Oktyabrın
15-də Milli Olimpiya Komitəsinin, İdman və Gənclər,
Təhsil nazirliklərinin təşkilatçılığı, BMT-nin Uşaq
Fondunun (UNİSEF) maliyyə dəstəyi ilə İsmayıllı
rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə ölkəmizdə 2012-ci ilin "İdman ili" elan
olunması və Milli Olimpiya Komitəsinin 20 illik yubileyi
münasibəti ilə "Təhsil və təbliğat naminə idman" devizi
altında tədbirlər keçirilib. İsmayıllı Rayon Gənclər və
İdman İdarəsindən aldığımız məlumatda bildirilir ki,
tədbiri keçirməkdə əsas məqsəd ümumtəhsil məktəblərində
fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirməklə
yanaşı, bu fənnə marağı artırma, uşaqların idman və
bədən tərbiyəsi ilə kütləvi şəkildə məşğul olmalarını
təmin etməkdən ibarət olub.
Əsl idman bayramına çevrilən tədbir Azərbaycanın Dövlət
himninin səsləndirilməsi ilə başlayıb. Açılış
mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, UNİSEF-in Azərbaycan
nümayəndəliyinin rəhbəri Mark Herevard və İsmayıllı
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Rəfael Əhmədov iştirak ediblər. Yarışa rayonun 5 təhsil
ocağından 1 və 5 nömrəli şəhər, İvanovka, Hacıhətəmli və
Qalacıq kənd tam orta məktəblərindən ümumilikdə 10
müəllim və 50 şagird qatılıb. Rayonun İvanovka kənd tam
orta məktəbi I (birinci) yerə layiq görülüb. Qalib
komandalara Milli Olimpiya Komitəsinin diplomu və
qiymətli hədiyyələri təqdim edilib. |