ilə evdə də icbari təhsil ala bilərlər. Uzun
müddət müalicə alması tələb olunan uşaqların
təhsili isə xəstəxanada təşkil edilir.
Elmi tədqiqatlar
Estoniyada elmi tədqiqat sahəsinin müasir
tələblər səviyyəsində inkişafına xüsusi diqqət
yetirilir. Hökumət elmi tədqiqat və inkişaf
planını hazırlayır, parlamentə təqdim edir,
müvafiq proqramları təsdiq edir,
nazirliklərarası əlaqələndirməni tənzimləyir.
Tədqiqat və İnkişaf Şurası elmi tədqiqat və
inkişaf məsələləri ilə bağlı hökumətə tövsiyələr
verir. Təhsil və Tədqiqat Nazirliyi isə milli
tədqiqat strategiyasını həyata keçirir, elmi
tədqiqat və inkişaf müəssisələrini
maliyyələşdirir, onların fəaliyyətini
dəyərləndirir, beynəlxalq əməkdaşlığın
genişləndirilməsini təmin edir.
Ölkənin elmi tədqiqat və inkişaf siyasətinin
əsas məqsədləri "Bilikyönümlü Estoniya
2007-2015" adlı tədqiqat, inkişaf və innovasiya
strategiyasında dolğun şəkildə əks olunub.
Strategiyada əsas üç məqsəd bəyan edilib:
* Keyfiyyətin rəqabət əsasında yüksəldilməsi,
elmi tədqiqat və inkişaf fəaliyyətinin
məhsuldarlığının artırılması;
* Qlobal iqtisadiyyata töhfə verən innovativ
biznes fəaliyyətinin yaradılması;
* Uzunmüddətli davamlı inkişafı təmin edəcək
innovativ cəmiyyətin formalaşdırılması.
Estoniyada 18 elmi-tədqiqat müəssisəsi fəaliyyət
göstərir ki, onların da 6-sı dövlət
universitetlərinin nəzdindədir. Ən böyük
elmi-tədqiqat müəssisələri Tartu Universiteti,
Tallin Texnologiya Universiteti və Tallin
Universitetinin nəzdində fəaliyyət göstərir.
Universitetlərdən kənar fəaliyyət göstərən ən
böyük dövlət elmi-tədqiqat müəssisəsi Estoniya
Biomərkəzi, Tartu Rəsədxanası, Estoniya
Ədəbiyyat Muzeyi hesab edilir. Müstəqil
fəaliyyət göstərən tədqiqat müəssisəsinə isə
Milli Kimya və Biofizika İnstitutunu aid etmək
olar.
Təhsilin maliyyələşməsi
Ölkə üzrə 582 ümumi təhsil məktəbindən 517-si
bələdiyyə, 31-i dövlət, 34-ü isə özəl
məktəblərdir. 31 dövlət məktəbinin 27-si xüsusi
ehtiyaclı uşaqlar üçün nəzərdə tutulan,
digərləri isə adi təhsil müəssisələridir. Ümumi
təhsil məktəbləri əsasən yerli hökumətin büdcəsi
hesabına maliyyələşir.
Son illərdə Estoniyada ümumi dövlət xərclərinin
14-15 faizi təhsilə sərf olunur. Ümumi təhsil
sisteminə ayrılmış xərclər ümumilikdə təhsil
sisteminə yönəldilən vəsaitin yarıdan çox
hissəsinə bərabərdir. Ümumi təhsil xərclərinin
11 faizi peşə təhsilinə, 21 faizi isə ali
təhsilə yönəldilir. Dövlət təhsil xərclərinin 15
faizi isə məktəbəqədər təhsil və digər təhsil
xidmətləri, layihələr üçün nəzərdə tutulur.
Ali təhsilə ayrılmış xərclərə nəinki dövlət
sifarişi üzrə təhsil xərcləri, həmçinin
investisiya, təqaüdlər və digər xərclər
daxildir. Ali təhsil üçün nəzərdə tutulan
vəsaitlərin böyük hissəsi (67 faizi) dövlət ali
təhsil müəssisələrinə verilir. Dövlət sifarişi
ilə oxuyan tələbələrin 66 faizi dövlət ali
məktəblərində təhsil alır. Ali peşə təhsili
xərcləri ümumilikdə ali təhsil üçün nəzərdə
tutulan xərclərin 22 faizini təşkil edir.
Estoniyada elmi tədqiqat layihələri dövlət
büdcəsi, bələdiyyə və şəhər büdcəsi, ünvanlı
yardımlar, qrantlar, milli tədqiqat və inkişaf
proqramları, elmi-tədqiqat müəssisələrinin
iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi
qazanc və digər mənbələr hesabına maliyyələşir.
2007-ci ildə Estoniyada elmi tədqiqat və
inkişafa ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14
faizini təşkil edib ki, bu da Avropa İttifaqı
üzrə nəzərdə tutulmuş 1,84 faizlik orta
göstəricidən aşağıdır.
Təhsil xərclərinin ödənilməsi üçün nəzərdə
tutulan vəsait dövlət büdcəsindən bələdiyyə və
şəhər büdcələrinə köçürülür. Əməkhaqqı,
fasiləsiz təhsil, investisiya, dərslik və əyani
vəsaitlər ilə bağlı xərclər məktəb üçün ayrılan
vəsaitin böyük hissəsini təşkil edir. Eyni qayda
ilə özəl ümumi təhsil müəssisələrinə də vəsait
ayrılır.
Estoniyada son illər ərzində müəllimlərin
minimum əməkhaqlarının artırılaraq orta
əməkhaqqı səviyyəsinə çatdırılması təhsilin
yüksək inkişaf ahəngi ilə irəliləməsinə zəmin
yaradıb.
Təhsilin idarə olunması
Estoniyada təhsillə bağlı qanunlar və
strategiyalar parlament tərəfindən qəbul edilir.
Parlament, həmçinin təhsil haqqının həcmini
müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi
bütövlükdə təhsil siyasəti və strategiyasının
həyata keçirilməsini əlaqələndirir. 15 dairə
hökumətinin tabeliyindəki təhsil idarələri yerli
təhsilin idarə olunmasına cavabdehlik daşıyır.
Yerli təhsil idarələri dairə üzrə təhsilin
inkişaf planını hazırlayır, məktəbəqədər və
ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət
edir, eləcə də bələdiyyələrə təhsil məsələləri
ilə bağlı tövsiyələr verir.
Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində
məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin,
axşam məktəblərinin, mədəniyyət mərkəzlərinin
fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı
uşaqların sayını müəyyən edir. Bələdiyyələr
təhsil müəssisələrinin rəhbərlərini təyin edir,
məktəblərin tibb, təminat və təchizat
xidmətlərini yerinə yetirir. Bələdiyyələr,
həmçinin ümumi təhsil məktəblərinin təsis
edilməsi, təkrar təşkili, bağlanması və
şagirdlərin nəqliyyatla təmin edilməsi
məsələlərinə cavabdehdir.
Təhsil müəssisələrinin fəaliyyətinin gündəlik
təşkili və idarə olunması isə direktor, məktəbin
Nəzarət Şurası və Təhsil Şurası tərəfindən
yerinə yetirilir. Özəl məktəblərin fəaliyyətinə
Təhsil və Tədqiqat Nazirliyinin müəyyən etdiyi
qaydalara uyğun nəzarət olunur.
Universitetlər və ali peşə təhsili müəssisələri
isə tədris heyətini, təşkilati strukturu, tədris
və tədqiqat proqramlarının məzmununu,
kurikulumu, tədris planını, qəbul meyarlarını
müəyyən etməkdə sərbəstdirlər.
Beynəlxalq əlaqələr
Ölkə təhsil, elm və texnologiya sahəsində
uzunmüddətli beynəlxalq əməkdaşlıq ənənələrinə
malikdir. Estoniya Avropa İttifaqının
dəstəklədiyi bir çox proqramlar çərçivəsində
müxtəlif ölkələr ilə əməkdaşlıq edir.
Qohum Millətlər Proqramı çərçivəsində Estoniya
Finlandiya və Macarıstan ilə təhsil, tədqiqat,
mədəniyyət, informasiya mübadiləsi sahəsində
geniş əməkdaşlıq edir. Proqram çərçivəsində
estonlara qohum olan millətlərin
nümayəndələrinin Estoniyada ali təhsil almasına
imkan yaradılır, onların beynəlxalq tədqiqat və
mədəni tədbirlərdə iştirakı maliyyələşdirilir.
2004-cü ildən bəri Avropa İttifaqı Avropa Sosial
Fondu və Avropa Regional İnkişaf Fondu
vasitəsilə Estoniyada təhsil, elmi tədqiqat və
inkişaf layihələrinə dəstək verir. Avropa
İttifaqının qeyd olunan layihələri
maliyyələşdirməsinin əsas məqsədi ictimai rifah
və iqtisadi inkişafı bütün üzv ölkələrdə bərabər
səviyyəyə çatdırmaqdan ibarətdir.
Estoniya elm və texnologiya sahəsində 40-dan
artıq ölkə ilə əməkdaşlığa dair çərçivə
müqaviləsi imzalayıb. Bu sıraya ABŞ, Çin,
Hindistan, Meksika, Ukrayna və digər ölkələr
daxildir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Estoniyanın Təhsil və
Tədqiqat Nazirliyinin rəsmi materiallarından
istifadə olunub. |