Dərin elm, bilik və savada, geniş dünyagörüşə malik
intellektual vətəndaşların yetişdirilməsi zamanın
tələbidir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
də müasir dövrün tələbinə uyğun xeyli işlər görülür.
Azərbaycan təhsilinin inkişaf səviyyəsi getdikcə
yüksəlir. İndi təhsilimizin məzmununun milli və bəşəri
dəyərlər əsasında formalaşması, yeni pedaqoji
texnologiyaların mənimsənilməsi, pedaqoji prosesin
təhsil islahatı prinsipləri üzərində qurulması,
müəllimin peşəkarlığının artması, elmi-pedaqoji, metodik
ədəbiyyatların nəşri, tələbələrin, şagirdlərin
tədqiqatçılığının fəal və interaktiv təlim metodları ilə
tənzimlənməsi buna əyani sübutdur.
"Təhsil millətin gələcəyidir" söyləyən ümummilli lider
Heydər Əliyev daim təhsilə və təhsil işçilərinə böyük
diqqət və qayğı göstərmişdir. Ulu öndərin təşəbbüsü və
rəhbərliyi ilə həyata keçirilən təhsil sahəsindəki
islahatlar hazırda Prezident cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Milli təhsilimiz
məzmun baxımından yeniləşir, bu sahədə islahatlara
dövlət təminatı gündən-günə artır. Ölkəmizin bütün
bölgələrində olduğu kimi, Beyləqan rayonunda da
təhsilimiz inkişaf edir. Müxtəlif vəsaitlərin məktəblərə
pulsuz verilməsi, məktəblərin kompüterlə təminatı və
İnternet şəbəkəsinə qoşulması daha çox informasiya və
bilik əldə etməyimizə xidmət edir. Hər il Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələri Təhsil Nazirliyi tərəfindən uğurla
həyata keçirilir. Qalib məktəblər və müəllimlər
mükafatlandırılırlar. Bu gün Azərbaycanda gənclər
siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında
aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi,
humanitar, sosial tədbirlərin həyata keçirilməsində
mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində onlar cəmiyyətin
avanqard qüvvəsinə çevrilib. Biz müəllimlər təhsili
cəmiyyətin, vətəndaşın, təhsil alanın və ən əsası,
gənclərin tələbatına və ehtiyaclarına uyğun qurmalı,
onların şəxsiyyət kimi formalaşması üçün bütün
qüvvəmizi səfərbər etməliyik. Hər bir müəllim özünün
gündəlik fəaliyyətini düzgün qurmalıdır. Bunun üçün
məkanından asılı olmayaraq biz müəllimlər hər gün
öyrənməli və ən əsası öyrəndiklərimizi öyrətməyi
bacarmalıyıq. Mən bütün həmkarlarıma deyirəm: Gəlin
məktəbdə zamanın, mühitin, şagirdlərin psixomotor
tələbatına uyğun hərəkət edək. Bu yerdə Sədi Şirazinin
müəllimlə bağlı bir fikrini qeyd etmək istəyirəm: Bir
gün bir şah oğlunun təhsil alması üçün onun əlindən
tutub mədrəsəyə gətirir və gümüş lövhəyə qızıl hərflərlə
yazır: "Mən valideynlərimin nəvazişindən çox,
müəllimlərimin tələbinə borcluyam". Biz bu tələblərlə
yanaşı, məktəbdə şagirdlərlə psixoloji, fəlsəfi və s.
söhbətlər aparmaqla mükəmməl, intellektual şəxsiyyətin
yetişməsinə nail olmalıyıq. Bunu bizim cəmiyyətimizin,
dövlətimizin inkişaf strategiyası tələb edir.
Elvin ABBASOV,
Beyləqan rayonu,
akademik M.Mehdizadə adına 3 nömrəli
tam orta məktəbin coğrafiya müəllimi |