Noyabrın
1-də Təhsil Nazirliyində "Azərbaycan ilə İtaliya
arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və
perspektivlər" mövzusunda ikigünlük konfrans
çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə
heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o
cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar
Nazirliyinin məsul əməkdaşları və hər iki ölkənin təhsil
müəssisələrinin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik
əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş
konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin
iki ölkə arasındakı münasibətlərin daha da inkişafına,
eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə
müsbət təsir göstərəcəyinə inandığını bildirib. Nazir
təqdimat-məruzəsində ölkəmizin inkişaf yolu, üzləşdiyi
problemlər və Azərbaycanın təhsil sistemi haqqında
qonaqlara ətraflı məlumat verib. Ölkə təhsilinin müasir
tələblər səviyyəsinə yüksəldilməsi üçün həyata keçirilən
islahatlar və ayrı-ayrı təhsil pillələri üzrə qazanılmış
uğurlardan söhbət açan Misir Mərdanov Azərbaycanın
İtaliya ilə təhsil sahəsində qarşılıqlı əlaqələrin
genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində kadr hazırlığını nəzərdə tutan
ali təhsil müəssisələri siyahısına İtaliyanın 24 ali
təhsil müəssisəsinin adının daxil edildiyini bildirib.
Dövlət Proqramı çərçivəsində 3 nəfər azərbaycanlı gəncin
İtaliyanın ali təhsil müəssisələrini uğurla başa
vurduğunu söyləyən Misir Mərdanov 4 nəfərin isə
magistratura səviyyəsi üzrə bu ölkədə təhsil aldığını
qeyd edib.
Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin
perspektivləri müzakirə olunub.
İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar
Nazirliyinin təmsilçisi Ezio Sina, La Sapienza
Universitetinin professoru Angelo Filippini, "Dante
Alegheri" italyan dili və mədəniyyəti mərkəzinin baş
katibinin müavini Rafaella Fiorani, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Tamilla Əliyeva və başqaları
Azərbaycanla İtaliya arasındakı qarşılıqlı təhsil
əlaqələrinin möhkəmləndirilməsi üçün geniş
perspektivlərin olduğunu qeyd edib, bu istiqamətdə
müvafiq səylərin artırılmasının zəruriliyini nəzərə
çatdırıblar. |