İngilis dili öz mükəmməl tərkibi ilə dil
kommunikasiyasının yaranmasında mühüm rol oynaya biləcək
bir dildir. Ümumdünya kütləvi informasiya vasitələrinin
dünyaya çatdırılmasında ingilis dilinin rolu əvəzsizdir.
Bu dilin dünyanın bir çox ölkələrində ikinci dil kimi,
qəbul olunması təsadüfi deyil. Məhz buna görə də ingilis
dili fənni bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da
tədris olunur.
Xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya
çıxaraq öz xalqının milli mənəvi dəyərlərini, qazandığı
nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə
fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edir.
Xarici dil vasitəsilə müxtəlif xalqlarla ünsiyyət, yeni
mədəniyyətlərlə tanışlıq şagirdin yüksək səviyyəli
layiqli vətəndaş, yaradıcı və tənqidi düşünən şəxsiyyət
kimi yetişməsində mühüm rol oynayır.
İngilis dilinin lüğət tərkibi olduqca zəngindir. Bu
rəngarəngliyi şagirdlərə çatdırmaq üçün müxtəlif təlim
metodlarından, resurslardan məqsədəuyğun şəkildə
istifadə müəllim üçün əsas köməkçi vasitəyə çevrilir.
Bu dildə mövcud olan sözlər sadə, düzəltmə və mürəkkəb
sözlərə ayrılır. Mürəkkəb sözlər dildə sərbəst şəkildə
mövcud olsa, ən azı iki kökdən ibarət olan sözlərdir.
İngilis dilindəki mürəkkəb sözlərin digər dillərdə
mövcud olan mürəkkəb sözlərdən fərqli iki mühüm
xüsusiyyəti var. Birincisi, mürəkkəb sözləri təşkil edən
komponentlər sərbəst formalardır. Belə ki, onlar
özlərinin mənaları ilə müxtəlif şəkildə işlənə bilərlər.
İkinci xüsusiyyət isə ingilis dilində ən çox iki kökdən
ibarət olan mürəkkəb sözlərin üstünlük təşkil etməsidir.
Məsələn: motherlan, mankind, schoolboy və s.
Lakin ingilis dilində müstəsnalıq təşkil edən mürəkkəb
sözlər də var. Məsələn, Mother-in-law, deaf-and-dumb və
s. Bu cür sözlərin yazılışı, tələffüzü, tərkib hissələri
arasındakı əlaqənin öyrədilməsi sözün bütöv leksik vahid
kimi anlaşılmasına kömək edir. Həmçinin bu cür sözlərin
komponentləri arasında əlaqə vasitələrinin şagirdlərə
düzgün tədris edilməsi vacibdir. Mürəkkəb sözlər
mürəkkəblik quruluşuna və birləşdirici elementinə görə
müxtəlif növlərə ayrıla bilər:
1) Ən çox üstünlük təşkil edən heç bir birləşdiri
elementin olmadığı mürəkkəb sözlər. Məsələn,
heartache-isim, heartbreaking-sifət, heart-beat-isim.
2) Sait və samitlərin birləşdirici olduğu mürəkkəb
sözlər isə çox azdır. Məsələn, speedometer, statesman,
handicraft.
3) Sözönləri və kök şəkilçiləri vasitəsilə yaranan
mürəkkəb söz.
Məsələn, up-to-up, forget-me-not, son-in-law.
Quruluşuna görə mürəkkəb sözlər aşağıdakı qruplara
bölünür:
1) Yalnız sadə kökdən ibarət olan mürəkkəb sözlər:
film-star.
2) İki elementindən ən azı birinin düzəltmə söz olduğu
mürəkkəb sözlər: chain-smoker.
3) Elementlərindən biri mürəkkəb sözdən ibarət olanlar:
wastepaper-basket.
Mürəkkəb sözlərin tədrisi zamanı digər dillərə, məsələn,
Azərbaycan dilinə, rus dilinə inteqrasiya etmək olar.
Məsələn, digər dildə mürəkkəb sözlər, onların yaranması,
yazılışı qaydaları ilə müqayisəli şəkildə izah oluna
bilər.
Mürəkkəb isimlər
ingilis dilində olduqca geniş yayılıb. Mürəkkəb isim
kimi sunbeam sözünü götürək. Burada bir isim digər
isimlə birgə yeni isim əmələ gətirib. Bu ən məhsuldar
növdür və buna saysız-hesabsız misal göstərmək olar.
"Maidservant" sözü də iki isimdən yaranıb. Lakin burada
münasibət tamamilə başqa cürdür. Burada birinci element
əhatə dairəsini məhdudlaşdırdığı halda, II element daha
geniş əhatə dairəsinə malikdir.
Mürəkkəb fellər.
Bəzi alimlər bu məsələ ilə razılaşmır. Müasir ingilis
dilində outgrow, overflow, stand up kimi feli
birləşmələr çox hallarda mürəkkəb fel adlandırılır.
İngilis dilinin tarixi inkişafı boyu mövcud olan bu cür
nümunələr olduqca çoxdur. H.Macand "outgrow" və
"overflow" sözlərini sözsüz olaraq mürəkkəb fel kimi
qəbul edir və eyni zamanda bu növü qeyri-məhsuldar
adlandırır.
Mürəkkəb sifətlər
bəzən sərbəst birləşmələrə olduqca uyğun gəlir. Məsələn,
"thread bare" isim və sifətdən ibarət olub mürəkkəb
sifət əmələ gətirib. Bu söz "bare to the thread" sözünə
olduqca yaxındır. İngilis dilində struktur baxımından
sifət və feli sifətdən ibarət olan mürəkkəb sifətlər də
geniş yayılıb. Məsələn, good-looking, smelling sözləri
ayrı-ayrı sifət ola bilmirlər.
Bu gün geniş aktuallıq kəsb edən xarici dil kurikulumu
şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri
üçün maraq doğuran konseptual bir sənəd olub xarici dil
təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün
bütün fəaliyyətləri əhatə edir. Bu sənədin prinsiplərinə
əsasən mürəkkəb sözlərin tədrisini 1.1.2.; 3.1.1.
standartları vasitəsilə reallaşdırmaq mümkündür. Şagird
oxuduğu və ya eşitdiyi mətndə tanış olduğu yeni sözləri
seçir, quruluşlarına görə qruplaşdırır. Mürəkkəb
sözləri müəyyənləşdirir. Onların hansı nitq hissəsinə
aid olması, yaranma yolları, komponentləri və onlar
arasında əlaqə elementlərini müəyyən edir. Növbəti
mərhələ 4.1.1. standartını reallaşdırmaq yolu ilə
mürəkkəb sözlərlə bağlı bilik və bacarıqlarını
möhkəmlədir. Mürəkkəb sözləri məna və qrammatik
cəhətdən əlaqələndirir, cümlələr qurur. Bu zaman
müəllim müxtəlif tapşırıqlar (şifahi və yazılı təqdimat,
test tapşırıqları, fərdi layihələr, praktiki
tapşırıqlar, inşa, imla, esse və s.yazmaq yolu ilə) verə
bilər. Dərsin bütün mərhələlərində şagirdin bilik və
bacarıqları qiymətləndirilir. Müəllim məqsədinə uyğun
olaraq standartlara və təlim nəticələrinə əsaslanan
meyarların təsvir olunduğu cədvəldə qeydlər aparır.
Xarici dil kurikulumunun əsas xüsusiyyətlərindən biri də
sözlərin tərcüməsinin birbaşa verilməsi yox, məhz
kontekst daxilində verilməsidir. Yəni sözün məhz həmin
dildə açıqlaması tələb olunur. Şagirdin yeni sözə
yiyələnməsi məhz fəaliyyət prosesində baş verir.
Mürəkkəb sözlərin də mətn daxilində öyrənilməsi həmin
sözlərin struktur - semantik xüsusiyyətlərinin daha
yaxşı qavranılmasında mühüm rol oynayır.
Nabat ƏYYUBOVA,
Bakıdakı 42 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi |