Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Dünyanın təhsil yenilikləri

Böyük Britaniyada universitet kurslarının müqayisəsi üçün İnternet saytı yaradılacaq

"Unistats" İnternet saytının (unistats.direct.gov.uk) yaradılmasında məqsəd tələbələrə universitet kursları haqqında rəsmi qaydada təsdiqlənmiş əsas məlumatları (kursun qiyməti, dərs saatları və ali məktəbi bitirdikdən sonra ixtisas üzrə əldə ediləcək gəlirlər) çatdırmaqdır. Ehtimala görə, kurslar barədə veriləcək onlayn məlumatlar yüksək təhsil haqqı ödəməyə hazırlaşan tələbələrə ehtiyac duyduqları məsləhəti daha asan almaq imkanı yaradacaq.

Belə ki, İngiltərə universitetlərində təhsil haqqının 9 min funt-sterlinqə qaldırılması tələbələrdən öz vəsaitlərini daha səmərəli xərcləməyi və gələcək iş perspektivi baxımından düzgün istiqamətə yönəltməyi tələb edir.

İnternet saytının ölkənin biznes naziri Vins Keybl tərəfindən açılacağı gözlənilir. Saytda 2013-cü ildə ali məktəblərə daxil olmaq istəyən şəxslər üçün Böyük Britaniyadakı 31 min ali təhsil kursunun hər biri haqqında əsas məlumatlar yerləşdiriləcək.

Yeni saytda bütün məlumatlar Ali Təhsilin Maliyyələşdirilməsi Şurası tərəfindən dərc olunacaq. Məlumatlar əsasən, tələbələrdə yiyələnəcəkləri ixtisasdan gələcəkdə nə gözləyə biləcəkləri barədə daha dəqiq təsəvvür yaradacaq və onların münasib kursları seçmələrinə yardım edəcək. Bundan əlavə, saytda məzunların ehtimal olunan gələcək orta aylıq əməkhaqları barədə məlumat yerləşdiriləcək və hər hansı ali məktəbə qeydiyyatdan keçməzdən əvvəl tələbələrə hansı məlumatların verilməli olduğu məsələsi öz əksini tapacaq.

Qeyd edək ki, Britaniyada fəaliyyət göstərən hər bir universitetin öz veb saytında ali məktəblə bağlı bütün lazımi məlumatların yerləşdirilməsinə baxmayaraq, yeni saytın əsas fərqi hər bir ali məktəb üzrə təhsil haqqının müqayisəsini aparmağa imkan yaratmasındadır.

Yeni sayta həmçinin tələbələrin oxuduqları ali məktəb haqqında fikirlərini əks etdirən Milli Tələbə Sorğusunun nəticələri də əlavə ediləcək.

Cari ildə təhsil haqlarının yüksək olması nəticəsində Böyük Britaniya, xüsusən İngiltərə universitetlərinə tələbə qəbulunun sayında azalma müşahidə olunur. Belə ki, cari ildə universitetlərə qəbul göstəricilərinin 2011-2012-ci tədris ilinin birinci yarısı ilə müqayisəsi göstərir ki, 2012-2013-cü tədris ilinin birinci yarısında ali məktəblərə 30 minədək az tələbə qəbul edilib.

Qeyd edək ki, tələbələrin ali təhsil müəssisəsi haqqında məlumatlandırılması təcrübəsi dünyanın bir çox ölkələrində mövcuddur. Lakin hər bir ölkədə məlumatların verilməsi üzrə tələblər müxtəlifdir. Məsələn, maraqlıdır ki, ABŞ-da hər bir universitet yeni qəbul olunmuş tələbələrə kampuslarda baş verən cinayətlər haqqında ətraflı məlumat təqdim etməlidir. 

 

Tələbələr maliyyə durumuna görə narahatlıq keçirirlər

Böyük Britaniya universitetlərində aparılan sorğuya əsasən, tələbələrin 32 faizi çətin maliyyə durumlarına görə narahatlıq keçirir. Tədqiqatlar nəticəsində bu narahatlığın tələbələrin 20 faizində depressiyanın yaranmasına gətirib çıxardığı məlum olub. Qeyd edək ki, tələbələrin 37 faizi keçirdiyi həyəcanı bank hesablarının vəziyyəti ilə əlaqələndirib.

Bu ilin payızında Böyük Britaniya və Avropa İttifaqı ölkələrində illik təhsil haqqının maksimum 9000 funt-sterlinqə qaldırılması gəncləri böyük məbləğdə borca düşmək qorxusu ilə üz-üzə qoyub.

 Böyük Britaniyada tələbələr arasında aparılan onlayn sorğuya əsasən, hər beş tələbədən birinin istilik sistemindən və isti sudan istifadə etmədiyi, 22 faiz tələbənin isə dərslik və digər dərs ləvazimatlarına olan xərcləri azaltdığı məlum olub.

Onu da qeyd edək ki, onlayn sorğu bu ilin əvvəlində təhsil haqqı artırılmazdan öncə aparılıb. Onlayn sorğunu aparan "Studentbeans.com" saytının redaktoru Oliver Bran bildirib: "Əvvəlki tələbə nəsli əksər hallarda oxumağa görə və imtahandan qabaq stres keçirdikləri üçün yuxusuz qalırdı. Bugünkü tələbələr isə kreditlərinin vaxtından əvvəl bitməsi, kirayə haqqı, yüksək qiymətə olan dərsliklər, bir neçə penni saxlamaq üçün istilik sistemi və isti sudan imtina, habelə digər bu kimi müxtəlif səbəblərdən yuxuya gedə bilmir".

Həmçinin, nəticələr tələbələrin maliyyə vəziyyətləri haqqında dəhşətli səviyyədə məlumatsız olduqlarını göstərib. Tələbələrin 10 faizinin overdraftlarında (borc alana verilən qısamüddətli kredit) limit olmasından xəbərsizliyi, 54 faiz tələbənin isə kredit kartlarındakı pul faizindən məlumatı olmadığı aşkarlanıb.

Sorğu nəticəsində bəlli olub ki, tələbələrin 44 faizi universitetdə təhsil aldıqları müddətdə yarımçıq iş günü işləmək məcburiyyətindədir, 53 faiz tələbə işləmədiyini bildirib, tələbələrin 3 faizi isə maraqlı olaraq "bilmirəm" cavabını verib.

 

Toronto Universitetinin kitabxana sistemi Amerika qitəsi üzrə reytinq cədvəlində üçüncü yerdə qərarlaşıb

Kanadanın Toronto Universitetinin nəhəng kitabxana sistemi üç ildir ki, dalbadal yüksək nəticələr əldə edir.

Vaşinqtonda yerləşən Elmi Kitabxanalar Assosiasiyasının hər il apardığı Kitabxana İnvestisiya İndeksinə əsasən Toronto Universitetinin kitabxana sistemi Sarmaşıq Liqasına daxil olan Harvard və Yel universitetlərinin kitabxanalarından sonra üçüncü yerə layiq görülüb. Həmin indeksə görə universitetlərin kitabxanalarına ayırdığı investisiyalar, kitabxanadakı kitabların sayı, son bir ildə kitabların say artımı, kitabxana işçilərinə verilən əməkhaqqı kimi məsələlərə diqqət yetirilir və bütün bu meyarlara əsasən qiymətləndirmə aparılır.

Kitabxanaların sonuncu reytinq sıralanması 2010-2011-ci illərdə toplanmış məlumatlara əsasən hazırlanıb. Reytinq cədvəlində yer almış digər Kanada universitet kitabxanaları 11-ci yerdə qərarlaşan Alberta və 16-cı yerə sahib olan Britaniya Kolumbiyası universitet kitabxanalarıdır.

Toronto Universitetinin 44 kitabxanadan ibarət kitabxana sistemində 12 milyondan çox kitab (elektron kitablar da daxil olmaqla) saxlanılır. Bu, Kanadanın ən böyük akademik kitabxana sistemlərindən biridir.

Toronto Universitetinin kitabxanalarında minlərlə tarixi sənədlər, dahi şəxslərin əlyazmaları, dünya ədəbiyyatı nümunələri qorunur. Kitabxana sisteminin müdiri Lari Elfordun sözlərinə görə, kitabxana İtaliyadan kənarda yerləşən, həmçinin Q.Qalileyin elmi əsərlərinin saxlandığı ən böyük italyandilli kolleksiyaya malikdir.    

1890-cı ildə baş vermiş yanğın Toronto Universiteti kitabxana sisteminin böyük hissəsini məhv edib. Kitabxanada yalnız 100-ə qədər kitab oddan xilas edilib. Həmin hadisədən sonra Böyük Britaniya Krallığına daxil olan bütün ölkələrdən Toronto Universitetinin kitabxanasına ianələr verilib, kraliça Viktoriya kitabxanaya kitablar hədiyyə edib. Beləliklə, universitet yavaş-yavaş zəngin kitab kolleksiyasını bərpa edib.

 

Riyaziyyat fənninin həyəcanı şagirdlərin uğur qazanmasına mane olur

ABŞ-ın Çikaqo Universitetində aparılan yeni tədqiqatlar deməyə əsas verir ki, riyaziyyat fənninin həyəcanı şagirdlərdə lap kiçik yaşlarından başlayır. Professor Sayen Beylokun birinci və ikinci siniflərdə apardığı müşahidələr göstərib ki, şagirdlər hələ birinci sinifdən riyaziyyat tapşırıqlarını yerinə yetirməkdə narahatlıq keçirirlər. Bu isə şagirdin nailiyyət qazanmasına mane olur.

Riyaziyyat həyəcanı ilkin olaraq uşaqların yaddaşına zərbə vura bilər. S.Beylok və digər alimlər qorxu və həyəcanın yaddaşa təsirini ilk dəfə yuxarı sinif şagirdlərinin üzərindəki müşahidələr sayəsində öyrəniblər. Lakin S.Beylokun hazırkı işi bu prosesin aşağı siniflərdə tədqiqatına həsr olunub. Tədqiqatın nəticələri "Riyaziyyat həyəcanı, yaddaş və ibtidai sinifdə riyaziyyat nailiyyətləri" adlı məqalədə dərc olunub.

Tədqiqatlar göstərir ki, yüksək riyaziyyat həyəcanı bu fənn üzrə şagirdlərin nailiyyətlərini azalda və onları az həyəcanlı yaşıdlarından yarım tədris ili geriyə çəkə bilər. Yaddaşı zəif olan daha az istedadlı uşaqlara bu narahatçılıq o qədər də təsir etmir. Çünki onlar riyazi hesablamalarda daha sadə metodlardan istifadə edirlər. Məsələn, barmaqlarla hesablamaq və digər üsullardan.

S.Beylok məqaləsində yazır: "Erkən riyaziyyat narahatçılığı "qar topası" effektinə gətirib çıxarır. Bu da riyazi nailiyyətə daha çox güc sərf etməyə məcbur edir, şagirddə riyaziyyata yanaşmanı dəyişir, şagird riyaziyyat tapşırıqlarını yerinə yetirməkdən yayınır, nəticədə də riyazi kompetensiya aşağı düşür".

S.Beylok və digər alimlər uşaqların akademik bacarığını, onların yaddaşını və riyaziyyat həyəcanını yoxlamaq məqsədilə böyük şəhər məktəblərindən olan 88 birinci və 66 ikinci sinif şagirdinin üzərində tədqiqat aparıblar. Lövhənin qarşısına riyazi məsələ həll eləməyə keçən uşaqların həyəcanı dəyişən şkala ilə müəyyənləşdirilib. 

Tədqiqatlar uşaqların yarıdan çoxunda riyaziyyatdan orta və ya yüksək qorxu və həyəcanın müşahidə olunduğunu göstərib. Aşağı nailiyyətə malik uşaqlarda da riyaziyyat həyəcanı aşkarlanıb. Lakin bu onların göstəricilərinə o qədər də təsir etməyib.

