Oktyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Saatlıda Şahmat Məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını
bildirən lenti kəsdi.
Məlumat verildi ki, hazırda ölkəmizdə nəhəng idman
infrastrukturunun yaradılması istiqamətində mühüm
addımlar atılır. Ölkəmizdə idmanın digər sahələri ilə
yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı
göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir
görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib
istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda
inşa olunan Şahmat Məktəbidir. Müasir memarlıq üslubunda
tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat
fiqurlarının təsvirləri həkk olunmuşdur. Məktəbin
həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq
zolağı salınmış, müasir işıqlandırma sistemi,
oturacaqlar quraşdırılmışdır. Bildirildi ki, Şahmat
Məktəbi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə
Saatlı rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə
dair ayrılmış vəsait hesabına inşa olunmuşdur. Saatlı şəhərində
ulu öndər Heydər Əliyevin adını daşıyan
parkda
inşa olunan ikimərtəbəli binanın birinci mərtəbəsindəki
foyedə ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin
nümayəndələri və Saatlı
rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə,
iki sinif otağı, yardımçı otaqlar, konfrans zalı
yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı
zalı, müəllimlər və hakimlər otağı vardır. Yarış
otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər.
Burada sensor monitorlar vasitəsilə beynəlxalq
əhəmiyyətli yarışların gedişini izləmək və dərs
proqramlarını öyrənmək mümkündür.
Şahmat Məktəbində yaradılmış şəraiti yüksək
qiymətləndirən Prezident İlham Əliyev tapşırıqlarını
verdi.
AzərTAc |