"Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda
duran vəzifələr» mövzusunda Azərbaycan Respublikası
Təhsil Nazirliyində keçirilən müşavirədə səslənən
məsələlərə və kurikulum üzrə oktyabr ayı ərzində Bakı
Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin V
siniflərində keçirilən "açıq dərs"lər ətrafında
müzakirələrə həsr olunmuş növbədənkənar pedaqoji şura
iclasına həm də təlimçi müəllimlər, dərslik müəllifləri,
pedaqoq alimlər və yaradıcı müəllimlər dəvət
olunmuşdular.
Pedaqoji şura iclasında kompleksin direktoru T.Cəfərov
məktəbdaxili qiymətləndirmənin yeni modeli, diaqnostik,
summativ və formativ qiymətləndirmə üsulları və
vasitələri haqqında təhsil naziri Misir Mərdanovun,
Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə
Hacıyevanın, digər çıxışçıların müşavirədə
səsləndirdikləri fikirləri iştirakçıların nəzərinə
çatdırdı və geniş müzakirəyə imkan yaratdı. Məktəbdaxili
qiymətləndirmənin elmi-nəzəri əsaslarına, müasir
şəraitdə səmərəliliyinə və I-V siniflərlə yanaşı ənənəvi
qiymətləndirmə tətbiq olunmaqda davam edən VI-XI
siniflərdə tədris prosesinə, şagird nailiyyətlərinin
qiymətləndirilməsinə yeni yanaşmanın vacibliyinə
toxunuldu. VI-XI siniflərdə məktəbdaxili qiymətləndirmə
ilə bağlı yeni meyarlar sistemi təklif olundu ki, bunun
da ayrı-ayrı fənn metodbirləşmələrinin və kafedraların,
Şagird parlamentinin, valideyn komitələrinin
müzakirəsindən sonra yenidən pedaqoji şuranın
müzakirəsinə veriləcəyi vurğulandı.
Oktyabrın ilk həftəsindən başlayaraq kompleksdə
kurikulum üzrə təşkil edilən "açıq dərs"lər ətrafında
müzakirələr aparıldı. Dərslərə dəvət olunmuş yaradıcı
müəllimlərin, dərslik müəlliflərinin və metodist
alimlərin gəldikləri qənaət bu oldu ki, kompleksin
müəllimləri ayrı-ayrı fənlər üzrə kurikulum
proqramlarının qoyduğu vəzifələri yerinə yetirməyi,
dərslik və müəllim üçün vəsaitlə işləməyi bacarır, lakin
formativ qiymətləndirmə ilə bağlı məktəb sənədlərinin
doldurulmasında və qiymətləndirilmənin vaxtında
aparılmasında ciddi çətinlik çəkirlər, dərslərdə qoyulan
tədqiqat suallarına yekunlaşdırma zamanı şagirdlərin
cavab tapmasına şərait yaradılmır. Yaradıcı tətbiqetmə
vərdiş, bilik və bacarıqların praktik tətbiqindən çox ev
tapşırığı kimi anlaşılır.
Pedaqoji şura iclasında həm də "Kurikulum" jurnalının
son nömrəsində gedən ayrı-ayrı məqalələrə, dərs
nümunələrinə münasibət bildirildi, kompleksdə tədris
olunan "Məntiq" fənni üzrə dərs vəsaitinin II hissəsi
müzakirə edildi və çapa tövsiyə ilə bağlı Təhsil
Nazirliyinə müraciət barədə qərar qəbul olundu.
Yeganə MƏMMƏDOVA,
BSU Məktəb-Lisey Kompleksinin tədris
işləri üzrə direktor müavini |