Oktyabrın
31-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Hüseyn
Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbir
keçirildi. Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı
bildirdi ki, Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş
etdiyi böyük şəxsiyyətlərdən biri olan dahi şair və
dramaturq Hüseyn Cavidin bu il anadan olmasının 130 ili
tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Hüseyn Cavidin yubileyinin
respublikada təntənə ilə qeyd edilməsi haqqında 16
fevral 2012-ci il tarixli sərəncam imzalamışdır.
Professor A.Naxçıvanlı vurğuladı ki, Hüseyn Cavidin ana
torpağa qovuşması məhz ulu öndərimiz Heydər Əliyevin
xidməti sayəsində mümkün olmuşdur. 1981-ci ildə
Naxçıvanda Hüseyn Cavidin ev-muzeyi yaradılmışdır.
Ədibin 100 illik yubileyi ərəfəsində cənazəsinin
qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilmiş və
ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda
onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan ədəbiyyatı və onun
tədrisi metodikası kafedrasının müdiri, dosent Ramil
Əliyev qeyd etdi ki, Cavid romantik şairdir. Bu
romantika onun həm şeirlərində, həm də poemalarında öz
əksini tapır. Xüsusilə "Şeyx Sənan" faciəsində romantizm
sufi dünyagörüşü ilə birləşərək məhəbbət abidəsi kimi
formalaşır.
Dosent İsgəndər Orucəliyev Hüseyn Cavidin lirikasından
və dramaturgiyasından danışdı. Onun Azərbaycan şeiri və
dramaturgiyasına gətirdiyi yenilikləri, novator bir
sənətkar olduğunu qeyd etdi. "Şeyx Sənan", "İblis",
"Peyğəmbər", "Topal Teymur", "Səyavuş" və "Xəyyam"
əsərlərini dünya ədəbiyyatında yaradılmış əsərlərdən
sənətkarlıq xüsusiyyətlərinə görə seçildiyini vurğuladı.
Cavidin Azərbaycan poeziyasının görkəmli
nümayəndələrindən biri olduğunu söyləyən professor
Zaman Əsgərli çıxışında bildirdi ki, Hüseyn Cavid lirik
və fəlsəfi-lirik poeziyanın tərənnümçüsü olaraq
yaddaşlarda yaşayır. İstər şeirlərində, istərsə də
poemalarında insanı düşündürən fəlsəfi dünyagörüşlə
üz-üzəyik. O, lirik şair kimi də həyat hadisələrini
hiss, həyəcan və duyğuları ilə əks etdirən, kamil
dünyasını aça bilən sənətkar kimi poeziyamızda özünə
layiq yer tutur.
Dosent Əlizadə Əsgərlinin "H.Cavid və modernizm"
mövzusunda çıxışında XX əsrin 20-30-cu illərində
Azərbaycanda təzahür etmiş ədəbi-fəlsəfi cərəyanların
səciyyəvi xüsusiyyətlərindən bəhs olundu. Dekadentizm,
futurizm, simvolizm, akmeizm, formalizm, klassizm,
emosionalizm və başqalarının müəyyən xüsusiyyətləri XX
əsrin əvvəllərində M.Hadi, Ə.Hüseynzadə, M.Müşfiq,
S.Vurğun, S.Rüstəm və başqalarının yaradıcılığında
təzahür etmişdir. Natiq bununla bağlı "XX əsr Azərbaycan
şeirində ədəbi-fəlsəfi cərəyanlar" mövzusunda beynəlxalq
konfransda məruzə etdiyini bildirdi.
Dosent Bilal Həsənli qeyd etdi ki, H.Cavid yaradıcılığı
ümumtəhsil məktəblərinin IX və XI siniflərində
monoqrafik şəkildə öyrədilir. Dramaturqun "Ana" mənzum
dramı və "İblis" faciələrinin müzakirəsi zamanı
şagirdlərin diqqəti həmin əsərlərdə öz əksini tapmış
milli və ümumbəşəri dəyərlərə, həyati problemlərə
yönəlməlidir. H.Cavidin şəxsiyyəti barədə dolğun
təsəvvür yaratmaq üçün ədib haqqında xatirələrdən, onun
avtobioqrafik səciyyəli əsərlərindən istifadə
olunmalıdır.
Baş müəllim Zəkulla Bayramlı Hüseyn Cavid poeziyası ilə
onun şəxsiyyətinin bir-birindən ayrılmaz surətdə bağlı
olduğunu bildirdi.
Tədbirdə həmçinin institutun IV kurs tələbələri Səbinə
Həsənova və Əfsanə Əzizova Hüseyn Cavidin "Qız
məktəbində" şeirini, III kurs tələbələrindən Fəridə
Həsənova "Bənim tanrım" şeirini söylədilər, Gülnarə
Əliyeva isə "Hüseyn Cavid gözəllik aşiqi kimi"
mövzusunda məruzə ilə çıxış etdi.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |