Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

"Səmərəli məktəb" modelində müəllim peşəkarlığının inkişafı yolları

 

Dünya Bankı və Təhsil Nazirliyinin birgə "Səmərəli məktəb" layihəsi öz fəaliyyətini  başa vurmaq üzrədir. Layihənin icraçısı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 2 il ərzində ölkənin müxtəlif bölgələrində yerləşən 12 məktəblə birgə işi 6 əsas komponent üzrə aparırdı. Fəaliyyət istiqamətlərimizin ən əsası məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi idi. Əsas diqqətin bu məqama verilməsinin səbəbini aydınlaşdırmağa lüzum yoxdur. Çünki müəllimin məktəbdə əsas sima olması şübhəsizdir. Ölkə təhsil sisteminin inkişafı üçün növbəti 10 il müddətinə  müəyyən olunan hədəflər arasında müəllim peşəkarlığının yüksəldilməsi məsələsinə xüsusi yer verilməsi də müəllimin məktəbdə oynadığı müstəsna roldan irəli gəlir.  

Nədənsə şüurlarda belə bir stereotip dolaşır ki, peşəkarlığın inkişafı ancaq ixtisasartırma kurslarında baş verir. Əslində isə bu, davamlı və sonu olmayan bir prosesdir. Peşəkarlığın artırılması birbaşa işin səmərəsinin artırılması deməkdir. Aydındır ki, peşəkarlıq nə qədər yüksək olsa, müəllim təlim nəticələrinə bir o qədər asanlıqla və tez çatar.

Bəs bu gün müəllimin peşəkarlıq səviyyəsinə hansı tələblər verilir? Azərbaycan reallığında "yaxşı müəllim" deyəndə kimlər nəzərdə tutulur? Müəllimi stereotip "yaxşı müəllim" müstəvisindən  adekvat "peşəkar  müəllim" müstəvisinə qaldırmaq üçün  bu gün hansı addımlar atılmalıdır? Burada hansı daxili və xarici inkişaf faktorları müəllimə dəstək verə bilər? Layihə üzərində iş zamanı bizi düşündürən və cavab axtarmağa sövq edən əsas suallar bunlar idi.

Pilot məktəblərimizdə müəllim fəaliyyəti ilə bağlı ilkin monitorinq zamanı bir sıra məqamlara diqqət yetirdik. Müəllim portfoliosunu öyrənmək üçün müəllimlərin meyarlar üzrə qiymətləndirilməsi adlı sənədi məktəblərə elektron formatda təqdim edib hər bir müəllim tərəfindən formadakı sualların cavablandırılmasını  xahiş etdik. 22 bənddən ibarət olan sənəddə müəllimin formal təhsil səviyyəsi, pedaqoji stajı ilə bərabər  onun müxtəlif təlimlərdə, yerli və beynəlxalq peşəkar müsabiqələrdə iştirakı, dərslik, məqalə müəllifliyi və s. haqda  suallar var idi. Məktəblərdən alınan əks-səda göstərdi ki, müəllimlər peşəkarlığın qiymətləndirmə meyarları ilə tanış olarkən inkişafa aparan yolları da daha aydın görməyə başladılar.  Müəllimlərin meyarlarla qiymətləndirmə sənədinin bir qədər formal xarakter daşıdığını və ideal olmadığını qəbul edirik. Amma hər halda bu forma da müəyyən yol xəritəsi ola bilər.

Müəllim peşəkarlığını qiymətləndirmək üçün ikinci və daha real vasitə dərsdinləmələri oldu. Hər məktəbdə bir neçə müəllimin dərsini dinləyən metodistlərimiz belə bir təkliflə çıxış etdilər ki, məktəblərin, ələlxüsus ümumi orta təhsil səviyyəsində işləyən fənn müəllimləri üçün fəal təlim üsulları mövzusunda silsilə təlimlər keçmək, təlimlərdən sonrakı dövrdə məktəblərdə yenidən dərsdinləmələri keçirmək və nəticələri məktəb metodbirləşmələrində təhlil və müzakirə etmək vacibdir. Xüsusi hazırlanmış dərsdinləmə vərəqləri də konstruktiv müzakirəyə və təhlilə istiqamət vermək məqsədi daşıyır.

2012-ci ilin yanvarında layihəyə cəlb olunmuş məktəblərin müəllimləri arasında elan olunan müsabiqə də fəal və peşəkar müəllimləri aşkar edib qiymətləndirmək məqsədi daşıyırdı. Müsabiqənin şərtlərinə görə müəllimlər dərs nümunəsi və "Mənim qabaqcıl təcrübəm məktəbimin inkişafına necə təsir edir" mövzusunda pedaqoji esse təqdim etməli idilər. 2 nəfər qalib Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 2012-ci ilin mart ayında keçirilən beynəlxalq "Lider müəllimlər" konfransında iştirak etmək hüququ qazanacaqdı. Əvvəla onu deyək ki, müsabiqənın mükafatı kifayət qədər cəlbedici olsa da, maraq göstərib, müraciət edənlərin sayı gözlədiyimizdən qat-qat az oldu. İkinci tərəfdən isə müsabiqəyə göndərilmiş dərslərin heç biri fəal təlim fəlsəfəsinə uyğun deyildi. Nəticədə müsabiqə qalibsiz qaldı. Bizim qarşımızda isə böyük bir sual durdu: müəllimlərə fəal dərs fəlsəfəsini olduğu kimi çatdırmaq və bu cür dərslərə üstünlük verməyə təhrik etmək üçün hansı vasitələrə əl atmaq lazımdır? Aydın oldu ki, 2-3 günlük yaxşı təşkil olunmuş seminar işin ancaq başlanğıcıdır. Sonrakı mərhələdə qarşılıqlı dərsdinləmələri, "açıq dərs"lər, ustad dərsləri öz işini görməlidir. Pedaqoji mətbuatda dərc olunan elmi-nəzəri və metodik məqalələr,  nümunəvi dərs icmalları ilə mütəmadi tanışlıq təlimlərdə alınmış bilik və bacarıqların dərinləşməsinə və genişlənməsinə kömək edir. Əfsus ki, Azərbaycan dilində fəaliyyət göstərən İnternet səhifələrində maraqlı dərs icmalları yox dərəcəsindədir. Orada yerləşdirilmiş dərslərin isə konstruktiv müzakirəsi təşkil olunmur. Odur ki, müəllimlərimizin peşəkar inkişafı üçün İnternet hələ də qapalı resurs kimi qalmaqdadır.

Məktəbdə peşəkar inkişafa dəstək ola biləcək başqa bir vasitə elmi-nəzəri, pedaqoji, metodik və s.  məsələlərə həsr olunmuş "dəyirmi masa"ların təşkilidir. Layihə çərçivəsində hər bir məktəbdə "XXI əsrdə təhsilin keyfiyyət konsepsiyası" mövzusunda "dəyirmi masa" təşkil edildi. "Dəyirmi masa"da MTTYM-nin məsləhətçilərinin təqdim etdikləri müzakirə sualları müəllim auditoriyasında qızğın müzakirələrə səbəb oldu. Reflektiv müəllim fəaliyyəti adlanan məfhumun aydınlaşdırılması və onun özəllikləri haqda söhbət müsbət əks-səda doğurdu. Müəllimlərin çıxışlarında səslənən fikirlərin moderatorlarımız tərəfindən ustalıqla elmi-pedaqoji yanaşmalar müstəvisinə keçirməsi də öz rolunu oynadı. İştirakçılardan biri çıxışında belə dedi: "Biz təklif edilən işlərin bir hissəsini  əvvəllər də görürdük, amma bu işi niyə gördüyümüzü aydın təsəvvür etmədən, fəaliyyətin psixoloji mexanizmlərini anlamadan edirdik.  Bu səbəbdən də beynimizdə bir sistem yox idi, fəaliyyətin də elmi ədəbiyyatdakı ətraflı  təsvirindən və adından xəbərdar deyildik. İndi nəzəri biliklərlə silahlandıqdan sonra hər bir fəaliyyət növünün özəlliklərini tam anlayaraq və konkret nəticəyə istiqamətlənərək hərəkət edəcəyik. Fikirləşirəm ki, indi şagirdlər daha yaxşı qavrayacaq, biz isə müəllim kimi fəaliyyətin təşkilinə əvvəlki qədər həddən ziyadə enerji sərf etməyəcəyik".

"Dəyirmi masa"ların təşkili məktəblər üçün bir nümunə idi. Pedaqoji prosesə yeni yanaşmalar haqqında mütəmadi təqdimatlar hazırlamaq, "dəyirmi masa"lar təşkil etmək məktəb metodbirləşmələrinin işinin zəruri hissəsinə çevrilməlidir. Bu işi həm məktəbin daxili imkanları hesabına, həm də kənardan mütəxəssislər dəvət etməklə həyata keçirmək olar. Əsas olan davamlılıq və müzakirəyə çıxarılan problemlərin aktuallığıdır. Burada moderatorun səriştəsi də vacib amildir.

Cəmiyyət hər zaman məktəb və müəllim qarşısında böyük tələblər qoymuşdur. Bu gün də həmin tələblər kifayət qədər yüksəkdir, amma məzmun etibarı ilə bir qədər başqadır.

Bütün bunlara nəzərən deyə bilərik ki, müasir dünyada müəllimin peşəkar inkişafı aşağıdakı istiqamətlərdə gedir:

- nəzəri-elmi biliklərin (fənn üzrə) inkişafı;

- metodiki biliklərin müasir tələblərə uyğunlaşdırılması;

- İKT-dən istifadə bacarıqlarının formalaşdırılması;

- pedaqoji və psixoloji yanaşma bilik və bacarıqları;

- sosial vərdişlərin inkişafı;

- iki və daha çox xarici dildə ünsiyyət bacarıqları;

- menecment bilik və bacarıqları;

- zəruri ümumi biliklər.

Araşdırmalar göstərir ki, yuxarıda sadaladığımız istiqamətlərdən ancaq ikisinə son illər  xüsusi diqqət yetirilir: metodik biliklərin müasir tələblərə uyğunlaşdırılması və təlimdə İKT-dən istifadə bacarıqlarının formalaşdırılması. Ölkədə gedən təhsil islahatı da məhz bu iki istiqaməti prioritet kimi qəbul edir.

Məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri vaxtaşırı öz sahələri üzrə elmi-nəzəri biliklərin və problemlərin müzakirəsini (müxtəlif formalarda) təşkil etsələr, onların işi daha canlı və faydalı olar. Məsələn, məktəblərə ölkədə fəaliyyət göstərən müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşlarını, alimləri dəvət etmək, onların  ustad dərslərini təşkil etmək maraqlı olardı. Daim inkişafda olan təbiət elmlərini tədris edən müəllimlər üçün bu iş forması hava və su kimi lazımdır.

Xüsusi pedaqoji və psixoloji bilik və bacarıqların hər bir müəllimdə formalaşması və inkişafı məsələsinə qayğı məktəbdə şagirdlər, valideynlər və əməkdaşlarla səmərəli iş birliyi və sağlam mühit yaratmağa xidmət edər. Məktəb psixoloqu bu sahədə müxtəlif mövzulu təlim və seminarların  moderatoru olmaqla bərabər təcrübəli psixoloq, pedaqoq və konfliktoloqları da əməkdaşlığa dəvət edə bilər. Bu cür təlim və seminarların mövzu dairəsi kifayət qədər genişdir: "İnsan temperamentləri", "İntrovert və ekstravert uşaqların təlim xüsusiyyətləri", "Uşaqlarla ünsiyyət və əməkdaşlığın xüsusiyyətləri", "Valideyn-müəllim münasibətləri", "Q.Qardnerin çoxşaxəli intellekt nəzəriyyəsi və onun təlimdə rolu", "Qızlar və oğlanlarla işin təşkili xüsusiyyətləri",  "Kollektivdə əməkdaşlıq",  "Şəxsi inkişaf", "Münaqişə və onun konstruktiv həlli yolları" və s.  

Məktəb şagirdlərdə sosial vərdişlərin inkişafı üçün cavabdehdir. Bu işi keyfiyyətlə həyata keçirmək üçün öyrənən icma kimi görmək istədiyimiz məktəb əvvəl müəllimlərdə bu vərdişləri müasir tələblər səviyyəsində qurmağa çalışmalıdır. Ən yaxşı halda əgər müəllimlər yüksək dərəcədə inkişaf etmiş sosial vərdişlər nümayiş etdirirsə belə, məktəbin başqa işçiləri öz səriştəsizlikləri ilə ümumi mənzərəni korlayırlar. Sosial vərdişlər dedikdə, cəmiyyətdə yaşamaq və uğur qazanmaq üçün hər birimizə lazım olan səlis, qısa və məntiqli  danışıq, diqqətli dinləyici olmaq, qarşılıqlı anlaşma mühiti yaratmaq və onu qoruyub saxlamaq,  əməkdaşlıq və s. vərdişləri nəzərdə tuturuq. Elmi araşdırmalar göstərir ki, davamlı və sistemli yanaşma ilə bu vərdişləri tərbiyə və inkişaf etdirmək o qədər də çətin deyil.

Müəllim peşəsinə yiyələnən gənclər xarici dil öyrənməkdə maraqlı olmalıdırlar. Onlar xarici dil bilməyin peşəkarlığın inkişafına birbaşa təkan olduğunu qəbul etməlidirlər. Düşünürük ki, məktəb daxili imkanları hesabına fənn müəllimlərinin xarici dil biliklərini inkişaf etdirə bilər. Bu isə çox lazımlı elmi və metodiki ədəbiyyata birbaşa çıxış deməkdir.

Müəllim təlim prosesinin fasilitatoru olmaqla bərabər, həm də menecerdir. 6-17 yaşlı çox fərqli və dinamik insanlardan ibarət olan sinif kollektivini idarə etmək və yönəltmək də xüsusi səriştə tələb edir. Müəllimlərin iş başında bu bacarıqlara yiyələnəcəklərinə əmin olub, onları müvafiq nəzəri-praktiki dəstəksiz  qoymaq, zənnimizcə, düzgün deyil. Vaxtaşırı müəllimlərdə menecer bacarıq və vərdişləri inkişaf etdirən təlimlər təşkil etmək səmərəli olar.

 Qeyd etmək lazımdır ki, peşəkar inkişaf fərdi, qrup, məktəbdaxili və məktəblərarası fəaliyyət formalarında özünü büruzə verə bilər. "Səmərəli məktəb" layihəsi olaraq biz məktəbdaxili və məktəblərarası fəaliyyət formalarını dəstəkləyirik. Çünki fərdi peşəkar inkişaf  hərdən subyektiv səbəblərdən (nəzarətsizlik, lənglik, bu günün işini sabaha qoymaq yanaşması və s. üzündən) ləngiyə bilər. Digər tərəfdən, məktəbdə bir və ya bir neçə nəfərin fərdi peşəkar inkişafı bütün məktəbin səmərəliliyinin artmasına az təsir edir. Məktəbdaxili və məktəblərarası peşəkar inkişaf isə daha sistemli və nəzarət oluna bilən bir yanaşmadır və burada məktəb icmasının hər bir üzvü faydalanır.

Sonda davamlı peşəkar inkişafda olan müəllimin hansı dəyərlər və yanaşmalar sərgilədiyini sadalamaq istərdik:

- müəllimdə təfəkkür tərzi dəyişir və peşə ilə əlaqədar müəyyən davranış modelləri formalaşır;

- müəllim öz təcrübəsinə tənqidi münasibət bəsləməyə, işinə və şəxsi inkişafına məsuliyyətlə yanaşmağa başlayır;

- müəllim təlimlə bağlı qeyri-standart vəziyyətlərdə necə qərar qəbul etməyi öyrənir;

- özünü bir müəllim kimi kəşf edir və bununla bağlı şəxsi və peşə keyfiyyətlərini inkişaf etdirir;

- "yaxşı müəllim" olmağa çalışır və özündə etik normalara əsaslanan davranış tərzi formalaşdırır;

- şagirdlərə qarşı məsuliyyət hissini artırır;

- başqalarını peşəkarlığa həvəsləndirir və özündə ictimai yönümdə peşəkarlıq  nümayiş etdirir;

- bir müəllim-tədqiqatçı kimi formalaşır.

Müəllimlərin peşəkar inkişafına verdiyimiz önəm belə bir inamdan irəli gəlir ki, peşəkar müəllimlərin işlədiyi məktəb başqa parametrlər üzrə də səmərəli olmağa "məhkumdur". 

Vəfa YAQUBLU,
"Səmərəli məktəb"  layihəsinin əlaqələndiricisi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov