Oktyabrın 28-də Bakıda "Hyatt Regency" otelində "ABŞ-da
təhsil yarmarkası" keçirilmişdir.
AzərTAc xəbər verir ki, ABŞ Dövlət Departamenti və Bakı
Təhsil Məlumat Mərkəzinin (BTMM) birgə təşkil etdikləri
yarmarkanın açılış mərasimində BTMM-nin direktoru Bahar
Hacızadə bildirmişdir ki, burada ABŞ-ın müxtəlif
universitetlərinin nümayəndələri öz təhsil müəssisələri,
təhsil proqramları barədə məlumatlar verirlər.
İştirakçılar yarmarkada ABŞ-ın 13 universiteti, o
cümlədən Troy Universiteti, Pace Universiteti, Auburn
Universiteti, John Cabot Universiteti barədə məlumatlar
əldə etmiş, müvafiq təhsil proqramları ilə tanış
olmuşlar. ABŞ universitetlərinin nümayəndələri
yarmarkaya gələnlərin suallarını cavablandırmışlar.
Maraqlananlar təhsil müəssisələri barədə bukletlər və
digər materiallar da əldə edə bilmişlər.
Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirliyinin
nümayəndələri iştirak etmişlər.
ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən BTMM
1997-ci ildən fəaliyyət göstərir. |