ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla Qafqaz
Universitetində görüş keçirilib. Səfir öncə Qafqaz
Universitetində tələbələr üçün yaradılmış şəraitlə,
onların istifadəsinə verilmiş laboratoriyalarla
yaxından tanış olub və buradakı təhsil
imkanlarından razı qaldığını bildirib. Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
tədbiri giriş sözü ilə açaraq qonağı bu ali
təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.
Universitet haqqında qısa məlumat verən rektor
ABŞ-ın elmin inkişafına böyük önəm verən bir dövlət
olduğunu və bu ölkə ilə təhsil sahəsində
əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyətini
xüsusi vurğulayıb. Rektor R.Morninqstarın ölkəmizdəki
diplomatik fəaliyyəti dövründə Azərbaycanla ABŞ
arasında ikitərəfli münasibətlərin uğurla inkişaf
edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard
Morninqstar bildirib ki, onun bu vəzifəyə təyin
olunana qədər Azərbaycana qısamüddətli səfərləri
çox olub. Ölkəmizin bir çox bölgələrində olan
səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini
bildirərək dövlətimiz haqqında xoş fikirlər
söyləyib.
Həmçinin tələbə-müəllim mübadiləsini nəzərdə tutan
təhsil proqramlarının daha da genişlənməsinin
əhəmiyyətli olduğunu qeyd edib. Səfir Amerika ilə
Azərbaycan arasında təhsil sahəsində qurulmuş
əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə
əminliyini vurğulayıb.
Səfir R.Morninqstar çıxışının sonunda tələbələri
maraqlandıran suallara cavab verib.
Tədbir Qafqaz Universitetinin rektoru, professor Ahmet
Saniçin ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstara
xatirə plaketini təqdim etməsi ilə başa çatıb.
Y.ƏLİYEV |