Ana dili ibtidai siniflərdə təlim fənlərinin əsasıdır.
Şagirdlər ana dilinə yiyələnmədən, onun incəliklərinə
bələd olmadan digər fənlər üzrə proqram materiallarını
müvəffəqiyyətlə mənimsəyə bilməzlər. Ana dili xarakteri
etibarilə inteqrativ fəndir. Bu fənn lap başlanğıcından
botanika, zoologiya, anatomiya, coğrafiya, fizika,
kimya, tarix və digər fənlərin elementlərini özündə əks
edir.
Hər
bir tədris fənni praktik şəkildə startı ana dili
fənnindən götürür. Şagirdlərdə nitq mədəniyyətinin
formalaşdırılmasında Ana dili fənni aparıcı mövqe tutur.
Ana dili fənninin məzmunu dinləyib - anlama və danışma,
oxu, yazı, dil qaydaları məzmun xətlərindən ibarətdir.
Hər bir məzmun xətti üçün ayrı-ayrı məzmun standartları
müəyyən edilmişdir. Müasir dərslikdəki materiallar da bu
məzmun xətlərini əhatə edir.
Əvvəllər "Ana dili" dərsliyi 2 kitabdan ibarət idi:
"Oxu" və "Azərbaycan dili". İndi isə ibtidai siniflər
üçün fənn kurikulumu əsasında yazılan "Azərbaycan dili"
dərsliyi mövcuddur. "Azərbaycan dili" dərsliyi birinci
sinifdə savad təliminin başlanğıcı və əsasıdır.
"Azərbaycan dili" termini altında savad təlimi xüsusi
əhəmiyyət kəsb edir. Məhz təlimin bu mərhələsi uşağın
gözünü həyata açır. Bu dövrdə uşaq ilkin oxu və yazı
texnikasına yiyələnir, ilkin oxu və yazı vərdişləri
qazanır.
Adətən savad təlimi dilimizin əlifbasında olan 32 hərfi
tanımaq, onların köməyi ilə oxumağı və yazmağı öyrənmək
kimi başa düşülür. Bu dövrün başqa vəzifələri haqqında
ana dilinin tədrisinin başlıca prinsipinin nitq inkişafı
olmasından dəfələrlə yazılmasına baxmayaraq, həmin
yazıları oxuyan və oxumayanların əksəriyyəti, demək olar
ki, yuxarıda deyilən qənaətdədir. Yaddan çıxarırlar ki,
savad təliminə kommunikativ - idrak əsasında
baxılmalıdır. Savad təlimi dövründə ilkin oxu təlimi səs
təhlil - tərkib metodu ilə aparılır. Səs ayrılıqda
deyil, heca tərkibində təqdim olunduğundan bu metodu səs
- heca, təhlil - tərkib metodu da adlandırmaq olar.
Həmin metodun tətbiqini asanlaşdırmaq, oxu təliminin
əsasını möhkəm qoymaq məqsədilə əlifba təliminə hazırlıq
dövründə fonematik təhlilə geniş yer verilməlidir.
Nitqdən cümlənin götürülüb sözlərə ayrılması, cümlədə
sözlərin sayının və ardıcıllığının müəyyənləşdirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər həmin dövrdə sait
və samit haqqında ilkin anlayışlara yiyələnirlər.
Sözlərdə saitin asanlıqla uzanması, samitin isə
uzanmamasını dərk edirlər.
Savad təliminin birinci günündən oxu təlimi yazı təlimi
ilə paralel gedir. Yazı ləvazimatı ilə tanışlıq, qaməti
düzgün saxlamaq, partada düzgün əyləşmək, dəftəri düzgün
qoymaq, yazarkən qələmi düzgün tutmaq, barmaq və bilək
əzələlərini möhkəmləndirmək, yazının gigiyenasına
verilən tələblərə əməl etmək lazımdır. Savad təlimi yeni
sistemdə şərti və real olmaqla müxtəlif ünsiyyət
situasiyasından başlanır. Bu situasiya birinci sinif
şagirdlərinin kommunikativ nitq qabiliyyətinin inkişafı
üçün daha əlverişli şərait yaradır, dilin ən mühüm
ünsiyyət vasitəsi olaraq insanların fikri və mənəvi
fəaliyyətinin ən vacib aləti kimi dərk edilməsinə kömək
göstərir. Məhz ünsiyyət situasiyasında birincilər ilk
dəfə dil həqiqətlərini söz, cümlə və mətn vasitəsi ilə
dərk etməyə başlayırlar.
Güləndam QULİYEVA,
Bakıdakı 39 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |