Yarandığı
gündən BSU-nun beynəlxalq əlaqələri sürətlə inkişaf
edir. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil
və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa
başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında
bağlanılmış müqavilələr əsasında qurulur və
müəllim-tələbə mübadiləsi, müştərək elmi araşdırmalar,
müəllimlərin ixtisasartırması, informasiya və
elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə
edir.
Universitet Rusiya, Ukrayna, Bolqarıstan, Belarus,
Polşa, Çexiya, Rumıniya, Fransa, Böyük Britaniya,
Türkiyə, Yunanıstan, Moldova, İsveçrə, Almaniya,
Gürcüstan və digər ölkələrin nüfuzlu ali təhsil
müəssisələri ilə sıx və çoxşaxəli əlaqələr yaratmış və
qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışdır. BSU-nun
elmi və mədəni həyata verdiyi töhfələrdən də göründüyü
kimi, imzalanmış müqavilələr kağız üzərində qalmır və öz
əməli təsdiqini tapır.
Bu əlaqələrin məntiqi davamı olaraq oktyabrın 28-də
Ukraynanın Poltava İqtisadiyyat və Ticarət
Universitetinin Ukrayna və xarici dillər kafedrasının
müdiri professor Bobux Nadejda Nikolayevnanın rəhbərliyi
ilə universitetin bir qrup tələbəsi - maliyyə və uçot
fakültəsindən 3 tələbə, yeyinti sənayesi
texnologiyaları, mehmanxana-restoran və turizm biznesi
fakültəsindən isə 2 tələbə "Yay məktəbi"ndə iştirak
etmək üçün BSU-ya gəlib. İki həftə ərzində BSU-nun
aparıcı professor və müəllimləri "Müasir Azərbaycan
inkişaf yolunda", "Azərbaycan beynəlxalq iqtisadi
münasibətlər sistemində", "Azərbaycanın xarici
siyasətinin əsas istiqamətləri", "Dünya təcrübəsi
kontekstində Azərbaycanda turizm fəaliyyətinin
normativ-hüquqi bazasının dövlət tənzimlənməsi",
"Azərbaycan və Ukrayna iqtisadi əlaqələri", "Ümummilli
lider Heydər Əliyevin xarici siyasət strategiyası",
"Azərbaycanın bank və maliyyə kredit sistemi",
"Azərbaycanın müasir iqtisadiyyatının infrastrukturu",
"Azərbaycanın xarici siyasətində neft amili" və digər
maraqlı mövzularda mühazirələr oxuyacaqlar.
Ukraynalı tələbələr öz praktik məşğələləri çərçivəsində
"Hilton", "Kempinski Hotel Badamdar", "Jumeirah Bilgah
Beach Hotel" mehmanxanaları və "Unibank"ın fəaliyyəti
ilə tanış olacaqlar. Eyni zamanda BSU-nun ukraynaşünas
tələbələri üçün ukraynalı professor N.Bobux tərəfindən
"Ukrayna dili" fənnindən ustad dərslər keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, bu günlərdə ukraynalı qonaqlar
üçün BSU tələbələrinin iştirakı ilə "Azərbaycan mətbəxi
gecəsi" təşkil olunacaq. Sonra onlar BSU tələbələrinin
konsert proqramına qatılacaqlar.
Məşğələlərlə yanaşı, ukraynalı qonaqlar üçün geniş
mədəni proqram da hazırlanmışdır. Belə ki, tələbələr
Bakının zəngin tarixi abidələri ilə tanış olacaq və Oğuz
rayonuna ikigünlük səfər edəcəklər.
Şakir CƏFƏROV |