Riyaziyyat həyəcanı kimi narahatlığı aradan qaldırmaq üçün alimlər qorxu və həyəcana nəzarət etməyi və ya problemə başqa cür forma verməyi təklif edir. Məsələn, həyəcanın stereotipini dəyişmək üçün uşağa öncədən riyaziyyatdan onu narahat edən, qorxudan məqamları yazmaq məsləhət görülür. "İfadəli yazı" adlandırılan bu prosedur qorxunu aradan götürməyə və həyəcanın yaddaşa təsirini minimuma endirməyə kömək edir. Azyaşlı şagirdlərin riyaziyyat həyəcanını aradan qaldırmaq üçün mütəxəssislər uşaqlara yazmaq deyil, ifadəli şəkil çəkdirməyi təklif edir. Eyni zamanda müəllimlər şagirdlərdə məsələyə şəxsi yanaşma qabiliyyətinin formalaşmasına kömək etməli, onlara imtahanın təhdid deyil, öyrənməyə, biliklərini möhkəmləndirməyə bir çağırış olduğunu  başa salmalıdırlar.

 

Mühəndis kadrlara ehtiyac artır

 Kral Mühəndislik Akademiyasının apardığı araşdırmalara görə, 2020-ci ilədək Böyük Britaniyada mühəndislik üzrə 830 min, digər texniki sahələr üzrə isə 450 min mütəxəssisə ehtiyac yaranacaq. Bu məqsədlə ölkənin ali məktəblərində texniki sahələr üzrə təhsil alan tələbələrin sayı ən azı 50 faiz artırılmalıdır. Başqa sözlə, balansı saxlamaq üçün ali məktəblər mühəndislik və digər texniki sahələr üzrə ildə 100 min məzun buraxmalıdırlar. Qeyd edək ki, hər il ali məktəbləri 23 minə yaxın mühəndis bitirir. Halbuki, mühəndislik və digər texniki sahələr üzrə Britaniya ilə müqayisədə Hindistan universitetləri 8, Çin isə 20 dəfə çox məzun buraxır.

Araşdırmalara görə, Böyük Britaniya beynəlxalq innovasiya liqası cədvəlində də bu göstəriciyə görə öz mövqeyini itirir. Həmçinin, qeydiyyata alınan ABŞ patentlərinin alınması sayına görə dünya ölkələri arasında VIII yerə enib.

Hər il Britaniya ali məktəblərini texniki sahələr üzrə təxminən 90 min tələbə  bitirir ki, onların da əksəriyyəti iş vizası almaq hüququna malik olmayan əcnəbilərdir. Ali Təhsilin Statistikası Agentliyinin məlumatına görə, yerli tələbələrin əksəriyyəti qeyri-texniki sahələri seçdiyinə görə ölkədə bu sahələr üzrə məzunların sayı tələbatı ödəmir.

Kral Mühəndislik Akademiyasının mühəndislik və təhsil şöbəsinin direktoru, professor Metyu Harrisonun sözlərinə görə, mühəndislərə ehtiyac ildən-ilə daha da artacaq. "Mühəndislik şirkətləri mühəndislərə ehtiyac duyduqlarını bildirirlər. Onlar ehtiyacları olduqları sayda işçi tapa bilmirlər. Buna baxmayaraq, bu məsələ hələ də dövlətin diqqət mərkəzində saxlanılmır", - deyə o bildirib.

Onu da qeyd edək ki, texniki sahələr üzrə mütəxəssislərə olan ehtiyac sürətlə artdığından, ölkə şirkətlərinin əksəriyyəti xarici mütəxəssisləri işə cəlb edirlər.

Bu məsələnin həllinə nail olmaq məqsədilə Britaniyanın Biznes və İnnovasiya Departamenti sənaye sektoru ilə sıx əməkdaşlıq edir və bütün istiqamətlərdə texniki sahələri dəstəkləmək üçün müxtəlif yollar axtarır. Buraya ali məktəblərlə əməkdaşlıq, təcrübənin keçirilməsı və məzunlara əlavə treninqlərin təşkili məsələləri daxildir. Təsadüfi deyil ki, bu qurumun sənaye sektoru ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində uçuş mühəndisliyi ixtisası üzrə magistratura pilləsində növbəti 3 ildə əlavə 500 mütəxəssisin hazırlanması məqsədilə 3 milyon funt-sterlinq ayrılıb.

 

Şagirdlər məktəbə ac göndərilir

 

Kelloq şirkətinin apardığı sorğu sayəsində məlum olub ki, Böyük Britaniyada şagirdlərin əksəriyyəti məktəbə ac gəlirlər. Buna səbəb valideynlərin maliyyə durumunun çətinliyi və ya bəzilərinin öz övladlarına normal səhər yeməyi verməyə can atmaması ilə bağlıdır.

Sorğuya əsasən, rəyi soruşulan beş müəllimdən dördü şagirdlərin məktəbə ac gəldiklərini, 55 faizi isə belə şagirdlərin sayının artdığını bildirib. 

Bundan əlavə, sorğuda iştirak edən 500 müəllimin üçdən ikisinin fikrincə, uşaqların məktəbə ac gəlməsinin əsas səbəbi valideynlərin onları yedizdirməyə meyilli olmamasıdır. Belə ki, valideynlərin əksəriyyəti (69 faizi) evdə buna vaxtlarının olmadığını bildiriblər.  

Sorğuya əsasən, şagirdlərin məktəbə ac gəlməsinin digər səbəbi valideynlərin üzləşdikləri maliyyə çətinlikləri ilə bağlıdır. Respondentlərin 57 faizinin fikrincə, bir çox valideyn məhz bu səbəbdən uşaqlarını məktəbə ac göndərir. Aparılan araşdırmalar göstərib ki, müəllimlərin bəzisi bu problemi həll etmək üçün şagirdlərə şəxsi vəsaitləri hesabına yemək alırlar.  Rəyi soruşulanların 31 faizinin sözlərinə görə, onlar şagirdlər üçün evdən yemək gətirirlər. İbtidai müəllimlərin 16 faizi isə uşaqların qidalanması üçün ayda təxminən 25 funt-sterlinq məbləğində pul xərclədiklərini bildiriblər. 

Bundan əlavə, sorğuda iştirak edən müəllimlər uşaqların məktəbə ac gəlməsinin onların davranışlarına və təhsilinə mənfi təsir göstərdiyi qənaətindədirlər.

Vəziyyətdən çıxış yolu kimi qeyd olunur ki, uşaqları səhər yeməkləri ilə təmin etmək üçün məktəblərdə fəaliyyət göstərən səhər yeməyi klublarının fəaliyyəti genişləndirilməlidir. Təəssüf ki, belə klubların əksəriyyəti ötən il maliyyə çatışmazlığı səbəbindən bağlanıb.

Cari ilin əvvəlində Müəllimlər və Professorlar Assosiasiyasının apardığı sorğuya əsasən, İngiltərə məktəblərində uşaqlara məhdud çeşiddə və az miqdarda nahar yeməyi verilir. Buna baxmayaraq, yemək üçün sərf olunan vəsaitin məbləği dəyişməz olaraq qalır.

Sorğuda iştirak edən müəllimlərin təxminən üçdə biri məktəb yeməyinin keyfiyyətinin aşağı olduğunu və qiymətlərə uyğun gəlmədiyini bildirib. Belə ki, şagirdlərə göyərti və salatlar vermək əvəzinə, əsasən çips, makaron və düyü yeməkləri təklif olunur.

Böyük Britaniya Təhsil Departamenti nümayəndəsinin sözlərinə görə, uşaqların məktəbə ac gəlməsi halının artması onlarda narahatlıq doğurur. O qeyd edib ki, hökumət aztəminatlı ailələrdən olan uşaqların maliyyələşməsini nəzərdə tutan xüsusi şagird mükafatı təsis edib. 

Hazırladılar:   Lamiyə ƏLİYEVA, Leyla HEYDƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov