Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş konfrans

 

 31 oktyabr - 1 noyabr tarixlərində "Avropa" otelində "Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirildi.

Açılış mərasimində  Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin şöbə müdirləri, ali məktəblərin rektorları, tanınmış ziyalılar və təhsili idarəetmə strukturlarının rəhbərlərinin, eyni zamanda İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin yüksək rütbəli əməkdaşlarının və təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi konfransın keçirilməsində əsas məqsəd iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunmasıdır.

Qeyd edək ki, iki ölkə arasında təhsil sahəsində əlaqələr 1 iyun 2002-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası hökuməti ilə İtaliya Respublikası hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra genişlənməyə başlayıb.

Həmin sazişdə universitetlərarası birbaşa əməkdaşlıq, professor və tədqiqatçıların mübadiləsi, iki ölkənin dil və ədəbiyyatının öyrənilməsi məqsədi ilə universitetlərdə, həmçinin digər ümumtəhsil müəssisələrində kafedraların açılması, mühazirələrin təşkili, tədris metodları, vasitələri, materialları və proqramlarının mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Təhsil naziri Misir Mərdanov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş bu tədbirin iştirakçılarını salamladı.

Nazir İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladaraq qeyd etdi ki, tarixən həmişə Azərbaycana dost münasibəti nümayiş etdirən İtaliya ölkəmizi bir çox məsələlərdə birmənalı şəkildə dəstəkləyir. Bu, ötən dərs ilinin sonunda Təhsil Nazirliyinin nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri zamanı keçirilən görüşlərdə bir daha hiss olundu.

Azərbaycanla İtaliyanın tarixi, siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələrindən söz açan Misir Mərdanov təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyinə toxunaraq bunun üçün hərtərəfli real imkanların olduğunu vurğuladı. Hər iki ölkənin ali təhsil müəssisələri arasında qurulmuş əməkdaşlıq əlaqələrindən bəhs edən nazir diqqətə çatdırdı ki, İtaliyanın Perucia Əcnəbilər Universiteti və Siena Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında bakalavr və magistr pillələri üzrə tələbə mübadiləsinin həyata keçirilməsi üçün imzalanmış saziş çərçivəsində ADU-nun tələbələri İtaliya universitetlərinə göndərilir və həmin universitetlərdən ADU-ya mütəxəssislər dəvət edilir. Bununla yanaşı, TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutu "Yazılı və sifahi tərcümənin tədrisində islahatlar" layihəsi üzrə ADU ilə əməkdaşlıq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti İtaliyanın bir neçə ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq əlaqələri yaradıb. Bundan əlavə, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti və Xəzər  Universitetində də İtaliyanın ali məktəbləri ilə əlaqələrin genişlənməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələri arasındakı əlaqələrin inkişafında La Sapienza Universitetinin xüsusi rolunu qeyd edən nazir bu ali məktəbdə azərbaycanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini, ölkəmizin tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 3 kitabın hazırlanaraq tədris edildiyini diqqətə çatdırdı.

Təhsil naziri Misir Mərdanov bildirdi ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində kadr hazırlığını nəzərdə tutan ali təhsil müəssisələri siyahısına  İtaliyanın 24 ali təhsil müəssisəsinin adı daxil edilib. Proqram çərçivəsində indiyədək 3 azərbaycanlı gənc təhsilini  uğurla başa vurub, 4 nəfər isə magistratura səviyyəsi üzrə təhsilini davam etdirir.

Sonra çıxış üçün söz La Sapienza Universitetinin rektoru Luici Fratiyə verildi. Konfransın təşkilinə görə təşəkkürünü bildirən L.Frati çox məşğul olsa da bu tədbirdə iştirak etməyi vacib saydığını vurğuladı. Hörmətli qonaq rəhbərlik etdiyi təhsil ocağı haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Avropanın ən böyük ali təhsil müəssisələrindən biri olan La Sapienza Universitetində 140 min tələbə təhsil alır. Universitetdə 11 fakültə, 2 xəstəxana, muzey və zəngin kitabxana fəaliyyət göstərir, bir sıra ixtisaslar üzrə tədris ingilis dilində aparılır, elmi tədqiqatlara geniş yer verilir. Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyən rektor bu konfransın ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli olacağına ümid etdiyini bildirdi.

Konfransda daha sonra "Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü - mövcud təcrübə və perspektivlər" mövzusunda  məruzələr dinlənildi. İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin nümayəndəsi Ezio Sina, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Agentliyi İdarəsinin rəisi Əşrəf Şıxəliyev, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov və İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldinin çıxışlarında qeyd olundu ki, təhsilə dəstək ən mühüm investisiyalardan biridir və Azərbaycan dövləti buna çox böyük diqqət yetirir. Azərbaycanla İtaliya arasında mədəniyyət, iqtisadiyyat və s. sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olmasından söz açan natiqlər bu tədbirin xalqlarımız arasında səmimi dostluq münasibətlərinin yaranmasına müsbət təsir göstərəcəyinə və təhsil sahəsində də gələcəyi davamlı olan sıx əməkdaşlıq əlaqələrinin qurulmasında önəmli rol oynayacağına əminliklərini ifadə etdilər. İki gün davam edən konfransda "Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: müsbət təcrübə və gələcək əməkdaşlığın perspektivləri", "Boloniya prosesi çərçivəsində ali təhsilin keyfiyyətinin təmin olunması sahəsində Azərbaycan - İtaliya əməkdaşlığının perspektivləri" mövzularına dair məruzələr dinlənildi və müzakirələr aparıldı. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov