Haqqında
söhbət açmaq istədiyimiz boks üzrə Avropa çempionu Ümid
Rüstəmov barədə ətraflı məlumat almaq üçün əvvəlcə onun
təhsil aldığı Binəqədi rayonundakı 143 nömrəli tam orta
məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Elmar
Həşimov bildirdi ki, Ümidlə məktəbimizin bütün
kollektivi fəxr edir. Elmar müəllim bir qədər məktəbin
fəaliyyəti və qazandıqları uğurlar barədə də söhbət
açdı.
Tanışlıq
Bu günlərdə Ümid Rüstəmovla vədələşib görüşdük. O,
1998-ci ildə Bakıda anadan olub. Atası Səttar kişi iş
adamı olduğundan Rusiyanın Novosibirsk şəhərinə
köçüblər. Bir neçə il sonra Ümid buradakı 17 nömrəli
məktəbin birinci sinfinə qəbul olub. Beş il burada
oxuyub. Sonra Bakıya qayıdıblar. Ümid Binəqədi rayonunda
fəaliyyət göstərən 143 nömrəli tam orta məktəbin altıncı
sinfinə qəbul olub, təhsilini rus dilində davam etdirib.
O, hazırda həmin məktəbin X Ra sinfində oxuyur. Ümid 11
yaşından Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində
idmanın boks növü ilə məşğul olur. Artıq dörd ildən
çoxdur ki, burada ona əməkdar məşqçi Yadigar Məmmədov
boksun sirlərini öyrədir.
Qələbəyə gedən yol məşqlərdən başlayır
Bu
danılmaz bir həqiqətdir ki, hər bir idmançı qələbə əldə
etmək üçün yorulmadan, usanmadan məşq etməlidir. Yalnız
bundan sonra o özünü qüdrətli, cəsarətli hesab edə və
rəqiblə mübarizəyə başlaya bilər. Elə mütəxəssislər də
uzun illər böyük idmançıların yarışlarda iştirakını
təkcə təbii güc və sağlamlıqla deyil, həm də gərgin məşq
etmələri ilə əlaqələndirirlər. Ümid Rüstəmov da gərgin
məşqlərdən sonra 2012-ci il avqustun 30-da Hövsan
Olimpiya Kompleksində boks üzrə keçirilən respublika
yarışında I yeri tutub. Ötən il isə Lənkəranda Cənub
regionları üzrə keçirilən boks yarışında I olub. Bu
uğurları onu respublikadan kənarda keçirilən yarışlarda
iştirak etməyə ruhlandırıb.
Anapadan gələn şad xəbər
2012-ci il oktyabrın 1-dən 6-a kimi Rusiyanın Anapa
şəhərində boks üzrə məktəblilərin Avropa çempionatı
keçirilib. Yarışda 25 ölkə üzrə 200-ə qədər boksçu
mübarizə aparıb. Yarışlarda müxtəlif çəki dərəcəsində
qüvvəsini sınayan 13 boksçumuzdan 5-i medal qazanıb.
Anapadan gələn bu şad xəbəri təhsil naziri Misir
Mərdanov bu günlərdə Təhsil Nazirliyində keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclasında
bildirib. Sonra nazir qeyd edib ki, həmin qaliblərdən
biri Bakının Binəqədi rayonundakı 143 nömrəli məktəbin X
sinif şagirdi Ümid Rüstəmovdur. Ümid 44,5 kiloqram çəki
dərəcəsində mübarizə aparıb. Birinci yerə çıxıb.
Yarımfinalda erməni təmsilçisini udub. Finalda isə
Gürcüstanı təmsil edən erməniyə qalib gəlib. Doğrudan da
bu çox sevindirici və əlamətdar hadisədir, - deyən nazir
sonra bildirib ki, gümüş medalların sahibi Ağcabədi
rayonunun 11 nömrəli tam orta məktəbinin IX sinif
şagirdi Pərviz Quliyev və Bakı şəhərindəki Binəqədi
rayonunun 83 nömrəli məktəb-liseyin IX sinif şagirdi
Hacı Dilbazov olub. Bürünc medalları isə Gəncə
şəhərindəki 28 nömrəli tam orta məktəbin IX sinif
şagirdi Malik Həsənov və Bakının Sabunçu rayonundakı 309
nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məhəmməd
Abdullayev qazanıblar. Bu yarışlarda çıxış edən yığmamız
nəticə etibarı ilə Rusiya və İrlandiya komandalarından
sonra 3-cü yeri tutub.
Bu təqdimatdan sonra Təhsil Nazirliyinə dəvət olunmuş
qalib boksçularımıza təhsil naziri qiymətli hədiyyələr
təqdim edib, onlara gələcək yarışlarda daha böyük
uğurlar arzulayıb.
"Ümid bütün ümidlərimizi doğrultdu"
Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi
Mərkəzinin direktoru, Azərbaycan Respublikası bədən
tərbiyəsi və idman xadimi, əməkdar məşqçi Niftalı
Quliyevlə söhbət zamanı bildirdi ki, bu yarışın
əvvəlki yarışlardan fərqi ondadır ki, burada iştirak
edən ölkələrin və idmançıların sayı çox idi. Yarış
yüksək səviyyədə təşkil olunmuşdur. Burada Rusiya,
İrlandiya, Almaniya, İngiltərə, Xorvatiya kimi ölkələrin
güclü idmançıları var idi. Komandanın rəhbəri kimi onu
deyə bilərəm ki, bizim idmançıların hamısı yüksək
ustalıq və peşəkarlıq nümayiş etdirdilər. Komandamız
ümumi hesabda III yeri tutdu. 5 medal əldə olundu.
Yüksək ustalıq nümayiş etdirən və qızıl medalı ölkəmizə
qazandıran idmançımız Ümid Rüstəmov oldu. O, boksun
incəliklərini tam mənimsəmiş bir boksçu kimi ustalıqla
rəqiblərini məğlub etdi. Ümidin ən maraqlı döyüşü erməni
idmançısı ilə oldu. O, erməni idmançısına aman vermədi.
Yüksək xal fərqi ilə qələbə qazandı.
Ümid erməni ilə döyüşəndə sanki onların xalqımızın
başına gətirdiyi müsibətləri gözünün qabağına gətirirdi.
Yumruqlarında, dəqiq zərbələrində nifrət və kin vardı.
Yarışın təşkil olunduğu Anapa şəhərində təxminən 70 faiz
ermənilər yaşayır. Çempionat keçirilən zalda ermənilər
üstünlük təşkil edirdi. Ümid erməni idmançısını udduqdan
sonra zaldakı ermənilərin sayı getdikcə azalmağa
başladı. Onlar tədricən zalı tərk etdilər. Beləliklə də
Ümid bütün ümidlərimizi doğrultdu. Biz onunla fəxr
edirik.
"Erməni rəqibim ağlaya-ağlaya getdi"
Anapa şəhərində keçirilən bu möhtəşəm yarışda mənim
birinci rəqibim İrlandiya boksçusu oldu. Onu 7:3 hesabı
ilə məğlub etdim. Yarımfinal döyüşünə hazırlaşdığım
zaman məşqçim Yadigar müəllim mənə yaxınlaşıb bildirdi
ki, Ümid, rəqibin ermənidir ha! Bir anlıq xəyala daldım,
əslən laçınlı olduğumu xatırladım. İşğal olunmuş
Laçınım, Şuşam, Ağdamım, bütün Qarabağım, bir milyondan
çox qaçqınımız, köçkünümüz gözlərim önündə canlandı.
İntiqam hissi sanki mənə güc verdi...
Nəhayət, yarış başlandı. Oyunu 5 hakim izləyirdi. Hər
bir zərbə son dərəcə dəqiqliklə hesaba alınırdı. Bütün
qüvvəmi səfərbər etmişdim. Çox gərgin döyüş gedirdi.
Beləliklə, birinci raundu 2:0, ikinci raundu 5:1, üçüncü
raundu isə 10:2 hesabı ilə uddum. Milli komandamızın
üzvləri sevincdən məni göyə atıb-tuturdular. Erməni
rəqibim Antonyan isə qarnını tutub ağlaya-ağlaya meydanı
tərk etdi.
"Final oyununda da erməniyə qalib gəldim"
Yarışın final mərhələsində əslində Gürcüstan boksçusu
ilə döyüşməli idim. Sonradan məlum oldu ki, David
Petrosyan adlı bu idmançı da erməni əsillidir.
Gürcüstanı təmsil edir.
Oyunun birinci raundunu 2:1, ikinci raundunu 5:1, üçüncü
raundu isə 7:2 hesabı ilə başa çatdırdım. Beləcə ikinci
ermənini də məğlub edib qalib oldum.
Mükafatlandırılma mərasimində kürsünün ən yüksək
pilləsinə qalxdım. Əvvəlcə 2-ci və 3-cü yerləri tutmuş
boksçulara medallar təqdim olundu. Sonda isə qızıl
medalı mənim boynumdan asdılar. Dövlət himnimiz
səsləndi. Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Hamı
ayağa qalxdı. Onların arasında ermənilər də var idi.
Söhbətimizin sonunda biz də Ümid Rüstəmova gələcək
yarışlarda daha böyük idman nailiyyətləri diləyib
ayrıldıq. |